Hüquqların tam şəkildə  tətbiqinə şərait yaradılmalıdır


Baxıldı : 177

Tarix : 2017-01-13 22:52:25


Bir neçə gündür 10 yaşlı Nuray Bayramzadənin məhkəmədə zorla xalasından alınıb atasına verilməsi haqqında sosial şəbəkələrdə yayılan video müzakirə obyektinə çevrilib. Kadrlarda məhkəmə icraçılarının Nurayın istəyinə zidd olaraq xalasından zorla alınması, uşağa qarşı kobudluq göstərilməsi, atanın qızının pis vəziyyətə düşməsinə məhəl qoymadan aqressiv davranması öz əksini tapıb.

Bu hadisədən sonra Azərbaycan Ombudsman Aparatı Milli Məclisə "Uşaqların cismani cəzadan müdafiəsi haqqında" qanunun qəbulunu təklif edib. Qanun layihəsi beynəlxalq ekspertlərin iştirakı ilə Ombudsman Aparatı tərəfindən hazırlanaraq parlamentə təqdim edilib.

Məsələ ilə bağlı Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlıya müraciət etdik. O bildirdi ki, uşaq hüquqları haqqında ümumi normalar "Uşaq hüquqları haqqında" qanunda, İnzibati Xətalar Məcəlləsində və sairədə var. Amma yeni layihə daha konkretdir və məsələləri daha detallı şəkildə özündə əks etdirir: "Bu qanun layihəsinin əsas məqsədi cismani cəzalara məruz qalmış uşaqların hüquqlarının müdafiəsi, onlara sosioloji-psixoloji yardım göstərilməsi, uşaqlara qarşı törədilmiş cismani cəzaların səbəblərinin, ona şərait yaradan halların müəyyən edilməsi və cismani cəzaların tətbiqinə yol vermiş şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunmasıdır". Aparat rəhbəri qeyd etdi ki, qanun layihəsində cismani cəzaların qarşısının alınması sahəsində hüquqi, sosial və maarifləndirici olmaqla bir sıra tədbirlər nəzərdə tutulub.

Valideynlərdən birinin olmaması təqdirdə uşağın hər hansı bir qohumu tərəfindən qəyyumluğa götürülməsinə toxunan A.Səfixanlı dedi ki, bu, məhkəmənin səlahiyyətində olan bir məsələdir: "İstər qəyyumluğun qaldırılması, istərsə də valideynin kimliyinin bərpa olunması və yaxud da məhrum edilməsi məhkəmə qaydasında həyata keçirilir. Ancaq mən öz tərəfimdən məhkəmənin qərarına hər hansı bir şərh verməyi məqbul hesab etmirəm. Çünki bizim üçün əsas maraqlı məsələ hər iki tərəfin qarşılıqlı razılığı əsasında uşağın sağlam böyüməsinə və onun hüquqlarının tam şəkildə həyata keçirilməsinə şərait yaradılmasıdır".

Psixoloq Elnur Rüstəmov da məsələyə münasibət bildirdi. O, boşanmadan əvvəl ailələrin psixoloqa müraciət etməsinin vacibliyini vurğuladı: "Ümumiyyətlə, boşanma prosesi və sonrakı dövr nəzərə alınaraq uşaqların psixoloji zədələrə məruz qalmaması üçün əvvəlcədən psixoloqa müraciət olunmalıdır. Və eyni zamanda uşağın valideynlərindən birində və yaxud da qəyyumluğa götürən ailədə  qalması problemi yaranarkən onun fikri nəzərə alınmalıdır”.

Psixoloq qeyd etdi ki, əgər uşaq 10 yaşına çatıbsa, nəzərə alınır. 10 yaşından aşağı olanda isə bu cür proseslərə uşaq və yaxud ailə psixoloqları cəlb olunur. Və nəticəyə psixoloq rəyindən sonra qərar verilir: "Mən inanıram ki, Nuray məsələsindən sonra məhkəmələr bu cür proseslərə qarşı həssas yanaşacaq".

Aliyə SƏMƏDOVA