Hərbi xidmətlə birlikdə 21 il iş stajım var, ali təhsil aldığım 4 ili də nəzərə alsaq 25 il


Baxıldı : 79

Tarix : 2018-04-07 00:48:41


Hərbi xidmətlə birlikdə 21 il iş stajım var, ali təhsil aldığım 4 ili də nəzərə alsaq 25 il. 24.03.2018-ci il tarixində mənə yaşa görə pensiya düşməli idi. Çünki yaşım 63 yaş yarımdır. DSMF-nin yaşadığım ərazidəki şöbəsinə müraciət etdim dedilər ki, sizə heç 1 AZN-də pensiya düşmür. Mən öz hüququmu bilmək istəyirəm, mənə verilən cavab doğrudurmu?

 

Nəsib MƏMMƏDOV,

Bakı şəhəri.

 

- Qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinin tələblərinə əsasən, yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Əgər şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (bu məbləğ indi 15840 manatdır) əmək pensiyasının minimum məbləğindən (bu gün 110 manat) az olarsa, onda 25 il sosial sığorta stajı tələb olunur.

Məktubunuzdan məlum olur ki, sığorta stajınız 21 il, yaşınız 63 yaş yarımdır. (Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə görə əyani təhsil illəri sosial sığorta stajına daxil olmur). Yaşadığınız ərazi üzrə ƏƏSMN yanında DSMF tərəfindən Sizə yaşa görə əmək pensiyası təyin edilə bilməməsinin səbəbi də təqdim etdiyiniz sənədlərin qeyd etdiyimiz Qanunun tələblərinə uyğun olmamasıdır. Yaşa görə əmək pensiyası üçün yaş həddi 01.07.2018-ci ilədək 63 yaş yarımdır. Siz bu yaş həddinə çatmısınız, lakin fərdi hesabın sığorta hissəsində qeyd etdiyimiz sığorta kapitalınız yoxdursa, onda sığorta stajınız 25 il olmalıdır.

Adıçəkilən qanunun 10-cu maddəsinə görə, qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmiş yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Bu tələbə görə, yaşa görə əmək pensiyası almaq üçün 25 il sosial sığorta stajınız olmalıdır ki, qeyd olunan məbləğ tamam olmasa da, Sizə əmək pensiyası təyin edilə bilsin. Əks təqdirdə bu tip pensiya təyin edilə bilməyəcək.

 

Sığortalı kimi öz vəzifələrimi bilmək istəyirəm.

 

Röya SƏMƏDOVA,

Bakı şəhəri.

 

Sizi maraqlandıran sualın cavabı “Sığorta haqqında” qanunda qeyd olunub. Qanunun 34-cü maddəsi sığortalının vəzifələri müəyyən edir. Bu vəzifələr aşağıdakılardır:

- sığorta haqqını vaxtında ödəmək;

- sığortalanmış obyektə dair qüvvədə olan digər sığorta müqavilələri barədə sığortaçıya məlumat vermək;

- sığorta hadisəsi baş verdikdə, bu barədə sığorta müqaviləsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etmək;

- ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək;

- sığorta müqaviləsi bağlanarkən riskin qiymətləndirilməsi üçün əhəmiyyəti olan hallar və riskin sonradan dəyişilməsi barədə sığortaçıya məlumat vermək.

Qeyd edək ki, adıçəkilən qanuna əsasən, sığorta müqaviləsində sığortalının başqa vəzifələri də nəzərdə tutula bilər.

 

Ötən il avqustun 22-dən oktyabrın 3-nə kimi İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında müalicə olunmuşam. Xəstəlik vərəqəsini iş yerimə təqdim etdim. Bu günə qədər mənə xəstəlik dövrü üçün müavinət hesablanmır. İş yerimdən 21 avqust tarixli əmrlə, 22 avqust tarixi son iş günü sayılmaqla əmək müqaviləmə xitam verilmişdir. Belə ki, 23 avqust 2016-cı ildə “Zenit Aran” şirkəti işçilərlə 1 illik müqavilə bağlamışdır. 3 nəfər işçi ilə, o cümlədən mənimlə, yaş həddinin 63-dən artıq olduğunu əsas götürərək müqaviləmizə xitam verilmişdir. Xahiş edirəm, bu qərarın doğru olub-olmaması haqqında mənə məlumat verəsiniz.

 

Əvəzxan ƏHMƏDOV,

İsmayıllı rayonu.

- Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətli və ya müddətsiz bağlanır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

Məktubunuzdan məlum olur ki, 23 avqust 2016-cı ildə Sizinlə 1 illik müddətli əmək müqaviləsi bağlanmış və 21 avqust 2017-ci il tarixli əmrlə həmin müqaviləyə xitam verilmişdir. Əmrin surətini məktubunuza əlavə etmədiyinizə görə, əmrin məzmununun ƏM-in 84-cü maddəsinə uyğun olub-olmaması haqqında heç nə deyə bilmərik. Lakin müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası ƏM-in 73-cü maddəsində müəyyən edilmişdir. Əmək qanunvericiliyinə əsasən:

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi (5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir) nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əməkhaqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

Əgər son iş gününüz 22.08.2017-ci il olubsa və Siz həmin tarixdə xəstəxanada müalicədə olmusunuzsa, onda müddətli əmək müqaviləsinə maddənin 2-ci hissəsində nəzərdə tutulan qaydada xitam verilməli idi. Odur ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinəti almaq üçün məhkəməyə müraciət etməyinizi tövsiyə edirik. Çünki ƏM-in 296-cı maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən bir il ərzində məhkəməyə müraciət edə bilər.

Patent almaq hüququ hansı halda işəgötürənə aiddir?

 

Vurğun MƏMMƏDLİ,

Şirvan şəhəri.

 

“Patent haqqında” Qanunun tələbləri baxımından müəllif olan işçinin (bundan sonra - işçi) əmək fəaliyyəti göstərdiyi təşkilati hüquqi formasından asılı olmayaraq, müəssisələrin mülkiyyətçisi və ya onun müvəkkil etdiyi müəssisə rəhbəri, səlahiyyətli orqanı, eləcə də “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər işəgötürən sayılırlar.

Xidməti vəzifələrinin həyata keçirilməsi və ya işəgötürənin yazılı şəkildə verdiyi (istehsal, elmi-tədqiqat, bədii-qrafik və başqa səpkili) tapşırığı ilə əlaqədar işçinin yaratdığı ixtira, faydalı model və sənaye nümunəsi üçün patent almaq hüququ, işəgötürənlə işçi arasında müqavilədə başqa şərtlər nəzərdə tutulmayıbsa, işəgötürənə mənsubdur.

Yeni yaradılan ixtira, faydalı model və sənaye nümunəsi barəsində işəgötürənlə işçinin münasibətləri müqavilə ilə tənzimlənir.

Yuxarıda qeyd edilənlərə uyğun ixtira, faydalı model və sənaye nümunəsini yaratmış işçi (işçilər) bu barədə işəgötürənə obyekti yaratdıqdan sonra 1 ay ərzində yazılı bildiriş göndərməlidir.

Əgər işəgötürən ixtira, faydalı model və sənaye nümunəsi barədə iddia sənədi verməkdən imtina edərsə və ya bildirişi aldığı tarixdən sonra 3 ay müddətində bu hüquqdan istifadə etmək niyyətini işçiyə bildirməzsə, onda bu hüquq işçiyə keçir.

İddia sənədi verilənədək işəgötürən və işçi ixtira, faydalı model və sənaye nümunəsinin mahiyyətini açıqlamamalıdırlar.