Hesabat məruzəsi məqbul  sayıldı və təsdiqləndi


Baxıldı : 190

Tarix : 2018-01-26 20:06:19


Yanvarın 22-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin növbəti iclası olmuşdur.

İclası giriş sözü ilə AHİK sədri, millət vəkili Səttar Möhbalıyev açmışdır. Əvvəlcə o, gündəlikdə duran məsələni təqdim etmişdir. Demişdir ki, biz bu gün sizinlə birlikdə Konfederasiyanın V qurultayına hesabat məruzəsinin müzakirəsini aparıb, onu təsdiq etməli və məruzəçini müəyyənləşdirməliyik.

S.Möhbalıyev çıxışında ötən 5 ildə ölkəmizdə gedən iqtisadi, sosial proseslərin qısa xülasəsini diqqətə çatdırdı. Bu proseslərdə həmkarlar ittifaqlarının iştirakından danışdı. Bildirdi ki, son 5 ildə dünyada baş verən iqtisadi, maliyyə böhranlardan işçilərin az itkilərlə çıxması üçün dövlətimizlə bərabər həmkarlar ittifaqları da çox, təsirli işlər görmüşdür. Başqa sözlə, qurultaylararası dövr bizim üçün aktiv fəaliyyət illəri olmuşdur. Biz işçilərin maraqlarını, hüquqlarını daha mükəmməl qorumaq istəyimizə nail olmaqdan ötrü sosial, əmək münasibətlərinin yeni sistemini formalaşdırmağı qarşımıza məqsəd qoymuşduq.

Bu məqsədlə Milli Üçtərəfli Komissiya yaradılması məsələsini qaldırdıq. Komissiyanın bütün sənədlərini Konfederasiya hazırladı və tərəfdaşlarımız tərəfindən təsdiq edildi. 2016-cı ildən komissiya fəaliyyətdədir.

Sosialyönümlü qanun layihələrinə ötən 5 ildə 50-yə qədər təklif vermişik. Təkliflərimizin böyük əksəriyyəti qanunlarda nəzərə alınıb.

S.Möhbalıyev AHİK-in hesabat dövründə göstərdiyi fəaliyyətin digər məqamlarına da toxundu.

Dedi ki, hesabat məruzəsində bütün bunlar öz əksini ətraflı şəkildə tapıb. Çıxışının sonunda tövsiyə etdi ki, nümayəndələr öz fəaliyyət sahələrində mövcud problemləri V qurultayda səsləndirsinlər.

AHİK-in növbəti hesabat ili üçün əsas istiqamətlərinin hazırlanması prosesində təkliflərlə iştirak etsinlər. Tənqid və özünütənqiddən çəkinməsinlər.

Gündəlikdə duran məsələ ətrafında çıxışlar dinlənildi. Sonra məruzə məqbul sayıldı və təsdiq edildi. Hesabat məruzəsini qurultaya təqdim etmək AHİK sədri, millət vəkili S.Möhbalıyevə həvalə olundu.