Hər kəs bərabərsizliyin problem olduğunun fərqindədir


Baxıldı : 94

Tarix : 2019-09-13 17:51:58


Beynəlxalq Əmək Təşkilatı G7 ölkələrinin Biarritz Sammitində insanlar arasında maddi bərabərsizlik mövzusunun gündəmə gətirilməsini məmnunluqla qarşılayıb. G7 zirvəsində iştirak edən BƏT-in Baş katibi Qay Rayder bildirib ki, bərabərsizliyin öhdəsindən gəlmək üçün vasitələr var, strateji addımlar atılmasının vaxtıdır: “Ölkə liderlərinin bərabərsizliyə diqqət ayırması sevindirici haldır və bunun üçün təcili işlər görülməlidir. Əks halda bu uçurum daha da dərinləşəcək. BƏT-in iyun ayında qəbul etdiyi “İş Dünyasının Gələcəyi” ilə bağlı Bəyannamədə bərabərsizliklə bağlı mövqeyimiz öz əksini tapır.

Texnoloji yeniliklər, qloballaşmanın gətirdiyi dəyişikliklər bərabərsizliyin artmasında əsas faktorlardandır. Buna görə də  siyasi mövqeyimizdə dəyişiklik etməliyik. Bərabərsizliyin qaynağı əmək bazarıdır. Bu səbəblə milli səviyyədə görülən işlər son dərəcə önəmlidir. Hər şeyi dəyişdirmək üçün lazımi vasitələrimiz var”.

Qay Rayderə görə, bərabərsizliyin aradan qaldırılması ilə bağlı məsələlər noyabr ayında Fransanın paytaxtı Parisdə keçiriləcək “Paris Sülh Forumu”nun gündəliyinə də daxil edilməlidir.

Baş katib sammitdə ekoloji məsələlərə diqqət ayrılmasını, ölkə rəhbərlərinin Amazon meşə yanğınlarının söndürülməsinə kömək üçün 20 milyon ABŞ dolları ayırmağa hazır olduqlarını, Afrika qadınlarının sahibkarlıq fəaliyyətinin təşviqi, rəqəmsal texnologiyaya keçid, dövlət satınalmalarının şəffaflığı, korrupsiyaya qarşı mübarizəni, G7 ölkələri ilə Afrika ölkələri arasında imzalanan Biarritz Bəyannaməsini tədqir edib.

Cavid SƏFƏROV