Hüquqlarınızı bilin


Baxıldı : 345

Tarix : 2017-11-04 04:27:51


Müəssisə ilk həmkarlar ittifaqının bankda olan hesabına üzvlük haqqını köçürmür. Bu səbəbdən də ilk təşkilat xidmətində olduğu rayon və ya şəhər komitəsinə üzvlük haqqından köçürmələr edə bilmir. Belə olan halda rayon və ya şəhər komitəsinin ilk təşkilatın bankdakı hesabını bağlamaq səlahiyyəti varmı?

Anar QARAYEV

- İlk həmkarlar ittifaqı təşkilatının yuxarı orqanına üzvlük haqqından ayırmalar üzrə borcu qalması səbəbindən yuxarı həmkarlar ittifaqı orqanı sahə həmkarlar ittifaqı təşkilatının, Nizamnaməsində digər hal nəzərdə tutulmayıbsa, ilk həmkarlar ittifaqı təşkilatının bank hesabını bağlaya bilməz.

İlk həmkarlar ittifaqı təşkilatı həmkarlar ittifaqı xidmətindən çıxarıldığı halda həmkarlar ittifaqı təşkilatının yuxarı orqanı təşkilatın bank hesabının bağlanması ilə bağlı bank müəssisəsinə müraciət edə bilər.

 

Elşən SÜLEYMANOV,

AHİK-in Maliyyə Şöbəsinin müdir müavini

 

 

Dövlət qulluqçusu kollektiv mükafatlandırmadan il ərzində 4 dəfə istifadə etdikdən sonra, o, fərdi mükafatlandırıla bilərmi?

Cəmilə SADIXOVA,

Gəncə şəhəri.

- Dövət qulluqçularının işin nəticələrinə görə mükafatlandırılması "Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydası haqqında" əsasnaməyə uyğun olaraq:

-           Kollektiv mükafatlandırma və

-           Fərdi mükafatlandırma növləri ilə müəyyənləşdirilir.

Mükafatların müəyyən edilməsi üçün göstərilən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri isə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir.

Əsasnamədə dövlət qulluqçularının il ərzində neçə dəfə kollektiv və ya fərdi mükafatlandırılması nəzərdə tutulmur. Nəzərinizə çatdırırıq ki, dövlət qulluqçularının mükafatlandırılması onların qulluq keçdikləri orqanlara bu məqsəd üçün dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına həyata keçirilir. Həmin vəsaitlər dövlət qulluqçularının mükafatlandırılması üçün hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əməkhaqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli miqdarında nəzərdə tutulur.

Göründüyü kimi, mükafatlandırmanın neçə dəfə olması bildirilməsə də, əsasnamədə mükafat üçün vəsaitin miqdarı müəyyən olunmuşdur.

Dövlət orqanının rəhbəri dövlət qulluqçusunu il ərzində istənilən sayda fərdi və kollektiv mükafatlandıra bilər. Lakin bu zaman nəzərə alınır ki, mükafatlandırmalar zamanı məbləğ əsasnamənin 12-ci bəndində nəzərdə tutulan aylıq əməkhaqqı fondunun 3 mislini keçməməlidir.

 

 

Sığortaçının maliyyə-təsərrüfat fəaliyyəti hansı orqan tərəfindən yoxlanılır?

Abuzər HƏMİDOV,

Zaqatala rayonu.

- "Sığorta haqqında" qanuna uyğun olaraq sığortaçılar statistik hesabatlar aparır, maliyyə hesabatları tərtib edirlər. Eyni zamanda sığortaçıların maliyyə-təsərrüfat fəaliyyətləri də yoxlanılır. Qanunun 53-cü maddəsinə (uçot və hesabat) əsasən, sığortaçılar və brokerlər qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə-təsərrüfat fəaliyyəti üzrə statistika və mühasibat uçotu aparır və hesabatlar verirlər.

Sığortaçının uçot sənədləri və maliyyə hesabatları, onun filiallarının əməliyyatlarını və maliyyə vəziyyətini birlikdə əks etdirilməlidir. Rüblük və ya illik hesabat zamanı, sığortaçının filiallarının hesabatlarını nəzərə almaqla, ümumiləşdirilmiş münasibət balansı və maliyyə nəticələri barədə hesabat təqdim edir.

"Sığorta haqqında" qanundan irəli gələn sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti barədə hesabatların və digər məlumatın tərtib edilməsi və müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi qaydası normativ- hüquqi aktlarla müəyyən edilir.

Adıçəkilən Qanunun 54 maddəsinə (audit və nəzarət) əsasən, sığortaçının maliyyə-təsərrüfat vəziyyətini onun seçdiyi sərbəst auditor yoxlayır.

Auditor tərəfindən təsdiqlənmiş illik maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabat müvafiq icra hakimiyyəti orqanına təqdim edilir və mətbuatda dərc olunur.

Sığortaçının fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanı qeyd olunan Qanuna uyğun olaraq nəzarət edir.

 

Tez-tez xarici ölkələrə ezamiyyətə getməli oluram. Ezamiyyə xərcləri  hər dəfə eyni cür ödənilmir. Bilmək istəyirəm, mövcud qanunvericilikdə xarici ölkələrlə bağlı ezamiyyə xərcləri necə tənzimlənir?

