Hüquqlarınızı bilin


Baxıldı : 155

Tarix : 2017-10-20 17:47:16


Özəlləşdirilmiş mənzildə yaşayıram. Yaşadığım ərazidə yerləşən Mənzil-Kommunal Təsərrüfat Birliyinin (MKTB) işçiləri bizim də yaşadığımız mənzil üçün mənzil haqqı ödəməli olduğumuzu bildirirlər. Özəlləşdirilmiş mənzillərdə yaşayış sahəsindən istifadə haqqı ödənilməlidirmi? Həm də bilmək istəyirəm ki, hər hansı bir haqqın ödənilməsi MKTB - dən arayış alanda əsas götürülməlidirmi?

 

Nizami MƏLİKOV,

Bakı şəhəri.  

 

- Dövlət və ictimai mənzil fondu evlərindən, eləcə də özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərindən yaşayış sahəsi üçün istifadə haqqının ödənilməsi məsələsi Nazirlər Kabinetinin  "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) mənzil - kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında" 10 mart 2000-ci il tarixli 40 saylı qərarı ilə tənzimlənir. Həmin qərara 1 nömrəli əlavədə dövlət və ictimai mənzil fondu evlərində yerləşən yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı ) və özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə evlərin saxlanılması üçün xidmət haqqının məbləği müəyyən edilmişdir.

Qərarda özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin (binaların) saxlanılması üçün xidmət haqqı 1 kvm. yaşayış sahəsinə görə 0,02 manat nəzərdə tutulmuşdur. Bu ödənişlər vətəndaşların xüsusi mülkiyyətlərində olan fərdi evlərə aid deyil. Çünki dövlət fərdi evlərə bina girişi və ya başqa xidmətləri göstərmir. Xüsusi olaraq nəzərinizə çatdırırıq ki, mənzil haqqı yalnız yaşayış sahəsinin ölçüsünə  uyğun olaraq ödənilir. Yaşayış sahəsinə ümumi istifadə yerləri, məsələn,  mətbəx, dəhliz də aiddir.

Adıçəkilən Qanuna əsasən, evlərin saxlanılması üçün xidmət haqqını aylıq, rüblük və ya illik ödəmək olar. Sizin evlərə xidmət göstərilməsi üçün bağladığınız müqavilə əasasında həmin məbləğ ya MKTB-yə, ya da təmir - tikinti idarəsinə ödənilməlidir. Çünki dövlət mənzil-istismar və təmir- tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri, (mülkiyyətçilərin şərikləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərdə (mənzillərdə) xidmət göstərə bilərlər.

Qərardan da görünür ki, özəlləşdirilmiş mənzillərdə ödənilən məbləğ kirayə haqqı deyil, mənzillərə (evlərə) xidmət haqqı olaraq ödənilir. Əgər xidmət haqqını ödədiyiniz MKTB öz üzərinə düşən vəzifələri yerinə yetirmirsə, bu haqda Bakı Şəhər Mənzil-Kommunal Departamentinə müraciət edə bilərsiniz.

Mənzillərin kirayə haqqının və ya özəlləşdirilmiş mənzillərin mənzil haqqının ödənilməməsi səbəbindən həmin mənzillərin sakinlərinə lazım olan arayışların verilməməsi heç bir qanunverici aktda nəzərdə tutulmamışdır.

 

 

Türkiyə Respublikasında yaşayan oğlumgilə getmişdim. Orada xəstələndim və vaxtında ölkəmizə qayıda bilmədim. Bu haqda oradan verilən sənədi iş yeri qəbul etmir. Mən haraya müraciət etməliyəm?

 

Həcər QULİYEVA,

Gəncə şəhəri.

 

-Əmək qabiliyyətinin müvəqqəti itirilməsi  halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə sığortaolunana əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilir.

Bu hüquqdan istifadə edilməsi şərtləri və qaydası "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında" Əsasnamə ilə müəyyən edilir.

Həmin əsasnamənin 7-ci bəndinə görə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz.

Xaricdə olarkən xəstələnsəniz də, müavinəti almaq üçün iş yerinə əmək qabiliyyəti olmaması vərəqəsi təqdim etməlisiniz. Bunun da hansı qaydada edilməsi adıçəkilən Əsasnamədə müəyyən edilib. Belə ki, sığortaolunan xaricdə əmək qabiliyyətini itirməsi halında həmin ölkədən mütləq bunu təsdiq edən sənəd gətirməlidir. Siz həmin sənədi gətirmisiniz. Sənədi müavinət almaq üçün qəbul etməmələri qanunvericiliyin tələblərindən irəli gəlir. Əlinizdə olan sənədi yaşayış və ya iş yeri üzrə müalicə-profilaktika idarəsinə təqdim etməlisiniz. Orada həmin sənəd xəstəlik vərəqəsi ilə əvəz olunacaq. Buna əsasən də iş yerindən ümumi Əsaslar üzrə müavinət təyin edilib əsasnamədə müəyyən-ləşdirilmiş qaydada ödəniləcəkdir.

