Hər hansı bir addım atılmasa


Baxıldı : 28

Tarix : 2019-11-08 05:23:55


İtaliyada FİOM-CGİL, FİM-CİSL və UİLM-UL metal sektoru üzrə həmkarlar ittifaqı təşkilatları  bütün bölgələrdə istehsalın və maaşların azalması, iş yerində ölümlə nəticələnən qəzaların artması səbəbi ilə tətil elan ediblər. Ölkədəki metal sənayesinin gələcəyi ilə bağlı etirazçılar tələblərini hökumətə ünvanlayıblar.

Burada  sənaye və məşğulluq böhranına son qoyulması, iqtisadi və sosial canlanmaya nail olmaq, əməkhaqqının artırılması, işçilərin hüquqlarına hörmətlə yanaşmaq, yeni iş yerlərinin yaradılması, sənayedə son texnoloji vasitələrdən istifadənin təşkili, iş yerlərində sağlamlığın qorunması və təhlükəsizliyin yaxşılaşdırılması yönündə addımlar atılması və sair  maddələr yer alır.

Həmkarlar ittifaqı təşkilatlarının birgə hazırladıqları bəyanatda qeyd edilib ki, metal işçiləri ölkə sənayesi üçün məsuliyyətlərini dərk edirlər, texnoloji və ekoloji dəyişikliklərə baş qəhrəman olmaq istəyirlər: “Onlar tətil və aksiyaları işəgötürənlərə, hökumətə və parlamentə  təzyiq üçün  zəruri tədbir olaraq görürlər. Hazırda ölkədə 160-a yaxın müəssisədə böhran vəziyyəti mövcuddur. İtaliyada dözülməz bir şəraitin şahidi oluruq. Məişət texnikası,  polad, avtomobil, elektronika, informasiya texnologiyaları və s. sahələrdə müəssisələrin bağlanması xəbəri adi hal alıb. Bununla bərabər, iş yerlərində qəza halları artır. Bu, qəbulolunmaz haldır”.

İndustriALL Qlobal İttifaqı tətil iştirakçılarına dəstək məktubu göndərib.

Həmkarlar ittifaqı təşkilatları, tələbləri ilə bağlı hökumət tərəfindən hər hansı bir addım atılmasa, noyabrın 20-nə qədər tətili davam etdirəcəklərini açıqlayıblar.

Cavid SƏFƏROV