Həyat yoldaşıma 2014-cü ildən 23 il 10 ay əmək stajı ilə II qrup əlilliyə görə əmək pensiyası təyin olunub


Baxıldı : 56

Tarix : 2020-09-11 16:17:48


Həyat yoldaşıma 2014-cü ildən 23 il 10 ay əmək stajı ilə II qrup əlilliyə görə əmək pensiyası təyin olunub. Əmək stajı 2006-cı ilə qədər olan dövrü əhatə edir. Əlillik müddəti 2021-ci ilin noyabr ayında bitir, lakin 2020-ci ilin yanvar ayında pensiya yaşı, yəni 61 yaş yarımı tamam olub. Bilmək istəyirik ki, həmin stajla yaşa görə əmək pensiyasına keçə bilərmi?

 

İsaməddin FİDAYEV, Quba şəhəri.

 

- “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində yaşa görə əmək pensiyası təyin edilməsinin şərtləri müəyyən edilmişdir. Bu şərtlərdən biri də tələb olunan yaş həddinə çatmaqdır.

2019-cu il iyulun 1-dən 2020-ci il iyunun 31-dək 61,6 yaşı tamam olan qadınlar 25 il əmək stajı ilə yaşa görə əmək pensiyası hüququ qazanmışlar.

Həyat yoldaşınızın əmək stajı 2006-cı il yanvarın 1-dən olan dövr üçün 23 il 10 aydırsa, onda adıçəkilən Qanunun 22.1. maddəsinə əsasən, 25 il hesablanacaq. Belə ki, 22-1.2.1. maddəyə əsasən, 2019-2020-ci illərdə qanunla müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dən olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.

Qanunauyğun olaraq bu zaman təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda həmin məbləğə çatdırılaraq ödənilir.

“Əmək pensiyaları haqqında” qanunun 34-cü maddəsinə əsasən, əmək pensiyalarının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa bir növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə, qanunvericiliyə uyğun olaraq aparılır. Əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçməyə qanun icazə verir.

Siz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinə müraciət etməlisiniz. Tələb olunan zəruri sənədləri təqdim etdikdən sonra araşdırılıb Sizə cavab veriləcək.

 

Mətbuatda tez-tez “əlavə təhsil” sözlərinə rast gəlirik. Əlavə təhsil nədir? Onu harada təşkil edirlər? Onun barəsində məlumat verməyinizi xahiş edirəm.

 

Qurban KƏRİMOV, Sumqayıt şəhəri.

 

- “Təhsil haqqında” qanuna əsasən, əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır.

Azərbaycan Respublikasında əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:

- ixtisasartırma;

- kadrların yenidən hazırlanması;

- stajkeçmə və kadrların təkmilləşdirilməsi;

- təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili;

- dərəcələrin yüksəldilməsi;

- yaşlıların təhsili.

Əlavə təhsilin məzmunu və təşkili qaydaları xüsusi təhsil proqramlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Əlavə təhsil ixtisasartırma və yenidənhazırlanma qurumlarında, təhsil müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə lisenziya verilmiş digər müəssisələrdə həyata keçirilir.

Müvafiq təhsil proqramları əsasında əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada sənəd verilir. İxtisasartırma kurslarını bitirmiş şəxslər barəsində stimullaşdırıcı tədbirlər tətbiq edilir.