Hüquqlarınızı bilin


Baxıldı : 312

Tarix : 2016-12-24 06:03:18


Bu ilin sentyabr ayının 26-da beşinci uşağımız dünyaya gəldi. Eşitmişəm ki, 5 uşağı olan qadınlara yaşından asılı olmayaraq dövlətdən pul verilir. Mən də müraciət etdim, dedilər ki, sənə 5 uşağa görə müavinət düşmür. Xahiş edirəm, bu məsələni aydınlaşdırasınız.

 

Səba MƏMMƏDOVA,

Yardımlı rayonu.

 

- Çoxuşaqlı qadınlara müavinət verilməsi məsələsini düzgün eşitmişsiz. Lakin bunu Sizə deyənlər izahını düzgün verməyiblər. Belə ki, "Sosial müavinətlər haqqında" qanuna əsasən, həmin Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriyalı şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik pul vəsaiti ödənilir.

Qanunun 4.0.1.13. maddəsinə əsasən, beşdən çox uşağı olan qadınlara da aylıq müavinət ödənilir. 7.0.10-3. maddədə isə deyilir ki, "beşdən çox uşağı olan qadınlara müavinət - beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərtilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda sosial müavinət verilir”.

Müraciətinizlə əlaqədar Sizə sosial müavinət verilməməsi düzgündür. Çünki uşaqların sayı buna icazə vermir. Qanunun tələbinə əsasən, uşağın sayı 5-dən çox olmalı, 6-cı uşağınızın 1 yaşı tamam olmalı və uşaqların hamısı sağ olmalıdır. Siz bu şərtlər altında rayon ƏƏSMM-ə hər uşağa görə sosial müavinət ödənilməsi üçün müraciət edə bilərsiniz.

 

 İsmayıllı şəhərində əsas iş yerim olan musiqi məktəbində musiqi nəzəriyyəsini tədris edirəm. Eyni zamanda keçən 2015/2016-cı tədris ilində İsmayıllı şəhərində yerləşən Ağdam rayonu 30 saylı köçkün tam orta məktəbində müqavilə ilə musiqi müəllimi işləyirəm. Əsas iş yerimdən məzuniyyət pulumu almışam. Əlavə iş yerimdən isə məzuniyyət pulu almamışam.

Xahiş edirəm, bu məzuniyyət pulunun verilib-verilməməsinin qanunauyğunluğu haqqında məlumat verəsiniz.

Sevinc ƏHMƏDOVA,

İsmayıllı rayonu.

 

- Əmək Məcəlləsinə (ƏM) əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş dövlət orqanlarında müvafiq vəzifələrə qəbul edilən işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formatda bağlandıqda yaranır. Qalan bütün hallarda əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.

Məcəllənin 58-ci maddəsinə əsasən, əmək

 müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər.

Məktubunuzda əsas iş yerindən başqa 2015/2016-cı tədris ilində əvəzçilik üzrə əlavə iş yerində müqavilə ilə çalışdığınızı qeyd edirsiniz. Bu müqavilənin əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə olması haqqında məlumat yazmırsınız. Bildiririk ki, əlavə iş yerində əvəzçilik üzrə əmək müqaviləsi ilə fəaliyyət göstərən işçilərə heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir. Lakin podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə ƏM şamil edilmir (maddə 6).

İşçilərin məzuniyyət hüquqları da ƏM ilə tənzimlənir. 110-cu maddəyə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq ƏM ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

 İşçilərin ƏM ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Əgər əmək müqaviləsi ilə əvəzçilik üzrə işləyirsinizsə, onda işlədiyiniz əsas və əlavə iş yerlərinin hər birindən Sizə ƏM-in 140-cı maddəsinə uyğun olaraq məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması qaydasında məzuniyyət haqqı hesablanıb ödənilməlidir. Amma mülki-hüquqi müqavilə ilə işləyirsinizsə, onda Sizə əmək məzuniyyəti düşmür.