Həyat yoldaşım 2019-cu ilin noyabrında avtomobil qəzası nəticəsində həlak olub


Baxıldı : 220

Tarix : 2020-07-27 04:11:08


 

Həyat yoldaşım 2019-cu ilin noyabrında avtomobil qəzası nəticəsində həlak olub. Həmin vaxtdan ailə başçısını itirməyə görə 8 yaşına çatmamış 2 uşağa  ümumilikdə 200 manat əmək pensiyası təyin edilib. Mən isə, ana olaraq, 8 yaşına çatmayan həmin uşaqlara qulluq edirəm, heç bir yerdə işləmirəm və pensiya, digər hər hansı sosial təminat növü almıram. Bilmək istəyirəm ki, belə halda uşaqlara qulluq etdiyimə görə mənim 80 manat aylıq sosial müavinət almaq hüququm vardırmı?
Nadiyə CƏBRAYILOVA,
Quba rayonu, Bərğov kəndi.

- Sosial müraciətlər “Sosial müraciətlər haqqında” qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.
Qanuna əsasən, sığortaolunanların üç yaşınadək uşağa qulluğa, uşağın anadan olmasına görə, dəfn üçün müavinətlər dövlət sosial sığorta vəsaitləri hesabına, qalan pul vəsaitləri dövlət büdcəsi hesabına ödənilir.
Əmək pensiyaları isə məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunandan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara verilən aylıq pul ödənişidir.
Həyat yoldaşınızın əmək stajı və digər şərtlər imkan verib ki, “Əmək pensiyaları haqqında” qanunun 14-cü maddəsinə uyğun olaraq Sizə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. Və buna görə də Siz qeyd etdiyiniz sosial müavinəti ala bilməyəcəksiniz.
Qeyd edək ki, bu gün üçün əmək pensiyasının minimum məbləği 230 manatdır.

Bilmək istəyirəm, yay vaxtı isti havada hansı temperatur olanda işçilərin işləməsinə icazə verilmir? Bu cür hallarda əməkhaqqı necə ödənilir?

Siyavuş HƏSƏNOV,
Bakı şəhəri.

- Bu məsələ Əmək Məcəlləsinin 233 -cü maddəsi və “İlin soyuq vaxtında açıq havada və ya isidilməyən örtülü binalarda, habelə isti havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri” adlanan ƏM-ə 2-ci əlavə ilə tənzimlənir. Qeyd edilən normativ sənədlərə əsasən, havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir.
Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir.
İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq, ödənilir. 
Əməyin mühafizəsinin təmin edilməsi məqsədilə Məcəllədə nəzərdə tutulmuş hallarda iş dayandırıldıqda işçi başqa işə keçirilə bilər. Bu halda işçi azmaaşlı işə keçirilərsə, onun əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanılır.


Eşitdiyimə görə, hərbi xidmətdə olanların iş yeri və vəzifəsi saxlanılır. Hərbi xidmətdən qayıtmışam. Əvvəlki işimlə təmin olunmaq üçün hara müraciət etməliyəm? 

Tofiq ƏLİZADƏ,
Sumqayıt şəhəri.


- Nəzərinizə çatdırırıq ki, Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən, tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin bir halı kimi “a” bəndində göstərilmişdir: “işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda”.
İşçi hərbi ximətə çağırılmaqla əlaqədar əmək müqaviləsinə xitam verilsə də, hərbi xidmətdən qayıtdıqdan sonra əvvəlki iş yerində işləmək istəyirsə, bu zaman onun vəzifəsinə götürülmüş işçi ilə bağlanan əmək müqaviləsi ləğv edilir. Bu hal da həmin maddənin “ə” bəndində belə göstərilmişdir: “əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə”.
Qanunvericilikdə əmək müqavilələrinə xitam verilərkən bəzi hallarda işçilər üçün təminatlar da nəzərdə tutulur  ki, bu təminatlardan biri də həqiqi hərbi xidmətdə olduğu vaxt onun iş yerinin saxlanılmasıdır. Aydındır ki, Sizin müraciətiniz də bu hüquq müstəvisi baxımındandır. Lakin “Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları adlanan 77-ci maddəyə 2008-ci ildə (“Gənclər siyasəti haqqında” qanunun tətbiqi ilə əlaqədar) edilmiş əlavələrə əsasən, maddəyə 9-cu hissə əlavə edildi və 2009-cu ildəki dəyişikliklə həmin hissə aşağıdakı kimi verildi:
“9. Qanunvericiliklə müəyyən edilmiş qaydada, müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan ən gec 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər”.
Sizin hərbi xidmətdən buraxılmağınızdan 60 gün keçməyibsə, əvvəl işlədiyiniz təşkilata müraciət edib öz işinizə qayıda bilərsiniz.