Hüquqlarınızı bilin


Baxıldı : 133

Tarix : 2017-11-10 21:42:20


Dövlət hakimiyyət orqanları sığortaçının əmlakına sərəncam verə bilərmi?

 

Nəbi MUSAYEV,

Şəki şəhəri.

 

- Sığortaçının müstəqilliyi və onun əmlakına dövlət hakimiyyət orqanlarının sərəncam verə bilməməsi barədə "Sığorta haqqında" qanunun 3-cü maddəsində qeyd edilir. Maddəyə əsasən, dövlət hakimiyyəti və bələdiyyə orqanları, qanunvericilikdə nəzərdə tutulmuş tənzimləmə və nəzarət funksiyalarının həyata keçirilməsi halları istisna olmaqla, sığortaçının fəaliyyətinə qarışa, onun əmlakına və fondlarına sərəncam verə bilməzlər.

 

Keçmiş həyat yoldaşım məhkəmənin qərarı ilə uşağın saxlanması üçün aliment ödəyirdi.  Avqust ayında törətdiyi cinayətə görə azadlıqdan məhrum edildi. Bəs uşağa aliment necə ödəniləcək?

 

Səbinə ALLAHVERDİYEVA,

Gəncə şəhəri.

 

- Ailə Məcəlləsinin 77-ci maddəsinə əsasən, uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və ya xarici valyuta ilə aldıqları əməkhaqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddənin tələbinə uyğun olaraq Nazirlər Kabineti həmin məsələ barədə 2001-ci il mayın 23-də Qərar qəbul etmiş, həmin qərarda uşaqlar üçün alimentin valideynlərin manat və ya xarici valyuta ilə aldıqları əməkhaqqı və ya başqa gəlir növlərinin hansından tutulması və ya tutulmaması dəqiqləşdirilmişdir.

Məhkum olunmuş valideynlərdən uşaqlar üçün alimentin tutulması qaydası da qeyd olunan normativ-hüquqi aktda öz əksini tapmışdır.

Qərarın 2-ci hissəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum olunmuş şəxslərin qazancından aliment tutularkən bu qazancdan gəlir vergisinin, dövlət sosial müdafiə fonduna və digər məcburi ayırmaların, eləcə də məhkumların yeməyinə, onlara verilmiş paltara çəkilən xərclərin və xüsusi müalicənin dəyərinin ödənilməsi Cəzaların İcrası Məcəlləsinin 99-cu maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 99.2. maddəsinə əsasən, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment məhkumun qazancının bütün məbləğindən hesablanır. Odur ki, keçmiş həyat yoldaşınız cəzaçəkmə müəssisəsində olsa belə, onun qazancından aliment tutulub ödəniləcəkdir.

 

Tikinti obyektlərinin təbiətin zərərli və texnogen xarakterli təsirlərindən mühafizəsi tikinti layihəsində nəzərdə tutulmalıdırmı?

Nəbi VƏLİYEV,

 Sumqayıt şəhəri.

 

- Tikintiyə dair təhlükəsizlik tələbləri, eləcə də tikinti obyektinin təbiətin zərərli təsirlərindən və texnogen xarakterli təsirlərdən mühafizəsi tələbləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə və şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilir.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 67-ci maddəsinə əsasən, tikinti obyektlərinin təbiətin zərərli təsirlərindən və texnogen xarakterli təsirlərdən mühafizəsi haqqında müddəalar tikinti layihəsində nəzərdə tutulmalıdır.

Tikinti obyektlərinin seysmiklik dərəcəsi seysmik rayonlaşdırma (zonalaşdırma) və mikrorayonlaşdırma xəritələri əsasında tikintinin layihələndirilməsi zamanı müəyyən edilir. Mühəndis-axtarış işlərinin nəticələri ilə bağlı müvafiq sənədlər olmadan tikinti obyektinin layihələndirilməsinə yol verilmir.

Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin başvermə ehtimalının yüksək olduğu zonalarda Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları tərəfindən mühafizə tədbirlərinin yerinə yetirilməsi müəyyən edilir. Bu tədbirlərin növləri və onların tətbiqi hallarını Nazirlər Kabineti   müəyyən edir.

Məcəllənin 68-ci maddəsinə əsasən, tikinti işləri ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və sanitariya-gigiyena, habelə yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına uyğun olaraq həyata keçirilməlidir.

 

2 aylıq nəvəmə sənəd almaq üçün Qeydiyyat şöbəsinə müraciət etdim. Mənim müraciətimi qəbul etmədilər və bildirdilər ki, artıq gecikmisiniz, ata və ya ana gəlsin. Amma qonşumuzda həmin sənədi uşağın babası almışdı. Bu məsələyə aydınlıq gətirməyinizi xahiş edirəm.

Ələkbər SEYİDOV,

Bakı şəhəri.

 

- Yeni doğulmuş uşaqların dövlət qeydiyyatının aparılması və onlara doğum haqqında şəhadətnamənin verilməsi Ailə Məcəlləsi və "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası" ilə tənzimlənir. Məcəllənin 166 və 167-ci maddələrinə, eləcə də Qaydaların 2-ci bəndinə əsasən, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onların birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq, doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir.

