Hüquqlarınızı bilin


Baxıldı : 48

Tarix : 2017-10-14 04:04:56


Çalışdığım müəssisədə işçiləri bəzən iş vaxtından artıq işlədirlər. Belə halda bizə əlavə əməkhaqqı verilməlidirmi?

İsa ƏLİYEV,

Sumqayıt şəhəri.

 

- Əmək Məcəlləsi ilə beşgünlük və altıgünlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti müəyyən edilmişdir. Lakin işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasının müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirilməsi halları da olur ki, bu iş vaxtından artıq iş sayılır (ƏM, maddə 99).

Məcəllənin 165-ci maddəsinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əməkhaqqı aşağıdakı kimi ödənilir:

- əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;

- əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əməkhaqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

Qeyd edək ki, əmək müqaviləsində və kollektiv müqavilələrdə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.

İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.

İşəgötürən əmək qanunvericiliyinin tələblərini pozaraq işçini iş vaxtından artıq işlərə cəlb edə bilməz. Məcəllənin 101-ci maddəsində iş vaxtından artıq işlərə yol verilən müstəsna hallar qeyd edilmişdir. Həm də bildiririk ki, hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.

 

 

Məhkəmə qərarlarının icraya yönəlməsi vaxtını bilmək istəyirəm. Qətnamə qüvvəyə minmədən aliment tutula bilərmi?

Sabir MİRZƏYEV,

Bakı şəhəri.

 

- Qanunvericilik icra sənədlərinin icraya yönəldilməsi müddətlərini müəyyənləşdirmişdir. "İcra haqqında" qanunun 13.1. maddəsində qeyd olunan müddətləri nəzərinizə çatdırmaqla bildiririk ki, heç də bütün icra sənədləri eyni vaxtda icraya yönəlmir:

- şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri, qısamüddətli mühafizə orderi və məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri istisna olmaqla, məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri - bir ay ərzində;

- iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları əsasında verilən icra vərəqələri - dərhal;

- beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarları əsasında verilən icra vərəqələri - üç il ərzində;

- notariat orqanlarının icra qeydləri və inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları- on gün ərzində;

- şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri - dərhal;

- qısamüddətli mühafizə orderi və məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında icra vərəqələri - dərhal.

Nəzərinizə çatdırırıq ki, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələrinin dərhal icraya yönəldilməsinə aid olan 13.1.4.-1. maddə "İcra haqqında" qanuna son vaxtda edilən dəyişiklikdir. Bu maddəyə uyğun olaraq nikahın pozulması haqqında qətnamələr də alimentin tutulması hissəsində dərhal icraya yönəldilir.

 

Sığorta agentləri haqqında məlumat

verməyinizi xahiş edirəm. Sığorta agenti üçün ali təhsil tələb olunurmu?

 

Səbahət QASIMZADƏ,

Şirvan şəhəri.

 

-"Sığorta haqqında" qanunda istər sığortaçının özü və rəhbəri üçün, istərsə də sığorta agentləri üçün müəyyən tələblər qoyulmuşdur. Sığorta agentinə aid olan tələblər həmin qanunun 18-ci maddəsində aşağıdakı kimi göstərilmişdir:

Sığorta agenti (agent), təşkilati-hüquqi formasından asılı olmayaraq, hər hansı hüquqi şəxs və ya fiziki şəxs ola bilər.

Sığorta müqaviləsini bağlamaq və sığorta haqlarını qəbul etmək səlahiyyəti sığortaçıya məxsusdur. Bu səlahiyyət agentlik müqaviləsində göstərilmək şərtilə agentlərə də verilə bilər.

Agent müqavilə ilə sığortaçının adından və onun verdiyi səlahiyyət daxilində vasitəçilik fəaliyyəti göstərir, o cümlədən sığortaçını təmsil edərək onun adından sığorta müqaviləsini bağlaya bilər.

İkinci dərəcəli agent sığortaçı ilə müqavilə əsasında agentlik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxsdir.

İkinci dərəcəli agentlərə sığorta müqaviləsi bağlamaq və sığorta haqları qəbul etmək səlahiyyəti verilmir.

