Hərbi xidmətə çağırılan  işləyən şəxslərə əməkhaqqı necə veriləcək?


Baxıldı : 69

Tarix : 2020-10-03 10:16:09


 

Sentyabrın 28-dən etibarən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən ölkəmizdə qismən səfərbərlik elan olunması barədə sərəncam verilib. Həmin sərəncama əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını təmin edir. 
Bəs səfərbərlik dövründə hərbi xidmətə çağırılan zaman işləyən şəxslərin əməkhaqqı necə veriləcək? Həmin şəxslərlə əmək münasibətləri necə tənzimlənəcək?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı qəzetimizə müsahibəsində bu suallara aydınlıq gətirdi: “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 179-cu maddəsinin 2-ci hissəsinin “g” bəndinə əsasən, işçi hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda onun iş yeri və orta əməkhaqqı saxlanılır.
Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən, yuxarıda qeyd olunan hallarda işçinin iş yerində orta əməkhaqqı saxlanılır və bu halda orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqı əsasında hesablanır. 
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 52.1-ci maddəsinə əsasən, toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində orta əməkhaqqı saxlanılmaqla işdən azad edilirlər. Göstərilən şəxslərin əmək müqaviləsinə, onlar çağırış vərəqəsi aldıqları gündən toplanışdan qayıdana qədər təşkilatın ləğv edildiyi hallar istisna olmaqla, xitam verilə bilməz. Hərbi vəzifəlilərin işlədiyi təşkilat ləğv olunduqda toplanış dövründə ona verilməli məbləğlər ləğv edilən təşkilat və ya onların hüquq varisi tərəfindən ödənilir.
Yuxarıda qeyd olunan hallarda əmək münasibətinin tənzimlənməsi ilə bağlı işəgötürən müvafiq əmr (qərar, sərəncam) vermək səlahiyyətinə malikdir.
Hərbi komissarlıq tərəfindən işçiyə verilən müvafiq çağırış arayışı nəzərə alınmaqla, hərbi və xüsusi toplanışlara cəlb edilən işçi barədə işəgötürən tərəfindən müvafiq əmrin verilməsi və əmrdə həmin dövrün başlama və imkan olduqda bitmə tarixlərinin, habelə həmin dövrdə işçinin orta əməkhaqqının saxlanılması barədə məlumatların göstərilməsi və bununla bağlı müvafiq tapşırıqların verilməsi qanuna müvafiqdir.  
Bununla əlaqədar olaraq bildiririk ki, çağırış müddəti ərzində həmin işçilər rəsmi əmrlə əmək funksiyalarının icrasından azad olunmalı və onların iş yeri və orta əməkhaqqı saxlanılmalıdır”.

Aliyə SƏMƏDOVA