 

 

 

Hansı sənaye nümunələri patentlə mühafizə edilmir?

 

Arzu MƏMMƏDOVA,

Bakı şəhəri.

 

- İxtira, faydalı model və sənaye nümunələrinin hüquqi mühafizəsi barədə "Patent haqqında" qanunun 3-cü maddəsində danışılır. Maddəyə əsasən, ixtira, faydalı model və sənaye nümunələrinə hüquqlar dövlət tərəfindən qorunur və patentlə təsdiq edilir.

Patent, ixtira, faydalı model və sənaye nümunəsinə müəllifliyi və ilkinliyi təsdiq edir və onlardan istifadə etmək üçün müstəsna hüquq verir.

Kommersiya məqsədləri üçün istifadəsi ictimai mənafeyə, humanizm və əxlaqi prinsiplərə zidd olan, insanların, heyvanların həyat və sağlamlıqlarına, bitkilərin mühafizəsinə, ətraf mühitə ciddi ziyan vuran ixtira, faydalı model və sənaye nümunəsi patentlə mühafizə edilmir və onun istifadəsi qadağandır.

 

 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hansı hallarda Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıla bilərlər? Bu barədə hökmən məhkəmə qərarı olmalıdırmı?

İntiqam VƏLİYEV,

Bakı şəhəri.

 

-Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasının əsasları  Miqrasiya Məcəlləsində təsbit edilib. Belə ki, adıçəkilən Məcəllənin 78-ci maddəsinə əsasən aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıla bilərlər:

- cinayət törədildiyinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edildikdə;

- inzibati xəta törədildiyinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma inzibati tənbeh tədbiri tətbiq edildikdə;

- Məcəllənin 79-cu maddəsinə uyğun olaraq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar (bundan sonra "kənara çıxarma haqqında qərar") qəbul edildikdə.

Yuxarıda qeyd edilən 1-ci, 2-ci halda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması məhkəmənin, 3-cü halda isə  Dövlət  Miqrasiya Xidmətinin qərarı əsasında həyata keçirilir.  Məcəllənin 79-cu maddəsinə əsasən, Dövlət  Miqrasiya Xidməti aşağıda göstərilən hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində kənara çıxarma haqqında qərar qəbul edir:

 - vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, yaxud müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə;

 - Azərbaycan Respublikası ərazisində olması arzuolunmaz hesab edildikdə;

 - cəza çəkməkdən azad edilmiş əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşamaları üçün bu Məcəllənin 45-ci maddəsində müəyyən edilmiş əsaslar olmadıqda;

 - qaçqın statusu verilməsindən imtina edildikdə.

 Məcəllənin 79.2. maddəsinə əsasən,

 kənara çıxarma haqqında qərarla həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 5 ilədək müddətə ölkə ərazisinə gəlməsinə məhdudiyyət qoyulur.

Onu da qeyd etmək lazımdır ki, qaçqın statusu verilmiş, habelə Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində kənara çıxarma haqqında qərar qəbul edilmir.

Həmçinin insan alverindən zərər çəkmiş hesab olunan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində 1 il müddətində, cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində isə cinayət təqibi başa çatanadək kənara çıxarma haqqında qərar qəbul edilmir. İnsan alverinin qurbanı olan uşaqlar barəsində kənara çıxarma haqqında qərar qəbul edilmir.

 

Sığortaçı öz fəaliyyəti barədə sığortalıya məlumat verməlidirmi?

 

Səlim ƏLİYEV,

Gəncə şəhəri.

 

-Sığortaçının öz fəaliyyəti haqqında məlumat verməsi barədə "Sığorta haqqında" qanunun 4-cü maddəsində aşağıdakılar bildirilir:

1. Sığorta müqavilələri bağlayarkən sığortaçı sığortalının tələbi ilə müvafiq sığorta növü üzrə xüsusi razılıq və öz maliyyə vəziyyəti barədə məlumatı (mühasibat balansını, mənfəət-zərər barədə hesabatı) və əvvəlki il üçün auditor rəyini, məlumatı təqdim etməlidir.

2. Yanlış və ya yarımçıq məlumat verməklə sığortalını çaşdıran sığortaçı qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.