Həmrəylik vacib amil kimi vurğulandı


Baxıldı : 45

Tarix : 2019-11-29 18:53:33


Meşə və Tikinti İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə Moldovanın Kişinyov şəhərində əmək münasibətləri, işçilərin hüquqları, iş şəraiti ilə bağlı konfrans keçirilib. Tədbirin panel iclaslarından biri “LafargeHolcim” transmilli şirkətin şəbəkəsinə daxil olan müəssisələrə həsr edilmişdi.

İslasda mövcud problemlər, onların həlli yollarının müəyyən olunması və işçilərin sosial hüquqlarının müdafiəsinin artırılması ilə bağlı tələblər irəli sürüldü.

Bildirildi ki, standartlar və yaradılan əmək şəraiti bütün ölkələrdə eyni səviyyədə deyil. Həmkarlar ittifaqlarının əsas tələbi, dünyanın hansı yerində fəaliyyət göstərməsindən asılı olmayaraq, həm daimi işçilər, həm də podratçı təşkilatların işçiləri üçün təhlükəsizlik standartlarına bərabər qaydada əməl olunmasıdır.

Azərbaycanı beynəlxalq konfransda “İnşaat-İş” Həmkarlar İttifaqının sədri Umud Hüseynov və “Holcim Azərbaycan”ın Həmkarlar İttifaqı Komitəsinin sədri Mübariz Məmmədov təmsil ediblər.

Azərbaycan təmsilçiləri mətbuata bildiriblər ki, konfransda həmrəyliyin vacibliyi xüsusi qeyd olundu. Həmkarlar ittifaqının həmrəyliyi həm də şirkətin markasını qorumaq baxımından əhəmiyyətlidir. M.Məmmədov bildirdi ki, biz qlobal dünyada yaşayırıq və əgər Hindistanda fəaliyyət göstərən şirkətdə çatışmazlıqlar varsa, bu, Avropadakı şirkətlərin nüfuzuna təsir edəcək. Həmkarlar ittifaqı təşkilatları üçün öz işlərini əlaqələndirmək və ümumi maraqları qorumaq çox önəmlidir. “Holcim Azərbaycan”ın bu sahədə gördüyü işlərin, xüsusilə də kollektiv müqavilənin müsbət nümunə kimi göstərilməsi mənim üçün çox sevindirici haldır. İşçilərə sosial dəstək proqramları, əməkdaşların və ailə üzlərini əhatə edən tibbi sığorta proqramı, qadın hüquqlarının müdafiəsi, eləcə də analıq məzuniyyəti ilə əlaqədar əlavə ödənişli məzuniyyətin verilməsi və digər sosial proqramları misal göstərmək olar.

Məlumat üçün deyək ki, “LafargeHolcim” dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən çox təcrübəyə malik olan dünya liderlərindən biridir.