“Hesabat dövründə fəaliyyətimiz qat-qat güclənib"


Baxıldı : 75

Tarix : 2017-10-14 05:30:28


Oktyabrın 9-da Bakıda Nizami Kino Mərkəzində Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (TİAHİ) XVII hesabat-seçki konfransı keçirilib. Konfransda Beynəlxalq Təhsil Birliyinin Avropa Regionu üzrə direktoru Suzan Floken, Türkiyə Təhsil İşçiləri Həmkarlar İttifaqının və Dövlət Qulluqçuları Həmkarlar İttifaqları Konfederasiyasının sədri İsmayıl Koncuk, Rusiya Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Qalina Merkulova çıxış ediblər.

 

Qonaqlar Azərbaycan həmkarlar ittifaqını dünya həmkarlar ittifaqı hərəkatının qabaqcıl tərkib hissələrindən biri adlandırıblar. Həmçinin təşkilatın ölkə təhsil sisteminin inkişafında, bu sahədə aparılan islahatlarda fəal iştirakını yüksək qiymətləndiriblər. İ.Koncuk sahə Hİ-nin sədri, millət vəkili Səttar Möhbalıyevi təkcə Azərbaycanda deyil, regionda və dünyada proqressiv siyasi xadim və həmkarlar hərəkatı lideri kimi tanıdığını söylədi. Buna misal olaraq dedi ki, dünyanın 200-ə qədər ölkəsinin həmkarlar ittifaqı mərkəzlərinin birləşdiyi Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilməsi Səttar Möhbalıyevin tükənməz enerjiyə, yüksək təşkilatçılıq bacarığına malik lider, mükəmməl peşəkar olduğunun bariz sübutudur.

Sonra hesabat məruzəsi ilə TİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev çıxış etdi. Bildirdi ki, biz bu gün cəmiyyətimizdəki nüfuzumuza, beynəlxalq həmkarlar ittifaqı hərəkatında qazandığımız uğurlara görə ümummilli liderimiz Heydər Əliyevə borcluyuq. Onun həmkarlar ittifaqına dəstək siyasəti Respublika Prezidenti cənab İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Göstərilən dəstəyin və təşkilatımızın səyinin nəticəsidir ki, hesabat dövründə fəaliyyətimiz qat-qat güclənib. Təşkilatımız üzvlərimizin əmək, sosial hüquqlarının, qanuni mənafelərinin keşiyində cəsarətlə durmaq gücünə malikdir.

İttifaqımızın mütəmadi boy artımı da qarşımıza qoyduğumuz vəzifələrin uğurla həyata keçirə bilməyimizin əyani göstəricilərindən biridir. Hesabat dövründə üzvlərimizin sayı 1794 nəfər artmışdır. Sıralarımıza daha 37 təşkilat qoşulmuşdur.

Bizə olan inamı və etimadı doğrultmaq üçün qanunlarımızın verdiyi imkanlardan maksimum yararlanmağa çalışırıq. Bu imkanların daha geniş səfərbər olunması üçün ən yaxşı vasitə kimi kollektiv saziş və müqavilələrə üstünlük veririk.

Hesabat dövründə Respublika Komitəsi Təhsil Nazirliyi ilə 2013-2015-ci, 2015-2017-ci və 2017-2019-cu illər üzrə kollektiv sazişlər imzalamışdır. Kollektiv sazişlərə uyğun olaraq üzv təşkilatlar da kollektiv müqavilələr bağlamışdır.

Bağlanmış kollektiv saziş və müqavilələrə görə, təhsil müəssisələrində çalışan III qrup əlillərin əməkhaqqı digər işçilərə nisbətən 10-15 faiz, I və II qrup əlillərin əməkhaqqı isə 20-25 faiz artırılmışdır. Fəaliyyətini davam etdirən 1000-dən  yuxarı əlil təhsil işçisinə əlavə əməkhaqqı ödənilmişdir.

Hesabat dövründə əmək qanunvericiliyinin pozulması ilə əlaqədar yüzlərlə təhsil işçisi yazılı və şifahi müraciət etmişdir. Müraciətləri təhlil edərək Respublika Komitəsi və üzv təşkilatlar  işəgötürənlə işçi arasında yaranmış  mübahisələrin qarşılıqlı anlaşma, məhkəmədən kənar danışıqlar vasitəsilə, qanuni yolla həllinə nail olmuşdur.

Məhz bunun nəticəsidir ki, son beş ildə 300 nəfərdən çox ittifaq üzvü öz əvvəlki işinə bərpa edilmişdir.

Hesabat dövründə təhsil sahəsində çalışan işçilərin təhlükəsiz və sağlam iş şəraitində işləmək hüququnun təmin edilməsi daimi nəzarətdə saxlanılmışdır.

