Hökumət öhdəlikləri yerinə yetirməlidir


Baxıldı : 41

Tarix : 2017-10-20 17:43:10


2013-cü ilin 24 aprelində Banqladeşin paytaxtı Dəkkə şəhərində yerləşən geyim istehsalı ilə məşğul olan fabriklərin yerləşdiyi "Rana Plaza"nın çökməsi ilə 1127 nəfər həyatını itirmişdi. Hadisədən sonra Avropa Komissiyası, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK), İndustriALL Qlobal İttifaqı, Beynəlxalq Əmək Təşkilatı,  UNİ Qlobal İttifaqı, Avropa Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və sair təşkilatlar ölkədə iş sisteminin bərpası, çalışanların sağlamlıq və təhlükəsizliyinin təminatı üçün Banqladeşlə Davamlı İnkişaf üzrə Saziş imzalamışdı. Hadisədən 4 ildən çox vaxt keçməsinə baxmayaraq, Banqladeş hökuməti sazişdə qeyd olunan öhdəlikləri yerinə yetirməyib.

Sənəddə hüquqi bazanın möhkəmləndirilməsi, çalışanların həmkarlar təşkilatlarında birləşmək hüquqlarının dəstəklənməsi, işçilər arasında ayrı-seçkiliyin aradan qaldırılması, təhlükəsiz əmək şəraitinin yaradılması kimi öhdəliklər yer alırdı.

Avropa Komissiyası ötən dörd il ərzində görülən işlərin yetərsiz olduğunu, çalışanların hüquqlarının tam şəkildə qorunmadığını, həmkarlar ittifaqı təşkilatlarının təqib və təhdidlərə məruz qaldığını bildirib. Qeyd olunub ki, daha öncəki yoxlamalarda çatışmazlıqların həlli ilə əlaqədar bu ilin avqustuna qədər vaxt verilsə də, hökumət tərəfindən qəti addımlar atılmayıb.

BHİK-in baş katibi Şaran Barrou hökumətin öhdəlikləri yerinə yetirməməsinin geyim istehsalı sektorunda yoxsulluq və istismarın artmasına səbəb olduğunu deyib.

İndustriALL-ın baş katibinin müavini Cenni Holdcroft məsələ ilə bağlı söyləyib ki, işçilərin hüquqlarının qorunması ilə bağlı lazımi tədbirlərin görülməməsi beynəlxalq təşkilatların hökumətə bu yöndə təzyiqinin əsas səbəbidir.

UNİ Qlobal İttifaqının baş katibinin müavini Kristi Hofman və AHİK-in nümayəndəsi Lina Karr Banqladeş hökumətini əmək hüquqlarına hörmət etməyə və götürdüyü öhdəliklər çərçivəsində konkret addımlar atmağa çağırıblar.

Qısa zaman ərzində hökumət müraciətlərə müsbət cavab verməsə, beynəlxalq təşkilatlar Banqladeşə qarşı iqtisadi sanksiya ilə çıxış edə bilər.

Cavid SƏFƏROV