Himayəmdə birinin iki, digərinin üç yaşı olmaqla iki uşağım var


Baxıldı : 96

Tarix : 2018-08-31 18:43:41


Himayəmdə birinin iki, digərinin üç yaşı olmaqla iki uşağım var. Uşaq üç yaşına çatana kimi haqqı qismən ödənilən analıq məzuniyyətində olmuşam. Eşitdiyimə görə, 2013-cü ildən yaş həddi  artırılıb və bu məzuniyyət sonuncu uşaq 5 yaşına çatana qədər haqqı ödənilməməklə (ödənişsiz məzuniyyət) verilir. Bu, doğrudurmu?

 

İlhamə ƏLİYEVA,

Sumqayıt şəhəri.

- Əmək Məcəlləsinin 127- ci maddəsinə əsasən, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir.

Ödənişsiz məzuniyyətlərin verilməsi də Əmək Məcəlləsi ilə tənzimlənir. Bu məzuniyyətdən istifadə etmək isə bütün işçilərin hüququdur.

Ödənişsiz məzuniyyətlərin işçilərin xahişi ilə verilməsi Əmək Məcəlləsinin 130-cu maddəsi ilə tənzimlənir.

 Maddənin “a” bəndində uşaq dörd yaşına çatanadək valideynlərdən birinə, yaxud uşağa bilavasitə qulluq edən ailənin digər üzvünə ödənişsiz məzuniyyət verilməsi nəzərdə tutulmuşdur. Lakin bu müddətdə ödənişsiz məzuniyyətin verilməsi üçün qulluğa ehtiyacı olan uşağın xroniki xəstəliyə tutulmasını təsdiq edən həkim məsləhət komissiyasının rəyi olmalıdır. Yəni uşağın dörd yaşı tamam olanadək verilən ödənişsiz məzuniyyətdən başqa hallarda istifadə etməyi qanunvericilik nəzərdə tutmur.

Bu yaş həddinin 2013-cü ildən artırılıb qulluğa ehtiyacı olan uşağın 5 yaşı olanadək müddətə ödənişsiz məzuniyyətin verilməsi barədə Əmək Məcəlləsinin müvafiq maddəsində heç bir dəyişiklik və əlavələr edilməmişdir.

Lakin onu da qeyd etmək istəyirik ki, çalışdığınız müəssisədə əgər kollektiv müqavilə bağlanmışdırsa, ola bilər ki, uşağa qulluq etməyə görə ödənişli və ya ödənişsiz əlavə məzuniyyətlər nəzərdə tutula bilər.

Məhz ona görə də işlədiyiniz idarədə kollektiv müqavilənin olub-olmaması ilə maraqlanmağınız tövsiyə olunur.

 

Eşitdiyimə görə,  işə qəbul vaxtı işəgötürən tərəfindən işçiyə 3 ay sınaq müddəti təyin edilir. Lakin mənimlə əmək müqaviləsi bağlayarkən sınaq müddəti müəyyən etmədilər. Bu qanunauyğundurmu? Qeyd edim ki, yaşım18-dən aşağıdır.

 

Şamil HƏSƏNLİ,

Sumqayıt şəhəri.

 

- Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən etməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərtilə müəyyən edilir. İşçi və işəgötürən sınaq müddəti müəyyən olunmadan qarşılıqlı razılıqla əmək müqaviləsi bağlaya bilərlər. Bu müddət əmək müqaviləsinin əlavə şərtlərindən biridir və əmək müqaviləsində öz əksini tapmalıdır.

Lakin qanunvericilik əmək müqaviləsi bağlanarkən sınaq müddətinin tətbiq edilmədiyi halları da müəyyən etmişdir. Məcəllənin 52-ci maddəsi ilə sınaq müddətinin şamil edilmədiyi şəxslərin dairəsi müəyyənləşdirilmişdir. Bura yaşı 18-dən az olan şəxslər də aid edilmişdir. Belə ki, yaşı 18-dən az olan şəxslər işə düzələrkən onlarla əmək müqaviləsi sınaq müddəti müəyyən edilmədən bağlanılır.

Yaşı 18-dən az olan işçilər üçün hətta onların razılığı ilə olsa belə, sınaq müddəti müəyyən edilərsə, bu, etibarsız hesab olunur.

