Şəhid ailələrinə maddi yardım və mənəvi dəstək


Baxıldı : 733

Tarix : 2015-01-10 04:30:00


1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın müstəqilliyə qovuşmasında mühüm bir tarixi gün oldu. Həmin gecə onlarla insan Vətənin azadlığı üçün şəhid oldu. Həmin qanlı yanvar gecəsi xalqımızın yaddaşına çağdaş tariximizin ən faciəli, eyni zamanda qəhrəmanlıq səhifəsi kimi həkk olundu. O gecə azğınlaşmış sovet ordusu Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Öz canını Vətən yolunda qurban verənlər cənnətə, Azərbaycan isə müstəqilliyə qovuşdu. Faciədən 25 il keçməsinə baxmayaraq, şəhidlərimizin adı unudulmur, xatirələri minnətdarlıqla yad olunur. Şəhidlərimizin ailələri isə daim diqqətdə saxlanılır, dövlət tərəfindən onlara hər cür maddi-mənəvi yardım göstərilir. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə \ 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı\ nın təsdiq edilməsi də məhz bu amala xidmət edir.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) da xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini həmişə əziz tutur. Şəhid ailələrinə yardımlar göstərilməsi, güzəranlarının daha da yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində görülən işlər mütəmadi xarakter daşıyır. Onların AHİK-ə edilən müraciətlərinə diqqətlə yanaşılır. Ənənəsinə sadiq qalaraq AHİK məsulları bu il də yanvarın 9-da bir qrup 20 Yanvar şəhid ailəsi ilə görüş keçirdi, hər bir ailəyə birdəfəlik maddi yardım təqdim olundu. Sonra problemləri dinlənildi. Problemlərinin həlli istiqamətində müəyyən addımların atılacağı nəzərə çatdırıldı. \ Ülfət\ qəzetinin müxbirləri şəhid ailələrinin bir neçəsi ilə görüşüb, onlarla söhbətləşdi. Həmsöhbətlərimizdən eşitdiklərimizi oxucularımıza çatdırırıq. Oqtay NOVRUZBƏYLİ (şəhid Ağabəy Novruzbəylinin atası)-Oğlum Ağabəy azadlıq hərəkatının fəal üzvlərindən biri idi. Vətənin azadlığı, müstəqilliyi həmişə onu narahat edib. 20 Yanvar hadisələri baş verən zaman işğala qarşı çıxan insanlar arasında idi. Törədilən qanlı faciə ona da pis təsir göstərib. Yuxarı instansiyalara müraciətlər edib, məktublar göndərib. Haqsızlığa qarşı mübarizə aparıb. Bütün gücünün, qüvvəsinin tükəndiyini görərək, özünü zəhərləyərək intihar edib. Ağabəyin intiharı, əsl vətənpərvərlik qeyrəti, torpaq uğrunda ölməyi bacarmaq nümunəsi və milli qürurun təntənəsi idi. Şəhid ailəsi kimi biz dövlət tərəfindən həmişə diqqət görmüşük. AHİK sədri Səttar Mehbalıyev da şəhid ailələrinə qayğı ilə yanaşıb, problemlərinin həllinə lazımi dəstəyi göstərib. Məsələn, mən evimə telefon çəkdirmək istəyirdim. Müraciət elədim, müvafiq orqanlarla əlaqə saxladı. İstəyim yerinə yetirildi. Bundan başqa, hər zaman bizə maddi yardımlar göstərilir. Yəni AHİK və onun sədrindən razıyıq. Bu insanlar ki, şəhid olub, onlar bizim şəxsi ailə faciəmizdir, amma buna baxmayaraq millətin, dövlətin qürurudur. Mən də məhz bununla fəxr edirəm. Almara NƏBİYEVA (şəhid Yanvar Nəsirovun həyat yoldaşı)- Dövlətimiz öz qayğısı ilə ailəmizin yaralarına məlhəm olmağa çalışır. Bunu danmaq Allahsızlıq olardı. Bilmirəm, sizə deyəcəyim təklifim nə dərəcədə realdır. Amma deməyə də bilmirəm. Aldığımız təqaüd get-gedə bazardan geri qalır. Yaxşı olardı ki, təqaüdümüzün həcminə bir də yenidən baxardılar. AHİK-ə də minnətdarıq. Hər il bizi qəbul edirlər, maraqlanırlar, köməklik göstərirlər, sanatoriya və sağlamlıq mərkəzlərinə yollayışlar verirlər. Zəri BABAYEVA (şəhid İbiş Məmmədovun anası)-Oğlum