Hüquqlarınızı bilin


Baxıldı : 3

Tarix : 2017-11-17 22:08:39


Həyat sığortası və qeyri-həyat sığortası nə deməkdir və hansı qanunla tənzimlənir?

 

Səfa HÜSEYNOVA,

Şirvan şəhəri.

 

- "Sığorta haqqında" qanunun 38-ci maddəsində   sığorta obyektləri, sahələri və formaları göstərilmişdir. Qanuna əsasən, sığorta obyektləri sığortalının:

- həyatı, sağlamlığı, iş qabiliyyəti;

- əmlakı;

- digər şəxslərə vurduğu zərərə görə məsuliyyəti ilə bağlı qanunvericiliyə zidd olmayan əmlak mənafeləridir.

 Sığorta iki əsas sahədən - həyat və qeyri-həyat sığortası sahələrindən ibarətdir.

 Həyat sığortası - sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığortadır. Həyat sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə sığorta məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortalıya qaytarılır. Qeyri-həyat sığortası - sığorta hadisəsi baş verdiyi zaman sığortalıya vurulan zərər ödənilməklə onun məsuliyyəti, əmlakı və mənafeləri ilə bağlı risklərin sığortasıdır.

Sığortaçılar Qanuna uyğun olaraq həm həyat, həm də qeyri-həyat sığortası sahələrində və ya bu sahələrdən yalnız biri üzrə də fəaliyyət göstərə bilərlər.

Qeyd edilən sığorta növləri həm könüllü, həm də icbari formada həyata keçirilə bilər.

Həyat və qeyri-həyat sığortalının şərtləri və aparılması qaydası qanunvericiliyə uyğun olaraq sığortaçı ilə sığortalı arasında bağlanan müqavilədə müəyyən edilir.

İcbari sığortanın şərtləri və aparılması qaydası Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir. Qanunla digər hallar nəzərdə tutulmamışdırsa, icbari sığorta növləri üzrə işlərin aparılması xərclərinə ayırmalar 10 faiz miqdarında müəyyən edilir.

Həyat və qeyri-həyat sığortası sahələrində sığorta növləri, o cümlədən qanunla başqa hal nəzərdə tutulmayıbsa, icbari formada, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq müvafiq xüsusi razılığı almış bütün sığortaçılar tərəfindən həyata keçirilir.

 

Bu yaxınlarda müdiriyyət tərəfindən mənə tutduğum vəzifədən ixtisar olunacağım bildirildi. Mən bu işə təzə düzəlmişəm. Rəhbərlik bildirdi ki, axırıncı işə düzələn ixtisar olunmalıdır. Bilmək istərdim ki, müdiriyyət mənim vəzifəmi ixtisar edə bilərmi?

Sona VƏLİYEVA,

Şamaxı rayonu.

 

- Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Bu halda işçinin həmin iş yerində hansı müddətdən işləməsi əhəmiyyət kəsb etmir. Qanunvericilikdə bu əsasla işdən çıxarılan işçilər üçün bir sıra imtiyaz və təminatlar müəyyən edilmişdir. Belə ki, ƏM-in 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq aparılacaq ixtisarla bağlı işəgötürən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində işəgötürən işçiyə hər iş həftəsində əməkhaqqı saxlanılmaqla iş axtarmağa icazə verilməlidir. İşəgötürən tərəfindən işçiyə onun orta əməkhaqqından az olmamaqla işdənçıxarma müavinəti, ikinci və üçüncü aylar üçün orta əməkhaqqı ödənilməlidir.

Bundan başqa, ƏM-in 78-ci maddəsinə müvafiq olaraq işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı keçirilərkən ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşəgötürən işçilərin ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailə üzvlərinə, müharibə iştirakçılarına, əsgər və zabitlərin arvadlarına (ərlərinə), öhdəsində 2 və daha çox 16 yaşınadək uşağı olanlara, məcburi köçkün, onlara bərabər tutulan şəxslərin işdə saxlanmasına üstünlük verir.