150-yə yaxın təhsil müəssisəsində yoxlama aparılmış, müəssisələrin 96-na baş texniki əmək müfəttişi tərəfindən təqdimat verilmişdir. Bu təqdimatlarda göstərilən nöqsanların aradan qaldırılması təhsil müəssisələrinin rəhbərlərinə ciddi tapşırılmışdır.

Səttar müəllim demişdir ki, ittifaqımızın üzvlərinin 34%-i 29 yaşa qədər gənclərdir. Onların böyük əksəriyyəti tələbədir.

Respublika Komitəsinin vəsaiti hesabına aztəminatlı təbəqələrdən olan tələbələr üçün hər il pulsuz nahar yeməyi təşkil edilmişdir. Hazırda həmin güzəştdən respublikamızın 16 ali təhsil müəssisəsinin 230 tələbəsi istifadə edir.

Tələbə-gənclərin elmə, təhsilə marağının artırılması məqsədilə 1995-ci ildə Respublika Komitəsinin adlı təqaüdü təsis edilmişdir. Bu təqaüd hər il qış və yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqında çalışan fəallara verilir. Hesabat dövründə 19 ali məktəbin tələbələri bu təqaüdə layiq görülmüşdür. Respublika Komitəsi öz büdcəsindən bu məqsədlə ildə 7200 manat maliyyə vəsaiti ayırmışdır. Ümumiyyətlə, ötən 12 ildə 2146 tələbə bu təqaüdə layiq görülmüşdür.

Həmçinin bu illər ərzində 60 nəfər şagirdə Respublika Komitəsinin təqaüdü verilib, 10 nəfər aztəminatlı ailədən olan tələbənin təhsil haqqı tam və ya qismən (30 faiz həcmində) Respublika Komitəsinin vəsaiti hesabına ödənilib.

2004-cü ildən isə ali məktəb  tələbələri arasında Təhsil Nazirliyi ilə birgə bədii yaradıcılıq festivalı keçirilir. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu tədbirin keçirilməsində məqsəd tələbə-gənclərin asudə vaxtlarının səmərəli təşkili, onlarda milli-mənəvi irsimizə hörmət hissini gücləndirmək və istedadlı gəncləri üzə çıxarmaqdır.

S.Möhbalıyev üzv gənclərin idman yarışlarında qazandığı uğurlardan da danışdı. Dedi ki, 2013-cü ildə "Gənclik" Tələbə-İdman Cəmiyyətinin idmançıları Rusiya Federasiyasının Kazan şəhərində keçirilmiş tələbələrin 27-ci Ümumdünya Yay Universiadasında 18 medal, o cümlədən 4 qızıl, 7 gümüş və 7 bürünc medal qazanaraq 170 ölkə arasında 15-ci yerə çıxmışlar. Həmin ilin dekabrında İtaliyada keçirilmiş 26-cı Ümumdünya Qış Olimpiadasında iki idmançı ilə təmsil olunan komandamız 1 gümüş medal əldə edib.

Bundan başqa, 2015-ci ildə Cənubi Koreyada keçirilmiş tələbələrin 28-ci Ümumdünya Yay Universiadasında tələbə idmançılarımız 2 qızıl və 1 bürünc medal qazanaraq 168 ölkə arasında 25-ci olmuşlar.

İttifaqın beynəlxalq əlaqələrindən söz açan Respublika Komitəsinin sədri dedi, hesabat dövründə ittifaqımız Macarıstan, İsrail, Sloveniya, Bosniya və Herseqovina, Makedoniya, Belarus və digər ölkələrin təhsil işçiləri həmkarlar ittifaqları ilə ikitərəfli əməkdaşlıq müqavilələri imzalamışıq.

Avropa Komissiyası və Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin birgə dəstəyi ilə keçirilən, Danimarka, Niderland, Portuqaliya, Yunanıstan, Slovakiya, Rusiya kimi ölkələrin də iştirak etdiyi, "Təhsildə İKT-nin rolu" beynəlxalq layihəyə qoşulmuşuq. ATİAHİ iki ilə qədər davam edən bu layihəyə öz layiqli töhfəsini vermişdir.

Bunlardan əlavə, Respublika Komitəsi hesabat dövründə bir neçə sanballı beynəlxalq tədbirə ev sahibliyi etmişdir.

Səttar müəllim çıxışını bu sözlərlə yekunlaşdırdı: "Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı, onun üzv təşkilatları qarşılarına qoyduqları vəzifələri bundan sonra da inamla yerinə yetirəcək, gündən-günə inkişaf edən və çiçəklənən doğma respublikamızın təhsil sahəsində çalışan işçilərin və oxuyan gənclərin hüquqlarının müdafiəçisi funksiyasını layiqincə yerinə yetirəcəkdir".

Sonda təşkilati məsələyə baxıldı. Səttar Möhbalıyev yekdilliklə növbəti dövr üçün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri seçildi.

Bəyalı RZAYEV