Qeyd olunan Qaydalarda qeydiyyatın aparılması üçün kimlərin müraciət edə biləcəyi də göstərilmişdir. 2.2. bəndə əsasən, doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər yuxarıda qeyd etdiyimiz orqanlara müraciət edirlər. Valideynlərin gələ bilməməsi səbəbləri dedikdə isə onların xəstələnməsi, uzunmüddətli ezamiyyətə getməsi, ölkə hüdudlarından kənarda olması, ölməsi və sair hallar başa düşülməlidir.

Lakin qanunvericilik təkcə valideynlərin və ya onlardan birinin müraciət edə biləcəyi halı da istisna etmir. Məcəllədə və Qaydalarda müəyyən edilmişdir ki, doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir.

Qeyd olunan 1 aylıq müddət ötdükdə isə doğumun qeydiyyatı üçün valideynlər müraciət etməlidir. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə isə müraciət edən digərləri tərəfindən ərizə təqdim edilməli və ərizədə bunun səbəbi göstərilməlidir.

Doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbini təqdim olunmuş sənədlər əsasında qeydiyyatı aparan vəzifəli şəxs müəyyən edir. Valideynlərin xəstə olması barədə müalicə müəssisəsinin sənədi, həmin müddətdə uzunmüddətli ezamiyyətdə və ya ölkə hüdudlarından kənarda olmasını təsdiq edən sənəd, valideynlərdən birinin ölümü haqqında şəhadətnamə və s. bu kimi sənədlər üzrlü səbəbin olmasını təsdiq edən sənədlərdir.

Sualınızda nəvənizin 2 aylıq olduğunu qeyd edirsiniz. Doğum üçün şəhadətnamənin alınması üçün qanunvericiliklə müəyyən edilmiş müddət keçdiyindən Sizin müraciətiniz qəbul edilməmişdir. Yəqin ki, üzrlü sayılan heç bir sənədi də təqdim etməmişsiniz.

Qeyd edək ki, nəzərdə tutulmuş müddətdə doğumu dövlət qeydiyyatından keçirməyən valideynlər inzibati məsuliyyət daşıyırlar.

Doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbinin üzrsüz hesab edilməsi inzibati tənbehin tətbiq edilməsinə əsas verir. Elə buna görə də Qeydiyyat şöbəsi Sizin şifahi müraciətinizi qəbul etməmişdir.

 

Patent almaq üçün şəxs etibarnaməni istənilən Azərbaycan Respublikası vətəndaşına verə bilərmi?

 

Tahir MƏMMƏDOV,

Bakı şəhəri.

 

- Patent almaq üçün iddia sənədinin verilməsi qaydası "Patent haqqında" qanunun 27-ci maddəsində açıqlanır.

İxtira, faydalı model və sənaye nümunəsi üçün patent almaq istəyən hüquqi və ya fiziki şəxs müvafiq icra hakimiyyəti orqanına iddia sənədi verməlidir. Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri öz vəzifələrini yerinə yetirərkən və həmin orqanla əmək münasibətlərinə xitam verildikdən sonra 1 il ərzində patent barəsində iddia sənədi verə bilməzlər.

İddiaçı iddia sənədini müvafiq icra hakimiyyəti orqanına bilavasitə özü və ya patent müvəkkillərinin Dövlət Reyestrində qeydiyyata alınmış patent müvəkkili vasitəsilə verir.

Xarici hüquqi və fiziki şəxslər iddia sənədini müvafiq icra hakimiyyəti orqanına, Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, yalnız Azərbaycan Respublikasının patent müvəkkillərinin Dövlət Reyestrində qeydiyyata alınmış patent müvəkkilləri vasitəsilə verirlər.

Patent müvəkkillərinin səlahiyyətləri iddiaçı tərəfindən verilən etibarnamə ilə təsdiq edilir. Qanunun tələbindən görünür ki, patent almaq üçün etibarnamə istənilən Azərbaycan Respublikası vətəndaşına yox, ancaq müəyyən edilmiş qaydada qeydiyyatdan keçən patent müvəkkillərinə verilə bilər.

 

Sahə həmkarlar ittifaqları bayraqlardan, vəsiqələrdən istifadə edirmi?

Şəmistan ƏSƏDOV,

Bakı şəhəri.

 

- Bəli, sahə həmkarlar ittifaqları həmkarlar ittifaqlarının rəmzlərindən istifadə edə bilər. Belə ki, "Həmkarlar ittifaqları haqqında" qanunun 9-cu maddəsində qeyd edilir ki, həmkarlar ittifaqlarının peşə, sahə və respublika birliklərinin Azərbaycan xalqının milli-etnik xüsusiyyətlərinə, Azərbaycan Respublikasının Konstitusiya quruluşuna, ərazi bütövlüyünə zidd əlamətləri olmayan rəmzi nişanları, bayraqları, üzvlük vəsiqələri ola bilər. Bu rəmzlər müvafiq həmkarlar ittifaqı birliklərinin orqanları tərəfindən qəbul edilir.

Həmkarlar ittifaqları siyasi partiyaların rəmzlərindən istifadə edə bilməzlər.