Həssas qruplar beynəlxalq təşkilatların diqqət mərkəzində


Baxıldı : 131

Tarix : 2019-06-07 09:41:58


Mayın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə “Həssas qruplara dair” mövzusunda regional konfrans keçirib.

Tədbiri açan AHİK-in sədr müavini Cavanşir Alxasov bildirib ki, davamlı iqtisadi inkişaf yolu seçmiş Azərbaycan Respublikasında dövlətin həyata keçirdiyi sosial-iqtisadi siyasətin prioritetləri sırasında sosial müdafiə sisteminin təkmilləşdirilməsi önəmli yer tutur. Aparılan uğurlu iqtisadi siyasət nəticəsində ölkədə sosial müdafiə sisteminin fəaliyyətini tənzimləyən normativ-hüquqi baza yaradılmış, habelə bir sıra beynəlxalq konvensiyalara və sazişlərə qoşulmaqla vətəndaşların sosial təminatı ilə bağlı ciddi öhdəliklərə imza atılıb.

Öz sıralarında 1,5 milyon əmək  iqtidarlı təbəqələri birləşdirən həmkarlar ittifaqları işçilərin sosial, iqtisadi, hüquqi münasibətlərini qoruduqları kimi, onların sağlamlığını, tibbi xidmətini də diqqət mərkəzində saxlayır. Belə ki, əhalinin aztəminatlı, xüsusi zəif, işləməyən əlil qrupu xüsusi münasibət tələb edir. Bu məqsədlə Azərbaycan Respublikası 2008-ci ildə “Əlillərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulub. Bu istiqamətdə həmkarlar təşkilatları öz səlahiyyətləri çərçivəsində həmin konvensiyanın tələblərinin tam icra olunmasına ictimai nəzarəti həyata keçirərək, müəssisə və təşkilatlarda yaradılmış komissiyaların işlərində iştirak edirlər.

C.Alxasov daha sonra qeyd edib ki, 2016-cı ilin yanvar ayından etibarən ilkin əlilliyin təyinatı sadələşdirilib, elektron variant tətbiq olunub.

I qrup əlillik müddətsiz, təkrar II-III qrup əlillər üçün xəstəliyin proqnozu nəzərə alınmaqla 5 il müddətinə və ya müddətsiz təyin olunur.

2019-cu ilin əvvəlindən etibarən bütün növ pensiyaların, müavinətlərin və Prezident təqaüdlərinin, o cümlədən əlillərin aylıq məbləğləri ölkə Prezidentinin müvafiq sərəncamları  ilə nəzərə çarpan dərəcədə artırılıb.

Nazirlər Kabinetinin  qərarı ilə əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks proqrama  müvafiq olaraq, kollektiv müqavilələr bağlanarkən, əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən III qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əməkhaqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, I və II qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əməkhaqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi həyata keçirilir.

Əlillik təyin olunduqdan sonra onların müvafiq sosial təminat məsələləri və ya istehsalat xəsarəti, peşə xəstəlikləri nəticəsində əlil olmuş şəxslərə dəyən zərərin ödənilməsi məsələlərində onlara lazımi köməklik göstərilir. Sanatoriya göndərişlərinin bölgüsü aparılarkən ilk növbədə işləyən əlilləri təmin etmək nəzərdə tutulur. Hər il Qarabağ, 20 Yanvar və Çernobıl əlillərinə maddi yardım göstərilir.

Bundan əlavə, əlillərin mənzil şəraitinin yaxşılaşdırılması, onların nəqliyyat vasitələri və ya əlil arabaları ilə təmin olunması kimi mühüm tədbirlər də həyata keçirilir.

AHİK sədrinin müavini bildirib ki, həmkarlar ittifaqı təşkilatları tərəfindən ümumilikdə 66 aztəminatlı ailənin uşaqlarının təhsil haqqı ödənilib. 156 tələbəyə aylıq təqaüdlər müəyyən edilib. 49606 nəfər şəhid ailəsi üzvünə, qaçqın və məcburi köçkünlərə ərzaq və pul yardımları göstərilib. Qarabağ əlillərinin, eləcə də şəhid ailələrinin, aztəminatlı ailələrin problemləri həmişə həmkarlar ittifaqlarının diqqət mərkəzindədir. Bu gün Həmkarlar ittifaqı təşkilatlarına müraciət edən hər bir Qarabağ əlili, eləcə də şəhid ailələri, aztəminatlı ailələrin problemlərinə həssaslıqla yanaşılır və həllinə köməklik göstərilir.

Pensiyaçıların, o cümlədən əlillik dərəcəsi olanların sosial müdafiə hüquqları istiqamətində maarifləndirilməsi məqsədilə bu təbəqədən olan vətəndaşlar üçün kitabça, yaddaş hazırlanaraq digər materiallarla birlikdə sahə həmkarlar ittifaqlarına göndərilmiş və bu sahədə işlər davam etdirilir. Əmək və Sosial Münasibətlər Akademiyasında Həmkarlar ittifaqları sədrləri və fəalları üçün hər il təşkil olunmuş seminarlarda əlilliyin təyin olunması meyarları və bu haqda yeni normativ sənədlər barədə mühazirələr oxunur.

Konfransda BƏT-in Mərkəzi Asiya və Ş

ərqi Avropa üzrə Bürosunun rəhbəri Serqius Qlovaskas, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Pan Avropa Regional Şurasının (BHİK/PARŞ) nümayəndəsi Olqa Nicolae də  giriş nitqi söyləyiblər.

Üç gün davam edən konfransda “Həssas qruplara dair həmkarlar ittifaqının fəaliyyəti”, “Həssas qruplara aid işlərlə bağlı həmkarlar ittifaqları üçün tövsiyələr”, “Həssas qruplara aid olan şəxslərin hüquqlarının hüquqi cəhətdən qorunmasında həmkarlar ittifaqlarının rolu”, “Həssas qruplarla işdə həmkarlar ittifaqlarının fəaliyyətinə istiqamət verəcək gender problemlərinə yanaşmalar” və s. mövzularda işçi qruplarında çıxışlar dinlənilib, fikir mübadilələri və müzakirələr aparılıb.

M.AZƏR