Həmrəylik gününü birlikdə qeyd etdilər


Baxıldı : 56

Tarix : 2019-12-27 16:55:09


Süfrələrə düzülmüş təamların çeşidi geniş və keyfiyyəti olduqca yüksək idi. Amma əsas şərt nə çeşid, nə də keyfiyyət deyildi. Diqqətçəkən məqam bu süfrələr arxasında əyləşmiş gənc insanların daxili sərbəstliyi və ürəklərini çulğalamış bayram əhvali-ruhiyyəsi idi. Söhbət dekabrın 26-da Bakı Biznes Mərkəzində Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ali məktəb tələbələri üçün təşkil etdiyi musiqili ədəbi gecədən gedir. Gecədə Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə qısa giriş sözü söylədi. Əvvəlcə AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin salamlarını və təbriklərini tədbir iştirakçılarına çatdırdı. Sonra həmrəylik gününün tarixi və əhəmiyyəti barədə məlumat verdi.

 

Dedi ki, bu əlamətdar gün üçün xalqımız ümummilli lider Heydər Əliyevə borcludur. O, bütün siyasi fəaliyyəti boyu təkcə vətəndə yaşayan azərbaycanlıların deyil, dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımızın təəssübünü çəkib. Onların milli mənsubiyyətini, mədəniyyətini qoruyub saxlamaq, soykökünü unutmamaları naminə böyük işlər görüb.

Onun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olduğu vaxtlarda - 1991-ci il dekabrın 16-da dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etməsi bu istiqamətdə atdığı növbəti, ən sanballı addım oldu. Ali Məclis bu barədə 6 bənddən ibarət qərar qəbul etdi. Qərarın 3-cü bəndində yazılırdı: “31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi və Birlik Günü kimi bütün Azərbaycan Respublikasında rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Ali Sovetinə təklif verilsin”. Təəssüf ki, bu təklif Bakıda əks-reaksiyaya səbəb oldu.

Lakin Ümummilli Lider xalqın təkidi ilə ikinci dəfə ölkə rəhbərliyinə gətirildikdən sonra həmin qərarın reallaşdırılması, icrası işinə başladı və onu uğurla həyata keçirdi. Xalqımızın həmrəyliyinin təmin edilməsi istiqamətində Ümummilli Liderin təməl siyasətini Respublika Prezidenti cənab İlham Əliyev novatorcasına davam etdirir. Təsadüfi deyil ki, artıq dünyanın 70 ölkəsində Azərbaycan diasporu fəaliyyət göstərir.

Mirzə müəllim tələbə-gənclərə həmkarlar ittifaqının göstərdiyi qayğıdan da söz açdı. Dedi ki, işimizin əsasında tələbələrin mükəmməl bilik qazanmasına, vətənpərvər vətəndaş kimi formalaşmasına, istirahətinin, əyləncəsinin təşkilinə və sağlam həyat tərzi yaşamasına yardımçı olmaq missiyası durur.

M.Cəfərzadə çıxışının sonunda bir daha tələbə-gəncləri qarşıdan gələn bayramlar münasibətilə təbrik etdi, onlara xoş arzularını bildirdi.

Sonra aparıcı - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbəsi Nərgiz Məmmədzadə sözü tələbə müğənnilərə verdi. Sonuncu Respublika muğam müsabiqəsinin iştirakçısı və mükafatçısı Rəvan Qarayev, tələbə yoldaşları Pərvanə Vəliyeva, Jalə Quliyeva və  Əflatun Piriyev gecə boyu gözəl ifaları ilə qonaqların ruhunu oxşadılar.

Gecənin maraqlı hissələrindən biri Şaxta baba və Qar qızın hay-küylü gəlişi oldu. Şaxta baba müsabiqə, viktorina keçirdi. Fərqlənən “balalarını” suvenirlərlə mükafatlandırdı.

20 ali məktəbin 120 tələbəsinin qatıldığı tədbir xoş əhvali-ruhiyyə ilə başa çatdı. Gecədə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü və Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Seymur Orucov da iştirak edirdi.