Hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün maksimum səy göstərməyə borcluyuq


Baxıldı : 167

Tarix : 2020-10-10 12:03:58


 

“Əziz həmvətənlər! Rəşadətli Ordumuz əzəli Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün uğurlu əks-hücum əməliyyatı apardığı bir vaxtda düşmən öz məkrli niyyətlərini göstərməkdən əl çəkmir. Qızğın döyüşlərin davam etdiyi bütün həftə ərzində Ermənistan vicdansızcasına feyk xəbərlər tirajlayır. Bu şiddətli hücumda beynəlxalq birliyi fəal surətdə yanlış məlumatlandıran erməni diasporu xüsusi rol oynayır. Bu gün biz hamımız həqiqətən tarixi hadisələrin şahidləriyik! Lakin biz baş verənləri, sadəcə, kənardan müşahidə edə bilmərik.
Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq. Deməli, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik. Mən sizin hər birinizi erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıram!”. 
Bu mətni Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində paylaşaraq vətəndaşlarımızı informasiya müharibəsində də öndə getməyə, fəal olmağa çağırmışdır.
“Torpaqlarımızın azadlığı uğrunda apardığımız haqq müharibəsində ölkə rəhbərliyinin bu məsələ ilə bağlı xalqa müraciətinin əsas mahiyyəti ondan ibarətdir ki, hər bir azərbaycanlı, ölkəsi qarşısında məsuliyyət daşıyan şəxs olaraq, düşmənin bizə qarşı apardığı dezinformasiyalara, feyk xəbərlərə münasibət bildirmək, onların ifşa edilməsinə səfərbər olmalıdır”. 
Bunu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu qəzetimizə müsahibəsində bildirdi: “Dəfələrlə informasiya müharibəsi ilə bağlı bizdə məsələ qaldırırlıb. Hətta 2012-ci ildə Nazirlər Kabinetinin iclasında cənab Prezident İlham Əliyev erməni lobbisinin, ermənilərin bizə qarşı yalan xəbərlər yaydığını demişdi”. 
Həmsöhbətim qeyd etdi ki, bu haqq müharibəmizdə ermənilər bizə qarşı yaydıqları dezinformasiyalarda 3 əsas auditoriyanı hədəfə alıblar. Birinci hədəf erməni ictimaiyyətinin özüdür. Ermənilər maksimum dərəcədə öz əhalisini yalanlarla, cəbhədə baş verən həqiqətləri gizlətməklə sakitləşdirməyə çalışırlar. İnanın mənə, bu gün erməni auditoriyası cəbhədə baş verənləri obyektiv şəkildə bilsə özləri ayağa qalxar və işğala son qoyulmasını tələb edərlər. İkinci isə, media vasitəsilə bizim auditoriyada məxsusi olaraq yaradılan profillərdən müxtəlif məzmunlu və həqiqətlə əsla əlaqəsi olmayan dezinformasiyalar və şəkillər yayaraq cəmiyyətdə ümidsizlik yaratmağa, insanlarımızın dövlətimizə, ordumuza olan inamını sarsıtmağa çalışırlar. Amma buna nail ola bilmirlər, çünki onların yaydığı o dezinformasiyalar, feyk xəbərlər heç bir gün keçmir bizim aidiyyəti qurumlar tərəfindən faktlarla təkzib edilir. Üçüncü hədəf isə, beynəlxalq auditioriyadır. Maksimum dərəcədə beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür yaratmağa çalışırlar. Buna da nail olmaq asan olmur.  Çünki, qardaş Türkiyə başda olmaqla, İngiltərə, Almaniya, Amerika, Ərəb ölkələrinin mediası cəbhədə obyektiv mənzərəni əks etdirən açıqlamalar verirlər. 
“Erməni təbliğatının feyklərini ifşa etmək və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmaq üçün nə etməliyik” sualıma isə cavabında Vüqar müəllim 4 vacib şərtin olduğunu söylədi. Birinci, cəbhə bögəsində gedən əməliyyatları risk altına almamaq üçün yalnız rəsmi qaynaqlardan alınan xəbərlərə inanmalı və paylaşmalıyıq. Xəbəri vaxtında və düzgün təqdim etmək çox əhəmiyyətli məsələdir. Müharibə ilə bağlı rəsmi xəbərlərin qaynağı isə dövlət strukturlarının və Müdafiə Nazirliyinin yaydığı məlumatlardır. İkinci, mənşəyi şübhə doğuran profil və səhifələrdə yayılanlara əsla etibar etməməli, paylaşmamalı, həmin səhifələri şikayət etməliyik. Üçüncü, heç bir halda cəbhə xəttindən çəkilmiş və vizual olaraq hərbi texnika və əsgər mövqelərini, zərrə qədər də olsa, nişan verəcək vizual görüntüləri yaymamalıyıq. Bunu xüsusilə qeyd etmək istəyirəm ki, çəkilən şəkil və videolardan xüsusi proqramlar vasitəsilə kardinatları təyin etmək olur. Unutmayaq ki, bu zaman əsgərlərimizi riskə atırıq. Çəkən və paylaşanlardan da bu görüntüləri dərhal silmələrini tələb etməliyik. Dördüncü isə, sosial mediada hər hansı fikir bildirərkən cəmiyyətimiz qarşısında daşıdığımız sosial məsuliyyətimizi nəzərə almalıyıq.
Əsli TELMANQIZI