cəmi 29 il yaşadı. İmperiyanın qanlı faciəsi nəticəsində igid oğullarımız həlak oldu. Sağ olsun Konfederasiyanı ki, bizi unutmur. Rəfiqə CABBAROVA (şəhid Firuz Cabbarovun anası) -Övladımı 20 Yanvar hadisələri zamanı itirmişəm. Vətən, dövlət sağ olsun. Həmişə diqqət və qayğı göstərirlər. Heç bir narazıçılığımız yoxdur. Nə problemimiz olur, müraciət edirik, eşidirlər. Həll etməyə çalışırlar. Şövkət XANMƏMMƏDOVA (şəhid Cəbrayıl Xanməmmədovun həyat yoldaşı) - 20 Yanvar bizim qan yaddaşımızdır. Bu tarixi yaşatmaq, bütün dünyaya çatdırmaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Ulu öndərimiz Heydər Əliyev şəhid ailələrinə həmişə müraciətlə deyərdi: \ Əbəs yerə şəhidlər verilməyib. Onlar xalqımızın xoş gələcəyi uğrunda mübarizə aparmışlar. Qarşıda bizi yaxşı günlər gözləyir\ .Cənab Prezidentimiz İlham Əliyevin şəhid ailələrinə göstərdiyi münasibət, verdiyi qiymət dövlət qayğısının parlaq nümunəsidir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından hər bir şəhid ailəsi çox razıdır. Hörmətli sədr, millət vəkili Səttar Mehbalıyevin şəhid ailələri ilə görüşləri, maddi-mənəvi dəstəyi bizdə müəyyən mənada təsəlli rolunu oynayır. Özüm \ Qadın və İnkişaf\ Mərkəzinin vitse-prezidenti vəzifəsində çalışıram. Bu faciəyə həsr olunmuş \ 20-dən 20-yə\ kitabım çapdan çıxıb. Şəhidlərin qəhrəmanlığı kitabda əks olunub. 4 övlad böyütmüşəm, 11 nəvəm var. Həmişə çalışmışam ki, onlar Vətənə məhəbbət, xalqa sadiq və şəhidlərə layiq vətəndaşlar kimi yetişsinlər. Şövqi BÜNYADOV 20 Yanvar Fondunun sədri - 20 Yanvar hadisəsi böyük faciədir və dövlət bu hadisənin iştirakçısı olmuş insanlara, onların ailə üzvlərinə həmişə diqqət və qayğı göstərib. Bu, danılmazdır. Mənəvi dəstəyə gəldikdə isə, hər il 20 Yanvarda, ölkə Prezidenti başda olmaqla, bütün dövlət xadimlərinin Şəhidlər xiyabanını ziyarət etməsi, eləcə də respublikaya gələn xarici hökumət rəhbərlərinin, nümayəndə heyətinin bura gəlməsi və şəhidlərin məzarları üzərinə gül dəstələrinin qoyulması, onlara göstərilən böyük ehtiramdır. Həmçinin 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planının təsdiq olunması da məhz bu amala xidmət edir. Eyni zamanda demək istəyirəm ki, hər bir şəhid ailəsinə maddi dəstək var. Dövlət tərəfindən verilən aylıq təqaüdün artırılması ilə bağlı rəsmi müraciət etmişik. Bu qərara yenidən baxılmasına çalışırıq. Amma bununla belə şəhid ailələrinə evlər verilib, əlillərə maşın hədiyyə olunub, sosial problemləri həll edilib. Yəni bir fond olaraq görülən işlərdən razıyıq. AHİK sədri, millət vəkili Səttar Mehbalıyev də həmişə bizim problemlərimizə isti münasibət göstərib. Özü şəhid qardaşıdır, faciəni yaxşı dərk edir. Dərdimizi bizim qədər bilir. Ona görə də hər il bizi yüksək səviyyədə qəbul edir, yardım göstərir. Yəni heç kim diqqətdən kənarda qalmır. Üzvlərimizin istirahət etməsi üçün təmənnasız yollayışlar verilir. Şəhid ailələri adından onu demək istəyirik ki, Azərbaycan bizim vətənimizdir, qürur yerimizdir və çalışırıq ki, övladlarımız da vətənpərvər ruhda böyüsünlər, tərbiyə alsınlar. Bu sahədə müəyyən iş aparılması üçün rəsmi olaraq hərbi hissələrin komandirlərinə müraciət etmişik. Torpaqlarımız işğal altındadırsa, bizdə vətənpərlik ruhu yüksək olmalıdır ki, onları düşməndən azad edək. Son olaraq demək istəyirəm ki, Vətən öz şəhidlərini heç vaxt unutmaz. Xalqımız bu şəhid övladlarının ucaldığı zirvəyə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır.Ə.İBADOV, A.MUSTAFAYEV