Sığortaçının idarəetmə orqanının rəhbəri və üzvləri, müdiriyyət üzvləri və digər məsul işçiləri istədikləri sığortaçının agenti ola bilməzlər. Bu tələb sığorta agentinin funksiyasını həyata keçirən banklara aid edilmir.

Həmin maddəyə əsasən, sığorta agentləri aşağıdakı tələblərə cavab verməlidirlər:

- minimum orta məktəb təhsili;

- mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsində, habelə dövlət hakimiyyəti, dövlət qulluğu manefeyi və ya yerli özünü idarəetmə orqanlarında qulluq mənafeyi əleyhinə olan cinayətlərin törədilməsinə görə məhkumluğun olmaması;

- fiziki şəxs olan agentlərin Azərbaycan Respublikasında daimi yaşaması, hüquqi şəxs olan agentlərin idarəetmə orqanlarının Azərbaycan Respublikasında yerləşdirilməsi.

Nəzərinizə çatdırırıq ki, sığorta agentlərinin fəaliyyəti qaydasının müəyyən edilməsini və onların uçota alınmasını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

 

Patentin qüvvədə olma müddəti neçə ildir?

 

İradə ZAMANOVA,

Bakı şəhəri.

- Patentlə verilən hüquqi mühafizənin həcmi və onun qüvvədə olma müddəti "Patent haqqında" qanunun 10-cu maddəsində göstərilmişdir. Belə ki, ixtira, faydalı model və sənaye nümunəsinə patentlə verilən hüquqi mühafizənin həcmi aşağıdakı kimi müəyyən edilir:

-ixtira və faydalı model üçün - onların düsturu ilə;

-sənaye nümunəsi üçün - məmulatın (maketin, rəsmin) fotoşəklində göstərilən mühüm əlamətlərinin məcmusu ilə.

 Azərbaycan Respublikası ərazisində patentin qüvvədə olma müddəti iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına verildiyi gündən etibarən aşağıdakı kimi müəyyənləşdirilir:

ixtira üçün -- 20 il;

faydalı model üçün -- 10 il;

sənaye nümunəsi üçün -- 10 il.

İxtira patentinin predmeti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada inzibati prosedurlardan keçməsi tələb olunan məhsula və ya məhsulun hazırlanma üsuluna aid olarsa, patent sahibinin vəsatəti əsasında patentin qüvvədə olma müddəti 5 ilə qədər uzadılır. Vəsatət patentin qüvvədə olduğu müddətdə verilir.

Sənaye nümunəsi patentinin qüvvədə olma müddəti patent sahibinin vəsatəti əsasında 5 ildən artıq olmamaq şərtilə uzadılır.

İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Məhsulun (məmulatın) alınma üsuluna patentlə verilmiş hüquq bilavasitə bu üsulla alınan digər məhsula da şamil edilir və əksini sübut edən hal olmadıqda yeni məhsul patentləşdirilmiş üsulla alınmış hesab edilir.

 

"Gender bərabərliyinin təmin edilməsi haqqında" qanunda ayrı-seçkiliyin aradan qaldırılmasında işəgötürənin vəzifələri müəyyən olunubmu?

 

Sevda VƏLİYEVA,

Sumqayıt şəhəri.

-Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən, işəgötürənin vəzifəsidir. Lakin "Gender (kişi və qadın bərabərliyinin təmin edilməsi haqqında" qanunda 8-ci maddə "Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılmasında işəgötürənin vəzifələri" adlanır. Sizin sualınızın cavabı həmin maddədə aşağıdakı kimi açıqlanır:

- işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı və işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən kişi və qadınlara fərqli yanaşdıqda, işçinin tələbi ilə işəgötürən həmin fərqli yanaşmanın işçinin cinsi mənsubiyyəti ilə bağlı olmadığını əsaslandırmalıdır (maddə 8.1.);

- işə qəbul edilmək barədə müraciətə rədd cavabı almış şəxs işəgötürəndən işə qəbul edilmiş əks cinsin nümayəndəsinin onunla müqayisədə malik olduğu təhsil, peşə hazırlığı, təcrübə, peşə keyfiyyətləri və digər üstünlüklər barədə yazılı izahat tələb etmək hüququna malikdir (maddə 8.2.).

Nəzərinizə çatdırırıq ki, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilərə və qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndəsinin üstünlüyünə yol verilməməsi üçün dövlət tədbirlər görür.