Hərbçilərimizə sovqat 


Baxıldı : 42

Tarix : 2020-10-17 13:53:04



Azərbaycan Ordusunun düşmənin təxribatlarına qarşı sentyabrın 27-dən başlatdığı uğurlu əks-hücum əməliyyatı xalqımıza böyük fərəh hissi yaşadır. Vətəndaşlarımız hərbi hissələrə gedərək əsgərlərimizi ziyarət edir, onlara sovqat aparır və mənəvi dəstək olurlar.
Azərbaycan Tibb Universitetinin (ATU) Ortopedik stomatologiya kafedrasının kollektivi də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən hərbçilərimizə baş çəkiblər. Əsgərlərimizə yardım məqsədilə topladıqları maddi vəsait hesabına aldıqları zəruri məişət ləvazimatlarını və isti geyimləri onlara pay veriblər.
ATU-nun Ortopedik stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədovun sözlərinə görə, əməkdaşlar əsgərlərə yardım üçün 4000 manata yaxın maddi vəsait toplayıblar: “Yığılan pula tibbi ləvazimatlar - spirt, bint, ketanol, betadin iynələri, pambıq, eləcə də geyim - adi və yun corablar, qalın altlıq geyimlər, əlcəklər, papaqlar, 25 blok siqaret, 10 kaset meyvə şirəsi aldıq. Apardığımız sovqatı Goranboy rayonundakı “N” saylı hərbi hissəyə verdik. Ümid edirik ki, bizim də cəbhə bölgəsində düşmənlə vuruşan əsgərlərimizə, kiçik də olsa, köməyimiz dəydi”.
Qeyd edək ki, Ortopedik stomatologiya fakültəsinin dekanı Səid Əhmədovla birgə fakültənin Həmkarlar İttifaqı Komitəsinin sədri Tofiq Mahmudov, Ortopedik stomatologiya kafedrasının tədris hissə müdiri Elmar Babayev, assistentləri Əli Əliyev və Rüfət Hüseynli hərbi hissəyə yardım aparıblar.