Hesabat dövründə görülən işlər müsbət qiymətləndirildi


Baxıldı : 127

Tarix : 2019-06-07 12:07:28


Mayın 17-18-də Moskvada Rusiya Əmək Konfederasiyasının (RƏK)  10-cu qurultayı keçirilmişdir. Qurultayda RƏK-in üzv təşkilatlarının 200-dək nümayəndəsi, o cümlədən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Baş katibi Şaran Barrou, BHİK Pan-Avropa Regional Şurasının (PARŞ) prezidenti və Gürcüstan Həmkarlar İttifaqları Birliyinin sədri İrakli Petriaşvili, BHİK PARŞ-ın icraçı katibi Anton Leppik, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Moskva ofisinin rəhbəri Olqa Kulayeva, BƏT-in Avropa və Mərkəzi Asiya ölkələri üzrə işçilərin fəaliyyəti bürosunun rəhbəri Serqius Qlovaskas, BƏT-in Moskva bürosunun mütəxəssisi Qoça Aleksandriya, Rusiya Dövlət Dumasının Əmək, sosial siyasət və veteranlarla iş üzrə komitəsinin sədri Yaroslav Nilov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), həmçinin Almaniya, Fransa, Hollandiya, Braziliya, Bolqarıstan, Belarus, Qazaxıstan həmkarlar ittifaqları konfederasiyalarının üzvləri, ekspertlər, yerli və beynəlxalq birliklərin, ictimai və elmi təşkilatların nümayəndələri iştirak etmişdir.

Qurultayın birinci günü  Beynəlxalq Əmək Təşkilatının (BƏT) 100 illik yubileyinə həsr olunmuş “Birləşmək azadlığı, həmkarlar ittifaqlarının hüquqları, cəmiyyətin və həmkarlar ittifaqı hərəkatının gündəmi” adlı beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

Çıxış və müzakirələrdən sonra qurultay nümayəndələri tərəfindən RƏK-in İcraiyyə Komitəsinin hesabatı dinlənilmiş və təsdiq edilmişdir. Hesabat ətrafında çıxış edənlər görülmüş işləri müsbət qiymətləndirmişlər. Daha sonra Rusiya Əmək Konfederasiyasının seçkili orqanları yenidən formalaşdırılmışdır. Konfederasiyanın Şurasının və nəzarət-təftiş komissiyasının seçkiləri keçirilmişdir. Boris Kravçenko yekdilliklə Rusiya Əmək Konfederasiyasının prezidenti seçilmişdir. Sergey Kovalev (Rusiya Aviasiya Dispetçerləri Federal Həmkarlar İttifaqlarının lideri)- Baş katib, İqor Kovalçuk (Rusiya Dənizçilərinin Həmkarlar İttifaqları) - İcraiyyə Komitəsinin sədri,  İqor Pavlov - Şuranın sədri, Oleq Şin isə RƏK-in vitse-prezidenti seçilmişlər.

Qurultayda Rusiya Əmək Konfederasiyasına layiqli iş prinsiplərini təbliğ etmək istiqamətində göstərdiyi fəaliyyətə  görə BƏT-in 100 illik yubileyi münasibətilə diplom təqdim olunmuşdur.

Qurultayda AHİK sədrinin brinci müavini İlyas Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.