Həyat yoldaşım institutu bitirəndən sonra birinci iş yeridir ki, işləyir


Baxıldı : 206

Tarix : 2019-07-08 07:21:40


Həyat yoldaşım institutu bitirəndən sonra birinci iş yeridir ki, işləyir. Stajı 5 aydır. Ona hamiləliyə və doğuşa görə məzuniyyət pulu düşürmü? Həm də bilmək istəyirəm, 126 gün məzuniyyət hesablanarkən təkcə iş günləri nəzərə alınır, ya buraya istirahət günləri də daxildir?

Hamiləliyə və doğuşa görə məzuniyyətə çıxanda ona 126 günlük məzuniyyət verilib, lakin pulun ödənilməsini həyata keçirmirlər. Kadrlar şöbəsindən və mühasibatlıqdan bildirdilər ki, əmək stajı az olduğu üçün yoldaşıma hamiləliyə və doğuşa görə məzuniyyət pulu düşmür.

Bu, düzgündürmü?

 

Zakir BƏDƏLOV,

Bakı şəhəri.

 

- Hamiləliyə və doğuşa görə verilən sosial məzuniyyətlər Əmək Məcəlləsi ilə müəyyən edilir. 125-ci maddəyə əsasən, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda isə 140 təqvim günü (doğuşdan sonrakı məzuniyyət də 56 təqvim günü yox, 70 təqvim günü) verilir.

Qanunvericiliyin tələbindən görünür ki, hamiləliyə və doğuşa görə verilən məzuniyyət təkcə iş günlərini əhatə etmir, təqvim günü ilə hesablanır ki, buraya istirahət və bayram günləri də daxil olur. Hamiləliyə və doğuşa görə məzuniyyətlərin verilməsi Əmək Məcəlləsi ilə tənzimlənsə də, müavinətin ödənilməsi və bunun üçün sosial-sığorta stajının hesablanması qaydaları “Məcburi dövlət sosial sığorta üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin tələblərinə uyğun həyata keçirilir.

Həmin Əsasnaməyə əsasən, hamiləliyə və doğuşa görə müavinətlər məcburi dövlət sosial sığorta ödəmələri hesabına verilən ödənclərdir. Sosial sığorta ödəmələrini almaq hüququna isə ancaq məcburi dövlət sosial sığortasına cəlb edilmiş şəxslər malikdirlər. “Sosial sığorta haqqında” qanunun 8-ci maddəsinə əsasən, bu müavinətlər təyin edilərkən sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınır.

Sualınızdan məlum olur ki, heç bir yerdə işləməmisiniz. Ali məktəb illəriniz sosial sığorta stajına daxil olmadığı üçün sığorta stajınız yalnız 4 ay  20 gün hesablanacaq.

Adıçəkilən Əsasnamənin 3-cü bəndində deyilir ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuşa görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir.

Stajı 6 ay olmadığına görə, qanunvericiliyin tələbinə əsasən, ona hamiləliyə və doğuşa görə müavinət hesablanıb ödənilə bilməz. Odur ki, kadrlar şöbəsi və mühasibatlığın, sosial sığorta stajınız az olduğu üçün, həyat yoldaşınıza verdiyi cavab düzgündür.

 

Yaşı 18-dən az olan işçilər  gecə işlərinə cəlb edilə bilərmi? Belə işçilərə qısaldılmış iş vaxtı müəyyən edilməsi və attestasiya olunmaları haqqında məlumat verilməsini xahiş edirəm.

 

Elman ƏLİYEV,

Şəki şəhəri.

 

- Qanunvericiliklə yaşı 18-də az olan işçilərin gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, ezamiyyətə göndərilməsinə qadağa qoyulmuşdur (maddə 253). ƏM-in 97-ci maddəsi ilə axşam saat 22-dən səhər saat 6-dək gecə vaxtı sayılır. Məcəllənin 98-ci maddəsində isə gecə vaxtı işlərinə cəlb edilməsinə yol verilməyən işçilərin kimlər olması göstərilmişdir. Yaşı 18-dən az olan işçilər də bu siyahıya salınmışdır. Həm də qeyd edək ki, yaşı 18-dən az olan işçilər üçün gecə vaxtı axşam saat 20-dən səhər saat 7-dək hesab olunur.

