“Hər kəs öz hüquqlarını müdafiə etmək iqtidarında olmalıdır”


Baxıldı : 106

Tarix : 2019-06-07 08:11:28


“Əməyin mühafizəsi ilk baxışda kənar görsənən qurumların, bilavasitə cavabdeh təşkilatların, hətta ayrı-ayrı fərdlərin maraqlarını özündə birləşdirən mühüm məsələdir. Düzdür, iş yerində texniki təhlükəsizliyin pozulduğu məqamlarda günahkar kimi hədəf ilk növbədə işəgötürən seçilir. Bu seçim ədalətlidir. Amma pozuntu baş verənə qədər onun qarşısının alınmasına cəhd göstərən kim olmalıdır? Əlbəttə ilk növbədə işçilər. Axı onlar nasazlığı görür və ya xəsarətin baş vermə təhlükəsini hiss edirlər. Vaxtında problemin aradan qaldırılmasını tələb etməlidirlər. Bu, onun hüququdur. Təəssüf ki, çoxları bu hüququnu bilmir. Həmkarlar ittifaqı təşkilatı olaraq biz, xüsusilə müəssisələrin ilk həmkarlar ittifaqı təşkilatları, işçilərlə bu sahədə maarifləndirmə işini gücləndirməliyik. Hər kəs öz hüquqlarını müdafiə etmək iqtidarında olmalıdır”.

Bu sözləri Ağsu rayonunda “Əməyin mühafizəsi və əmək sferasının gələcəyi” devizi altında keçirilmiş zona seminarında çıxış edən Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Əməyin baş texniki müfəttişi Əliş İbrahimov söylədi. O, sonra dedi, həmkarlar ittifaqları kollektiv müqavilələrdə tərəfdaşlarının əməyin mühafizəsi ilə bağlı götürdükləri öhdəliklərin yerinə yetirməsini ciddi nəzarətdə saxlamalıdırlar.

Ə.İbrahimov təhlükə risklərinin qiymətləndirilməsinə də toxundu: “Zərər mənbəyi olan hər şey təhlükəlidir”, - dedi. - “Təhlükəyə təkcə insanlar deyil, əmlak da, avadanlıq da, istehsal prosesi də məruz qala bilər”.

Tədbirdə sahə Hİ Ağsu Rayon Komitəsinin sədri Hakim Abdullayev, İsmayıllı Rayon Komitəsinin sədri Vaqif Rəhimov və başqaları da çıxış edərək 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününün işəgötürənlərlə işçilər, onların sıralarında təşkilatlandıqları həmkarlar ittifaqı arasında əmək münasibətlərinin tənzimlənməsi baxımından əhəmiyyətli hadisə olduğunu qeyd etdilər.

Seminar sual-cavabla yekunlaşdı.