“Heydər Əliyev və dəmir yolları”


Baxıldı : 98

Tarix : 2018-05-12 04:15:16


Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsində (MHİRK) ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev və dəmir yolları” adlı elmi-praktik konfrans və idman spartakiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

MHİRK-in sədri Fəzail Bağırov giriş sözü söyləyib. Bildirib ki, bu günlərdə ölkənin hər yerində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu da təsadüfi deyil. Bir əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan indi yeni inkişaf dönəmini yaşayır. Bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir. Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsindədir. Bu nəhəng işlər, şübhəsiz ki, böyük siyasi xadim, ümummilli lider Heydər Əliyevin şəxsi köməyi, dəmir yoluna daim qayğısı sayəsində mümkün olub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan nəqliyyat infrastrukturunun inkişaf konsepsiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yaradıcı şəkildə həyata keçirilir. Ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir, eləcə də ölkənin tranzit potensialının artırılması istiqamətində mühüm addımlar atılır.

Natiq ümummilli lider Heydər Əliyevin siyasi rəhbərlikdə olduğu illərdə dəmir yolunda həyata keçirilən yeniliklər haqqında geniş məlumat verib.

Daha sonra F.Bağırov bildirib ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi istiqamətində böyük işlər həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, Azərbaycan idman ölkəsinə çevrilir. Dəmiryolçu idmançılar da respublikamızda bədən tərbiyəsi və idman hərəkatının inkişafında mühüm rol oynayırlar. Aprel ayının 27-dən 29-na kimi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nabran qəsəbəsindəki “Lokomotiv” İstirahət Mərkəzinin İdman Kompleksində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş idman spartakiadası keçirilib. 200-dən çox dəmiryolçu-idmançı 5 idman növü - o cümlədən voleybol, minifutbol, stolüstü tennis, şahmat və dama üzrə yarışlarda mübarizə aparıb. Ümumi komanda hesabında Sərnişindaşımaları Departamenti I, Yükdaşımaları Departamenti II, İnfrastruktur Departamenti isə III yerə çıxıb.

 

Sonda bir qrup həmkarlar ittifaqı fəalına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 25 illik yubiley döş nişanları, spartakiadanın qaliblərinə isə kubok, diplom və pul mükafatları təqdim olunub.