Hərbçi gənclər Silahlı Qüvvələrin 100 illiyi ərəfəsində mükafatlandırılıblar


Baxıldı : 97

Tarix : 2018-06-30 04:56:02


İyunun 23-də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 2017/2018-ci tədris ilinin başa çatmasına və qalib kursantlara mükafatların təqdim edilməsinə həsr olunmuş mərasim keçirilib.

Tədbirdə liseyin şəxsi heyəti, müəllimlər, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hərbi liseyin rəisi vəzifəsini icra  edən polkovnik Qadir Vəlişov mərasimi açaraq bütün şəxsi heyəti dərs ilinin başa çatması münasibətilə təbrik edib. Ordumuzun nailiyyətlərindən danışaraq əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan hərbi quruculuq prosesinin ölkəmizdə uğurla davam etdirildiyini diqqətə çatdırıb. Q.Vəlişov deyib ki, ordumuzun gücünü artıran əsas amillərdən biri də savadlı və bacarıqlı zabitlərin olmasıdır.

Liseyin Həmkarlar İttifaqı Komitəsinin sədri Sahib Əsədov bu təhsil ocağında  görülən işlərdən, həmkarlar ittifaqının fəaliyyətindən danışıb. O qeyd edib ki, kursantların sağlamlığı, fiziki hazırlığı üçün hər cür şərait yaradılıb.

Bu yazının müəllifi isə AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyevin adından bütün şəxsi heyəti, kursantları tədris ilinin yekunu və Silahlı Qüvvələrin 100 illiyi münasibətilə təbrik edib, hərbi işlərində onlara uğurlar arzulayıb. Liseydə təşkil edilmiş tədbirlərin əhəmiyyətindən söz açaraq cəsur, istedadlı gənclərin gələcəkdə böyük nailiyyətlər əldə edəcəklərinə və ordumuzun qüdrətlənməsinə töhfə verəcəklərinə inandığını bildirib.

Sonra müsabiqə qaliblərinə AHİK-in diplomları və qiymətli hədiyyələri təqdim olunub. Üzərində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəkli əks etdirilmiş Keçici Kubok və AHİK-in Fəxri Diplomu idman yarışlarında ən yüksək xal toplamış 5-ci bölüyə verilib. Müsabiqələrin təşkilində xüsusi əməyi olan ana dili və ədəbiyyat müəllimi Nəzakət Səfərova və fiziki tərbiyə müəllimi Emin Pənalıyev də AHİK-in Fəxri diplomları ilə təltif olunublar. 

 

Xoşqədəm BAĞIROVA,

AHİK-in mütəxəssisi