 

Şükufə MƏMMƏDOVA,

Gəncə şəhəri.

 

-  Xarici ölkələrə ezamiyyələr Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Q-01 nömrəli 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İşçilərin Ezamiyyə Qaydaları" ilə tənzimlənir. Həmin Qaydalara əsasən, xarici ölkələrə ezamiyyə  xərclərinin 1 günlük norması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilir.

Ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizini gündəlik yemək xərcləri təşkil edir.

Təşkilatlar xarici ezamiyyə xərclərini, bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitləri mövcud qanunvericiliyə uyğun olaraq müvafiq xarici valyutaya çevirməklə ödəyirlər.

İşçi ezamiyyətə getdiyi və həmin gün Azərbaycan Respublikasına qayıtdığı halda, ona nəzərdə tutulmuş ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi həcmində vəsait ödənilir.

İşçi xarici ölkə ərazisi ilə getdiyi zaman ondan asılı olmayan səbəblərə görə tam 1 gün və artıq müddətə yolda ləngiyirsə, həmin müddət üçün ona ezamiyyə xərclərinin 1 günlük norması ərazisində ləngidiyi ölkə üçün müəyyən edilmiş normalar üzrə ödənilir.

Üzrsüz səbəbdən yolda yubandığı vaxt üçün işçiyə heç bir xərc ödənilmir.

Qaydalara əsasən, dəvət edən tərəf bütün ezamiyyə xərclərini öz üzərinə götürdüyü hallarda işçiyə ezamiyyə xərci ödənilmir.

Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi həcmində, işçini yalnız yemək xərci ilə təmin etdiyi hallarda isə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizi həcmində vəsait ödənilir.

Dəvət edən tərəf işçiyə yaşayış yeri və yemək xərcini nağd pulla ödədiyi halda, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasından az olarsa, həmin fərq işçiyə ödənilir.

Dəvət edən tərəf işçini yeməklə təmin edərək yaşayış yeri üçün nağd pul verdiyi halda, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizindən az olarsa, həmin fərq işçiyə ödənilir.

Dəvət edən tərəf işçini yaşayış yeri ilə təmin edərək yemək üçün nağd pul verdiyi halda, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizindən az olarsa, həmin fərq işçiyə ödənilir.

Dəvət edən tərəfin xərcləri tam və ya qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilir.

 

 

Elmi dərəcəsi olan əmək pensiyaçılarının pensiyalarının baza hissəsinə əlavələr hesablandı. Bildiyimə görə, indi pensiyalarda baza hissə mövcud deyil. Elmi adlara görə əlavələr verilməyəcəkmi?

Elnur QASIMOV,

Bakı şəhəri.- "Əmək pensiyaları haqqında" qanunda 01.07.2017-ci ilədək "Əmək pensiyalarının növləri və tərkibi" adlanan 4-cü maddəyə əsasən, əmək pensiyaları baza hissə, sığorta hissəsi və yığını hissəsindən ibarət müəyyənləşdirilmişdir. Qeyd edilən tarixdən pensiyaların baza hissəsi ləğv edildi və maddədə əmək pensiyalarının sığorta və yığım hissədən ibarət olması qeyd edildi. Lakin bu heç də o demək deyildir ki, pensiyaların baza hissəsinə olan əlavələr də ləğv edildi. Baza hissəyə olan əlavələr artıq sığorta hissəyə olan əlavələrdir.

Sizi maraqlandıran məsələ də Qanunun 19.2. maddəsində "Əmək pensiyasının sığorta hissəsinə əlavələr" kimi qeyd edilmişdir. Həmin maddəyə əsasən, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi-tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (qanunun 20-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır.

 

Kəşflər ixtira sayılırmı?

 

Nazilə ZEYNALOVA,

Bakı şəhəri.

 

- "Patent haqqında" qanunun 7-ci maddəsinə əsasən, ixtiranın obyekti sənayenin və təsərrüfatın hər hansı sahəsində hazırlana və ya istifadə edilə bilərsə, o halda ixtira sənayedə tətbiq oluna bilən sayılır.

Həmin maddənin 8-ci hissəsinə görə, aşağıdakı obyektlər ixtira sayılmır:

kəşflər;

elmi nəzəriyyələr;

riyazi metodlar;

bədii konstruktorluq işinin nəticəsi (dizayn);

təsərrüfatın və əqli fəaliyyətin təşkili, idarə edilməsi metodları;

oyunların qaydaları və metodları;

kompüter alqoritmləri və proqramları;

informasiyanın təqdimi üsulları;

şərti işarələr, cədvəllər və qaydalar;

qurğu (tikili kimi qurğu), bina, ərazi layihələri və planlaşdırma sxemləri;

mikroorqanizmlər istisna olmaqla, bitkilər və heyvanlar, onların mahiyyət üzrə bioloji yetişdirilməsi üsulları (qeyri-bioloji və mikrobioloji üsullar istisna olmaqla);

inteqral mikrosxemlərin topologiyası;

insan və heyvan orqanizmlərinin müalicəsinin cərrahi və terapevtik üsulları, xəstəliyin diaqnostikası metodları.