Hüquq və vəzifələr müəyyənləşdirilir


Baxıldı : 68

Tarix : 2017-01-06 22:27:52


Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı rəsmi sənəd formasıdır. Bu rəsmi sənəd işçinin həyatını və gələcəyini təmin edir.

Bəs bu gün respublikada əmək müqavilələrinin imzalanması sahəsində vəziyyət necədir?

Məsələ ilə bağlı Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevin fikirlərini öyrəndik. O bildirdi ki, əmək müqaviləsinin imzalanması işçilərin hüquqlarının daha etibarlı şəkildə qorunmasına gətirib çıxarır. Çünki əmək müqaviləsinə görə, işçi ilə işəgötürən arasında qarşılıqlı olaraq hüquq və vəzifələr müəyyənləşdirilir. Eyni zamanda əmək müqaviləsinin imzalanması həm də işəgötürən üzərində müvafiq əmək şəraitinin yaradılması öhdəliyini qoyur. Yəni vaxtında əməkhaqqının ödənilməsini və məzuniyyət hüququnun reallaşması imkanını yaradır, istehsalatda bədbəxt hadisələrdən məcburi sığorta məsələsini həll edir. Müqaviləsiz çalışan şəxs isə bu hüquqdan məhrum olur və illərlə çəkdiyi əziyyətin bəhrəsini müvafiq yaş həddinə çatdıqdan sonra görmür. Elə peşələr var ki, bu sahədə çalışan şəxslərin əməyindən geniş istifadə olunmasına baxmayaraq, onlarla əmək müqaviləsi bağlanmırdı.

Ə.Nuriyev qeyd etdi ki, vergi qanunvericiliyinə edilən dəyişikliklərə görə, yanvar ayından başlayaraq toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növü ilə məşğul olanlar sadələşdirilmiş vergiyə cəlb olunacaq: "Bu qərar çox müsbət addımdır. Çünki işəgötürənlə işçi arasında əmək müqaviləsinin imzalanmasının zəruriliyi Azərbaycan Respublikasının qanunvericiliyində öz əksini tapsa da, bu sahənin işçiləri ilə müqavilənin  bağlanmasına dair heç bir maddə yox idi.  Bunu belə izah etmək olar ki, əgər iş saatları ərzində işçinin başına bədbəxt hadisə gələrsə, eləcə də işəgötürənin təqsirli hərəkətləri nəticəsində işçiyə maddi və ya mənəvi ziyan dəyərsə, işəgötürən qanunvericiliyə müvafiq qaydada məsuliyyət daşıyır. Bunlar hamısı yalnız əmək müqaviləsi bağlandığı zaman mümkündür. Ancaq bu sahədə işləyən işçilərlə əmək müqaviləsi bağlanmadığı üçün bütün bunların heç biri qanunla onlara şamil edilmirdi. Hesab edirəm ki, qanunvericilikdə bu sahədə çalışanların əməyinin tənzimlənməsi ilə bağlı xüsusi maddələrin daxil edilməsi artıq lazım idi. Bu, bütövlükdə prosesdə olan boşluqların aradan qaldırılmasına və həmin şəxslərin əmək hüquqlarının etibarlı şəkildə qorunmasına gətirib çıxaracaq".

Onu da qeyd edək ki, bu cür fəaliyyət növləri ilə məşğul olanlar ayda sabit olaraq 30 manat, fərdi foto, audio-video xidmətlər sahəsində fəaliyyət göstərənlər ayda 30 manat, çəkməçi, pinəçilər ayda 5 manat, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olanlar 10 manat, fərdi evlərdə işləyən ev qulluqçuları, dayələr, bağbanlar, aşbazlar, gözətçilər ayda 10 manat, nəqqaşlıq fəaliyyəti ilə məşğul olanlar isə 20 manat həcmində vergi ödəyəcəklər.

 Aliyə SƏMƏDOVA