Həyatımızı tıxaclardan asılı etməyək


Baxıldı : 67

Tarix : 2017-10-20 17:47:53


"2017-ci il yanvarın 1-dən sentyabrın 25-dək Bakı şəhərində 454 yol hadisəsi baş verib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm azalsa da, sürücülərin yollarda məsuliyyətsizliyi, təəssüf ki, davam edir". Bunu Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə Bölməsinin rəisi, polis polkovnik-leytenantı  Vaqif Əsədov bu il baş vermiş yol hərəkəti hadisələri ilə bağlı rəqəmləri açıqlayarkən söyləyib.

V.Əsədov baş verən yol hadisələrinin 30 faizə qədərinin məhz hərəkət zolağının pozulması nəticəsində baş verən təhlükəli manevrlərlə törədildiyini vurğulayıb.

 Yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov qəzetimizə verdiyi müsahibədə bildirdi ki, "Yol hərəkəti haqqında" qanunun 37 və 49-cu maddələrində bildirilir ki, hərəkət zolağının dəyişməsi ilə bağlı manevrlər edən, nəqliyyat vasitəsini zolaqlarda düzgün yerləşdirməyən sürücülər 40 manat cərimə olunur. Ekspert vurğuladı ki, bir çox sürücü qanunun bu maddələrindən xəbərsizdir. Onların maarifləndirilməsi zəruridir. Eyni zamanda ekspert ictimai nəzarətin vacibliyini də qeyd etdi.

"Xarici ölkələrin təcrübəsinə gəldikdə isə, Avropa, Yaponiya və Cənubi Koreyada sürücülük mədəniyyəti yüksək səviyyədədir, orada sürücülər çox intizamlı və nəzakətlidir. Əgər yolda  iki zolaq varsa, o şəkildə də hərəkət edirlər. Bizdə isə bir balaca tıxac yarananda yolda xaos baş verir, sanki "bir qab noxudu masanın üstünə töküblər" kimi bir mənzərə yaranır. Ən böyük eybəcərlik də elə o xaosdur. İnkişaf etmiş ölkələrdə yollarda nizam-intizam cərimə sisteminin köməyi ilə tənzimlənir. Ümumilikdə götürəndə cərimələrin məbləği yüksəkdir,   amma ölkədən asılı olaraq məbləğ dəyişir", - deyə Ə.Hüseynov söylədi.

Oktyabrın 10-da "Hyundai"ın ənənəvi Korporativ Sosial Məsuliyyət daşıyan "Gələcəyimiz üçün əl-ələ" proqramının təqdimat mərasimi keçirilib. Builki mesajı "Zolağı pozma!" olan proqramın məqsədi yol hərəkəti iştirakçılarının ən böyük probleminə diqqət yönəltməkdir.

"Yollarda sıxlıq və tıxaclar vaxtımızın böyük hissəsini əlimizdən almaqla onu daha faydalı keçirməyimizə mane olur. Ən acınacaqlısı da odur ki, təxirəsalınmaz yardıma gedənlər bu tıxaclarda qalırlar, kimlərinsə həyatı bu tıxaclardan asılı olur. Sıxlıq və tıxacların yaranmasının əsas səbəblərindən biri avtomobil sürücülərinin zolaqla hərəkət etməməsi, bir-birini sıxışdırmasıdır". Bu fikirləri “Hyundai Azərbaycan”ın marketinq direktoru Rauf Cahangirov layihə barədə danışarkən bildirib.

Kampaniya müddətində "Zolağı pozmamaq" barədə təlimlər keçiriləcək, elektron mediada verilişlər veriləcək və xüsusi aksiyalar təşkil olunacaq.

Günel QULİYEVA