Həmçinin işəgötürən hamilə, habelə 3 yaşınadək uşağı olan qadınların yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin və s. hallarda, həmçinin məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla işəgötürənin təşəbbüsü əsasında əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Əgər müəssisədə (idarə, təşkilatda) həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərirsə, ƏM-in 80-ci maddəsinə əsasən, işçilərin sayı və ya ştatların ixtisarı ilə bağlı həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinin ləğvi mütləq işəgötürən tərəfindən müəssisədə fəaliyyət göstərən  həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir.

Sizin sorğunuzla bağlı qanunvericiliyin

tələblərini izah etdik, lakin məktubunuzda özünüz barədə dəqiq məlumat vermədiyinizə görə, yuxarıda göstərilən imtiyazların Sizə şamil olunub-olunmaması barədə dəqiq cavab vermək mümkün deyil.

 

2 aydır hamiləliyə və doğuşa görə məzuniyyətə çıxmışam. Lakin uşağım ölü doğuldu. İki  gün əvvəl kadrlar şöbəsindən zəng vurub dedilər ki, işə çıxmalıyam. Rəhbərlik bildirib ki, uşaq ölü doğulduğuna görə artıq işdə olmalıyam, yoxsa  işdən çıxarılacağam. Axı məzuniyyətimin vaxtı qurtarmayıb. Bilmək istəyirəm ki, doğrudanmı qanunvericiliyə əsasən mən işə çıxmalıyam?

 

Sevinc SƏMƏDOVA,

Bakı şəhəri.

- Bildiririk ki, Əmək Məcəlləsinin 125-ci maddəsinə müvafiq olaraq işləyən qadınlara hamiləliyə və doğuşa  görə  126 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.                                                                                                                       

Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş " Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında" Əsasnamədə işləyən qadınlara hamiləliyə və doğuşa görə 126 təqvim günü müddət üçün  müavinətin ödənilməsi qaydaları öz əksini tapır.

Uşağınızın ölü doğulması heç də Sizin işə geri qayıtmağınız üçün əsas deyil. Çünki bu, qanunvericilikdə də əks olunduğu kimi, birbaşa qadına verilən imtiyazdır və bu imtiyazdan onu heç kim  məhrum edə bilməz.

Həmçinin uşağın ölü doğulması əsası ilə qadın işçinin hamiləliyə və doğuşa görə verilən sosial məzuniyyətdən geri çağırılması barədə qanunvericilikdə heç bir norma öz əksini tapmamışdır.

 

Qaynaqçı peşəsində ümumi əmək stajım 34 il, o cümlədən Oğuz Qaz İstismar İdarəsində isə 23 il olur. Eşitdiyimə görə qaynaqçı peşəsində işləyənlər əmək pensiyasına 57 yaşında çıxırlar. Bu barədə ətraflı məlumat almaqda köməklik göstərəməyinizi xahiş edirəm.

 

İsbəndiyar QƏRİBOV,

Oğuz rayonu.

 

- Qüvvədə olan "Əmək pensiyaları haqqında" qanunun 9-cu maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi zərərli və ağır olan işlərdə çalışan sığortaolunan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddədə qeyd olunan iş yerlərinin adları isə  Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda qeyd edilmişdir.

Həmin siyahının 35-ci bölməsi "Ümumi peşələr" adlanır. Buraya “qaz qaynaqçıları" da daxil edilmişdir.

Qanunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxanlar üçün istisnalar da mövcuddur. Belə ki, 9.8. maddəyə əsasən, "Qanun qüvvəyə minənədək (01.01.2006-cı ilədək) güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

Qeyd edək ki, Qanunun 9.1. maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" üzrə, həmin "Siyahı" təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı" və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzəfələrin və göstəricilərin 2 nömrəli Siyahısı" (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar.

Bütün qeyd edilənlərə əsasən, tövsiyə edirik ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, buna əsas bildiyiniz sənədlərlə birlikdə ƏƏSMN yanında DSMF-nin Oğuz rayon şöbəsinə müraciət edəsiniz. Lazım olan əlavə sənədləri də tələb etməklə, bu işə səlahiyyəti çatan şəxslər qanunvericiliyin tələblərinə uyğun olaraq müraciətinizi həll edəcəklər.