Hər kəs vəziyyətin ağırlığını dərk etməlidir


Baxıldı : 2407

Tarix : 2020-06-05 06:06:12


Ölkəmizdə karantin rejiminin bir qədər yumşaldılması bəzi vətəndaşların məsuliyyətsiz davranışına yol açıb. Parklarda, küçələrdə, ictimai yerlərdə sosial məsafənin qorunmaması, tibbi maskalardan istifadə edilməməsi ciddi narahatlıq doğurur. Məhz bu amillər son günlər virusa yoluxma sayında artıma səbəb olub.

Millət vəkili Fazil Mustafa bildirib ki, Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərar verib. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər həmin hüquqi addımların davamıdır. Sənəd pandemiya dövründə sanitar-gigiyena qaydalarının tələblərinin pozulmasına görə inzibati tənbeh hallarını müəyyən edir və bu dövrdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələri müəyyənləşdirir.

Tələblərin pozulmasına görə, fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Tibbi maskaların istifadəsinin məcburi olduğu yerlər vətəndaşlarımıza artıq açıqlanıb.

F.Mustafa onu da qeyd etdi ki, təkcə qapalı məkanlarda deyil, açıq havadakı ictimai yerlərdə də tibbi maskadan istifadə etməyən, sosial məsafəni qorumayan şəxslər cərimə olunacaq. Tabe olmayanlar isə məsuliyyətə cəlb ediləcək. İnzibati qaydalar güclü işləycək. Konkret prinsipial münasibət tətbiq olunacaq. Qaydaları pozanlara artıq xəbərdarlıq deyil, birbaşa cərimə tətbiq ediləcək. Eyni şəxs qaydanı pozduqda müvafiq olaraq 100, 200 və 400 manat məbləğində cərimə olunacaq. Beləliklə, hər bir vətəndaş vəziyyətin ağırlığını dərk etməli, bu məsələyə çox ciddi yanaşmalı və məsuliyyət daşımalıdır.

 

Gülöyşə MƏMMƏDLİ