Həyat yoldaşım I qrup əlildir, mən isə dövlət qulluğunda işləyirəm, həm də ona qulluq edirəm


Baxıldı : 60

Tarix : 2019-09-06 18:45:42


Həyat yoldaşım I qrup əlildir, mən isə dövlət qulluğunda işləyirəm, həm də ona qulluq edirəm. I qrup əlil olan həyat yoldaşıma qulluq etdiyimə görə mənə iş vaxtı güzəştlər müəyyən edilə bilərmi?

Maral MƏMMƏDOVA, Lənkəran şəhəri.

 

- Dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətlər və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” qanunla tənzimlənir.Bu qanunun 19-cu maddəsində dövlət qulluqçusunun başqa hüquqları ilə yanaşı qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər (sosial məzuniyyətlər, özünün və ya ailə üzvlərinin müalicəsi ilə əlaqədar və elmi məzuniyyətləri) özünün və ya ailə üzvlərinin əlilliyi, sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar pensiyalar və müavinətlər almaq hüququnun olması da qeyd edilmişdir.

Qanunun 2.5. maddəsinə əsasən, həmin qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir. Əmək Məcəlləsində qadınlara, əlillərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi nəzərdə tutulmuşdur. Lakin “Dövlət qulluğu haqqında” qanunda I qrup əlilə xidmət etməyə görə iş vaxtında güzəştlər nəzərdə tutulmamışdır.

“Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanunun 2-ci maddəsinə əsasən dövlət qulluğunda olan I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, hamilə və yaşyarımadək uşağı olan qadınlara və yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalara, habelə uşaqların qəyyumlarına, himayədarlarına həftədə 36 saat iş vaxtı müəyyən edilir.

Maddənin məzmunundan məlum olur ki, dövlət qulluqçusu üçün I qrup əlilə xidmət etməyə görə qısaldılmış iş vaxtı nəzərdə tutulmamışdır. Lakin bu hal kollektiv müqavilədə nəzərdə tutulubsa, onda sizə də şamil edilməlidir.

 

Sosial müavinət üçün müraciət etmişdim. Dedilər ki, bu müavinətlər ancaq əmək qabiliyyətli olmayan şəxslərə yerilir. Sosial müavinət almaq üçün əmək qabiliyyətli olmayan şəxs dedikdə kimlər başa düşülür?

Səməd HƏMİDOV, Beyləqan rayonu.

 

- Sosial müavinətlər “Sosial müavinətlər haqqında” qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.

Adıçəkilən qanunda sosial müavinət almaq üçün əmək qabiliyyətli olmayan şəxslər dedikdə əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud  18  yaşına çatanadək sağlamlıq  imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları başa düşülür.

 

Səsvemə günü  işçi işlədilə bilərmi? İşlədilərsə, əməkhaqqı ona hansı qaydada ödənilməlidir?

 

Sabir KƏRİMOV, Bakı şəhəri.

- Dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə, su, qaz və elektrik təchizatı, istilik, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaqdan ötrü zəruri işlərin görülməsini təmin etmək üçün, eyni zamanda fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir. Yuxarıda göstərilən hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi Əmək Məcəlləsinin 164-cü maddəsində nəzərdə tutulan qaydada ödənilir. Həmin maddədə deyilir: istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:

-əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;

-əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;

-aylıq maaş  alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

Bu günlərdə işləyən işçiyə onun arzusu ilə əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.