Hər birimiz müsəlləh əsgərik


Baxıldı : 76

Tarix : 2018-07-07 00:08:54


“Vəzifəsindən, yaşından asılı olmayaraq bütün kəlbəcərlilər müsəlləh əsgərdir. Hamımız Ali Baş Komandanın hücum əmrini gözləyirik. Ruhən, cismən ayrılmaz tərkib hissəsi olduğumuz doğma Kəlbəcərin işğaldan azad olunması üçün vuruşmağı şərəf işi bilirik”.

Bu sözləri müsahibim Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin sədri Məhiyəddin Abdurəhmanov dedi. Bildirdi ki, ittifaq olaraq fəaliyyətimizdə gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə böyük yer ayırırıq.

Çalışırıq ki, hər bir məktəbli, harada yaşamasından asılı olmayaraq, Kəlbəcərin erməni tapdağından xilası amalı ilə nəfəs alsın.

Məhyəddin müəllimin mənə təqdim etdiyi tədbirlərin protokolları və digər sənədlər də göstərdi ki, rayon komitəsi bu istəyinə nail olur. Bu işdə veteran döyüşçülərin, hərbi hissələrdə xidmət göstərən zabitlərin, 90-cı illərin müsibətlərini yaşamış kəlbəcərlilərin şəxsi nümunəsindən istifadə edir. Yəni məktəblərə veteranlar dəvət olunur. Onlar Kəlbəcərin gözəl təbiəti, yeraltı, yerüstü sərvətləri, insanlarının mərdliyi, cəsarəti və sair barədə məlumat verirlər. Erməni işğalçılarının böyük dövlətlərin dəstəyinə güvənərək silahsız əhaliyə qarşı törətdikləri vəhşilikdən canlı şahid kimi danışırlar.

Rayon komitəsi əlamətdar günlərdə veteranları ziyarət edir. Bayram sovqatları ilə sevindirir. Ehtiyacı olan Qarabağ müharibəsi iştirakçılarına, əlillərinə maddi yardımlar göstərilir.

Vətənpərvərlik mövzusunda şagirdlər arasında müsabiqələr təşkil olunur. Qaliblər mükafatlandırılır.

Bir neçə gün öncə rayon komitəsinin təşkilatçılığı ilə bir qrup rayon təhsil işçisi ön cəbhəyə, Murovdağda yerləşən hərbi hissəyə getmişdi. Onlar Silahlı Qüvvələrimizin 100 illik yubileyini hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram ab-havasında qeyd etdilər. Rayon komitəsi bu səfərə Aşıq Şəmşir adına Mədəniyyət Evinin musiqiçilərini də aparmışdı.

M.Abdurəhmanov deyir ki, əsgər və zabitlər üçün yaradılmış şəraitlə, silah təchizatı ilə tanış olduq. Bir daha əmin olduq ki, bu ordu nəinki Dağdıq Qarabağı azad edər, hələ istəsə qısa müddətə İrəvanda Azərbaycan bayrağını da dalğalandıra bilər.

Qonaqlar hərbi hissəyə görüşdən yadigar olaraq televizor bağışladılar.