Hər bir üzv qayğı ilə əhatə olunub


Baxıldı : 154

Tarix : 2017-12-27 18:56:28


Dekabrın 22-də Mərkəzi Zabitlər Evində Müdafiə nazirliyi Birləşmiş Həmkarlar İttifaqının I plenumu keçirilib. Plenumda ittifaqın sədri Abiyat Ağadadaşova məruzə edib. Məruzəçi dövlətimizin silahlı qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması istiqamətində gördüyü işlərdən, 2016-cı ilin aprel ayında ordumuzun erməni təxribatına verdiyi layiqli cavabın əhəmiyyətindən danışdı. Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində aparılan bərpa-quruculuq işlərindən söz açdı. Dedi ki, biz həmkarlar ittifaqı təşkilatı olaraq dövlətimizin vətəndaşların təhlükəsizliyi, sərhədlərimizin qorunması üçün apardığı qlobal işləri həmişə dəstəkləmişik. Ordumuza imkanlarımız daxilində qayğı göstərmişik. Bu qayğı Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (DİİXİ Hİ) Respublika Komitəsi ilə Müdafiə Nazirliyi arasında bağlanmış Sahə Kollektiv Saziş, bu sazişə müvafiq olaraq işəgötürənlərlə imzalanmış kollektiv müqavilələr əsasında həyata keçirilir. Bu sənədlərə əsasən ittifaq üzvlərini sanator-kurort yollayışları ilə təmin edirik. Aztəminatlılara maddi yardım göstəririk. Təkcə bu ilin yay mövsümündə nazirliyin strukturlarında çalışan yüzlərlə işçinin (ailə üzvləri də daxil olmaqla) respublikamızın səfalı güşələrinə qısamüddətli turist səfərləri təşkil edilib.

Hərbçilərlə xidmət yerlərində görüşlər artıq ənənə halını alıb. Biz qəhrəman hərbçilərimizlə təkcə hərbi hissələrdə deyil, hətta ən ucqar postlarda görüşmüşük. Onlara sovqat və məişət avadanlıqları aparmışıq.

A.Ağadadaşova komitənin fəaliyyətinin digər sahələri barədə də geniş məlumat verdi.

DİİXİ Hİ Respublika Komitəsinin sədr müavini Əbulfəz Mehtiyev son illərdə AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin təşəbbüsü ilə hüquqi-normativ aktlara edilən əlavə və dəyişiklikləri diqqətə çatdırdı. Həmçinin sahə Hİ Respublika Komitəsinin gördüyü işlərdən söz açdı.

Plenumda Müdafiə Nazirliyinin məsul işçiləri polkovnik Rauf Dəmirov, mayor Emin Yusibov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Əbülfət Məhərrəmov iştirak etdilər.

 Bəyalı RZAYEV