Göründüyü kimi, gecə vaxtının özü də belə işçilər üçün fərqli müəyyənləşdirilmişdir. Bu isə, şübhəsiz ki, gənc işçilərin sağlamlığının mühafizəsinə yönəldilmişdir.

Yaşı 18-dən az olan işçilərə verilmiş güzəştlərdən biri də onların attestasiyadan keçirilməsinə yol verilməməsidir. Çünki attestasiya işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq üçün keçirilir. Qanunvericilik əmək, peşə vərdişlərinin, əmək stajının az olması və fizioloji vəziyyətləri ilə bağlı olan amilləri nəzərə alaraq ƏM-in 66-cı maddəsində attestasiya olunmayan işçilərin siyahısını vermişdir ki, yaşı 18-dən az olan işçilər də bu qəbildəndir.

Əmək Məcəlləsinin 91-ci maddəsinə uyğun olaraq qısaldılmış iş vaxtı işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər halları nəzərə alınaraq ƏM-ə və digər normativ-hüquqi aktlara əsasən tətbiq edilə bilər. Qısaldılmış iş vaxtı həm də əmək müqaviləsinin, kollektiv müqavilələrin şərtləri ilə müəyyən edilə bilər. Öz razılıqları ilə olsa da belə, işəgötürən yaşı 18-dən az olan işçini tam iş vaxtı ilə işlədə bilməz.

Yaşı 18-dən az olan şəxslərin də yaşı və fizioloji xüsusiyyətləri nəzərə alınaraq onlar üçün qısaldılmış iş vaxtı müəyyən edilmişdir. Qısaldılmış iş vaxtının müddəti həftə əzində 16 yaşadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün isə 36 saatdan artıq ola bilməz.

Lakin yaşı 18-dən az olan işçinin əməkhaqları qısaldılmış iş vaxtında işlədikləri üçün normal iş vaxtı ilə (həftədə 40 saat) qısaldılmış iş vaxtı arasında olan vaxt fərqinə görə azaldıla bilməz.

 

1981-1995-ci il tarixlərində Kəlbəcər rayon 1 May kolxozunda iqtisadçı, 1995- 2019-cu illərdə isə Kəlbəcər Rayon Rabitə Qovşağında baş mühasib işləmişəm. Dəniz səviyyəsindən yüksəkliyə görə əməkhaqqına həmişə 20 % əmsal əlavə olunub. 01 aprel 2019-cu ildən Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında təsərrüfat işləri üzrə müdir işləyirəm. O vaxtdan 20 % əmsal mənə verilmir. Bu əmsalın mənə düşüb-düşməməsi haqqında açıqlama verməyinizi xahiş edirəm.

 

Yusif TAĞIYEV,

Kəlbəcər rayonu.

 

- Nazirlər Kabineti 2002-ci il 22 avqust tarixli 137 nömrəli “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarla “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nı təsdiq etmişdir.

Sonradan Maliyyə Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin razılaşdırılmış təklifini nəzərə alaraq, 22 aprel 2003-cü ildə 54 nömrəli Qərarla həmin qərara aşağıdakı qeyd əlavə edildi: “Əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında çalışan məcburi köçkünlərin əməkhaqlarına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) minimum miqdarı həmin müəssisələrin və təşkilatların yerləşdiyi ərazilərdən asılı olmayaraq saxlanılır”.

Qeyd edilən bu dəyişikliyə görə, məcburi köçkünlərin əməkhaqlarına tətbiq edilən yüksəkliyə görə əlavə onların hansı rayonda məskunlaşmasından asılı olmayaraq ödənilir. Amma müəssisə büdcədən maliyyələşməlidir. Qərar özünü maliyyələşdirən, təsərrüfathesablı müəssisələrə şamil edilmir.

Çalışdığınız büdcədən maliyyələşən təşkilatda Sizə bu əmsal ödənilmirsə, onda müəssisənin tabe olduğu yuxarı quruma və ƏƏSMN-ə müraciət etməyiniz tövsiyə olunur.