“Həyati əhəmiyyətli qərarlar”


Baxıldı : 44

Tarix : 2018-06-09 02:01:34


Gənclərimizin düzgün ixtisas seçimində, işəgötürənlə münasibətlərini qurmaqda maarifləndirmə işinin çox böyük əhəmiyyəti var. “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının keçirdiyi “Həyati əhəmiyyətli qərarlar” seminarında əsas məqsəd düzgün ixtisas seçimidir.

Federasiyanın vitse-prezidenti Cəmaləddin İsmayılov bildirdi ki, gənclərin gələcəkdə iş seçimində çox ciddi problemlər yaranır və onlar işəgötürən tərəfindən işdən kənarlaşdırılır. Bu da onların sərbəst həyatına başlamağında çox ciddi problemlər yaradır.

Ona görə bu cür problemlə qarşılaşmamaq üçün gənclərimiz ixtisas seçimində və onun sirlərinə yiyələnməkdə özlərinə qarşı tələbkarlıq olmalıdır.

Çünki öz işinə bu gün şüurlu və məsuliyyətli yanaşma gənclərimizin gələcək taleyində həlledici rol oynayacaq.

Əsasən oğlan övladlarımız öncə öz ixtisas seçiminə və bu sahədə professionallığa nail olmaqda məsuliyyətli olmalıdır. Çünki onlar gələcəkdə ailə quranda özünün maddi tələbatını təmin etməlidir. Bunun üçün iş yerində bu şəxs bacarıqlı mütəxəssis olmalıdır. Hər bir gənc anlamalıdır ki, həyatımızın bu dövründə heç bir sahibkar bacarıqsız və peşəsiz işçini işdə saxlamayacaq.

Əgər 2000-ci ildə 95 min nikah bağlanırdı və onun 2 faizi boşanırdısa, 2017-ci ildə isə nikahın sayı 95 mindən 65 minə enib və pozulması 20 faizi ötüb. Cəmiyyətimiz üçün bu, çox həyati əhəmiyyətli problemdir.

Bu rəqəmlər onu təsdiq edir ki, gənclər həyatın çağırışına, onun çətinliklərinə hazır deyillər. Gənc ailələrin dağılmasının səbəblərindən biri də ailənin maddi durumunun aşağı olmasıdır.

Bu acınacaqlı nəticələrin səbəbi gənclər tərəfindən düzgün ixtisas seçilməməsi, işə məsuliyyətsiz yanaşmaları və qeyri-peşəkarlıqdır.

C. İsmayılov daha sonra qeyd etdi ki, nikah pozulan ailələrdə oğlanların əksəriyyəti əmək bazarından kənardadır və yaxud qeyri-formal sektorda aşağı məvaciblə işləyir. Bu vəziyyət onu da göstərir ki, nikah pozulan ailələrdə maddi cəhətdən təminat əsas məsələdir. Məhz buna görə qızların peşə alması çox vacibdir.

Əhəd İBADOV