 

 

Konvensiyalarda işə qəbul üçün minimum yaş həddi nəzərdə tutulubmu? Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi beynəlxalq normalarla necə tənzimlənir?

 

Nurməmməd HƏŞİMOV,

Bakı şəhəri.

 

- İşə qəbul üçün minimum yaş həddi haqqında Konvensiya 1973-cü il iyun ayının 6-da qəbul edilmiş, 19 iyun 1976-cı ildə qüvvəyə minmiş, 19.05.1992-ci il tarixdə isə ölkəmiz tərəfindən ratifikasiya edilmişdir. 18 maddədən ibarətdir. Konvensiyada göstərilir ki, hər bir üzv dövlət uşaq əməyinin səmərəli aradan qaldırılmasını təmin etmək və yeniyetmələri daha tam fiziki və əqli inkişafına uyğun gələn səviyyəyədək işə qəbul etmək üçün minimum yaşı tədricən artırmaq məqsədi olan milli siyasəti həyata keçirməyi öhdəsinə götürür. Konvensiyanın 2-ci maddəsi ilə işə qəbul üçün minimum 15 yaş müəyyən edilib. Konvensiyada həmçinin qeyd edilir ki, işin xarakterinə görə və ya onun həyata keçirildiyi şərait üzündən yeniyetmənin səhhətinə, təhlükəsizliyinə və mənəviyyatına zərər vura bilən hər hansı bir muzdlu iş növünə və ya digər işə qəbul üçün minimum yaş 18-dən aşağı olmamalıdır. Buna baxmayaraq, milli qanunvericilik 16 yaş müəyyən edə bilər, əgər yeniyetmənin sağlamlığı, təhlükəsizliyi və mənəviyyatı tam qorunursa. Konvensiyaya görə, milli qanunvericiliklə 13 yaşdan 15 yaşadək şəxslər muzdlu və ya digər işlərdə müəyyən şərtlərlə işləyə bilərlər. Belə ki, bu iş onların səhhəti və inkişafı üçün zərərli deyilsə, məktəbə davamiyyətə, peşə yönümü və təhsil proqramında iştirak etməsinə və ya təhsildən faydalanmağa zərər gətirmirsə.

Konvensiya aşağıdakı işlərə tətbiq edilmir:

- ümumi, peşə və ya texniki təhsil məktəblərində, digər tədris müəssisələrində yerinə yetirilən işə;

- heç olmasa 14 yaşında olan şəxslər tərəfindən müəssisələrdə yerinə yetirilən işə (bu cür iş səlahiyyətli hökumət orqanlarının, harada müvafiq sahibkarların və əməkçilərin təşkilatları varsa, onlarla məsləhətləşdikdən sonra müəyyən etdiyi şərtlərə uyğun olaraq yerinə yetirilirsə);

-məktəb və peşə hazırlığı müəssisələrinin təhsil və hazırlıq kurslarında;

-müəssisələrdə həyata keçirilən peşə hazırlığı proqramlarında;

-peşə yönümü proqramlarının ayrılmaz hissəsi olan işlərdə.

 

Azərbaycan Respublikasının Dövlət gerbi nə vaxt qəbul edilib? Dövlət gerbi haralara vurulur?

 

Sənan ŞİRİNOV,

Bakı şəhəri.

 

- Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyinin rəmzidir. Xalq Cümhuriyyəti hökuməti gerb nümunəsinin qəbul ediləcəyi haqqında qərar çıxardı, lakin hakimiyyətin süqutu nəticəsində gerb qəbul edilmədi.

1991-1992-ci illər ərzində Azərbaycan Dövlət gerbinin hazırlanması ilə bağlı müsabiqəyə onlarla layihə təqdim olundu. 1993-cü il yanvarın 19-da Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış gerb nümunələrindən biri müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq olundu və “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” Əsasnamə qəbul edildi. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Bu rəngli təsvirdə ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızıldır.

Azərbaycan Respublikası Dövlət gerbinin qabarıq təsviri:

- Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidməti kabinetinə;

- Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və xidməti kabinetinə;

- Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına, məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;

- yerli nümayəndəli dövlət orqanlarının binalarına və iclas salonlarına;

- Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına;

- Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına vurulur.