Hüquqlarınızı bilin


Baxıldı : 244

Tarix : 2017-11-24 23:21:46


İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin hansı maddəsinə istinad edilməlidir?

 

Əmir ƏSƏDOV,

Sumqayıt şəhəri.

 

- Əmək Məcəlləsinin "Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu" adlanan 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir:

-müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı;

-işçinin adı, atasının adı və soyadı;

-əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı;

-əmək müqaviləsinin ləğv edilməsinin əsası;

-həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi;

-əmək müqaviləsi ləğv edilən gün, ay və il;

-əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

Nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız qeyd edilən maddədə göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

Göründüyü kimi əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası olan maddəyə (onun hissəsinə, bəndinə) istinad edilməsi tələb olunmur. Amma həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsinin hissəsinin, bəndinin qeyd edilməsi məcburi hesab edilir.

Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə əsasən, işçi ərizəsində əmək müqaviləsinə xitam vermək istədiyi tarixi göstərmişdirsə, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə, tarix göstərilməmişdirsə xəbərdarlıq müddətinə əməl edilməklə 69-cu maddənin birinci bəndi ilə xitam verilməlidir.

 

Hansı hallar patent sahibinin müstəsna hüquqlarının pozulması sayılmır?

 

Sabir HƏŞİMOV,

Sumqayıt şəhəri.

 

- "Patent haqqında" qanunun 23-cü maddəsinə əsasən, aşağıdakı hallar patent sahibinin müstəsna hüquqlarının pozulması sayılmır:

-Tərkibində patentləşdirilmiş ixtira, faydalı model və sənaye nümunəsi olan vasitələrdən qeyri-kommersiya məqsədləri üçün gəlirsiz istifadəsi;

-patentlə mühafizə edilən ixtira, faydalı model və sənaye nümunəsi obyektlərinin elmi, eksperiment, tədqiqat və həmin obyektlərin yoxlanılması məqsədləri üçün patentin qüvvədə olma müddəti bitənədək böyük həcmdə istehsala və ya məhsulların toplanmasına gətirib çıxarmaması şərtilə istifadəsi;

-həkimin resepti üzrə birdəfəlik istifadə üçün dərman hazırlanması;

-Azərbaycan Respublikasının nəqliyyat vasitələri sahiblərinə eyni hüquqlar verən xarici ölkələrin hüquqi və ya fiziki şəxslərinə məxsus olan, müvəqqəti və ya təsadüfən Azərbaycan Respublikasının ərazisinə gətirilmiş nəqliyyat vasitələrinin ehtiyacları üçün patentləşdirilmiş ixtira, faydalı model və sənaye nümunəsindən həmin nəqliyyat vasitələrinin konstruksiyasında və ya istismarı zamanı istifadə.

 

Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqan hansı təşkilatlarda yaradılır? O hansı məsələləri həll edir? Ümumiyyətlə, belə orqan hazırda fəaliyyət göstərirmi?

 

Şəmil MƏMMƏDOV,

Bakı şəhəri.

 

- Cavaba üçüncü sualdan başlamaq istəyirik. Bəli, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanlar hazırda fəaliyyət göstərir. Onlar həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılır. Onların yaradılması müəssisənin kollektiv müqaviləsində nəzərdə tutulmasından asılıdır. Əgər kollektiv müqavilədə belə bir orqanın yaradılması nəzərdə tutulmuşsa, onun yaradılması və fəaliyyət göstərməsi üçün əsas var. Əks halda məhkəməyə qədər əmək mübahisələrinə baxan orqan yaratmaq olmaz.

Məsələyə aydınlıq gətirmək üçün bilmək lazımdır ki, bəs fərdi əmək mübahisələri nədir? ƏM-in 287-ci maddəsində fərdi əmək mübahisələri anlayışı belə verilib: fərdi əmək mübahisələri işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ-hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Bu fikir ayrılığından törəyən bütün məsələlərin həlli  fərdi əmək mübahisələrinə baxan orqanın səlahiyyətinə aid edilir. O cümlədən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; əməkhaqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; əməkhaqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; məzuniyyət hüququnun həyata keçirilməsi; intizam tənbehi verilməsi; əməyin mühafizəsinin təşkili və təmin edilməsi; işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması; istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi; əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi.

Qeyd etmək lazımdır ki, qanunverici məhkəməyədək fərdi əmək mübahisələrinə baxan orqana müraciətetmə müddətini məhkəməyə müraciətetmə müddətindən fərqləndirib. Belə ki, işçi hüququnun pozulmasının aşkar edildiyi gündən 1 ay müddətində məhkəməyə müraciət edə bilərsə, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqana müraciət etmə müddəti 3 təqvim ayı müəyyən edilmişdir.

ƏM-in 294-cü maddəsinə əsasən, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün iş üzrə tərəflər məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

44 il pedaqoji iş stajım var. O cümlədən 10 il (1978-1988-ci illər) rayon təhsil şöbəsində inspektor, 1 il (1992-1993-cü illər) rayon icra hakimiyyətinin Şıxlı kənd sovetliyi üzrə nümayəndəsi işləmişəm. Hal-hazırda təqaüdçüyəm. Bilmək istəyirəm mən dövlət qulluqçusu kimi təqaüd ala bilərəmmi?

Fəxrəddin ASLANOV,

Ağdaş rayonu, Şıxlı kəndi.

 

- Dövlət qulluqçularının pensiya təminatı üçün əsaslar və qaydalar "Dövlət qulluğu haqqında" qanunun müvafiq maddəsi (maddə 23) nəzərə alınmaqla "Əmək pensiyaları haqqında" qanunla müəyyən edilir.

Dövlət qulluğu vəzifəsi dövlət orqanlarının normativ aktları ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifələr funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. "Dövlət qulluğu haqqında" qanunun qəbulundan sonra həmin inzibati və yardımçı vəzifələrin adlarının sovet dövründə mövcud olan vəzifələrin adlarına uyğunlaşdırılması zərurəti yarandı. Buna görə də 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli fərmanla "Əmək pensiyaları haqqında" Qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin təsnifat toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı təsdiq olundu.

Həmin Siyahıda 1991-ci il oktyabrın 18-dək rayon təhsil şöbələrində inspektor vəzifəsi İnzibati və yardımçı vəzifələrin təsnifat toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmadı. Siz bu Siyahıya uyğun olaraq dövlət qulluqçusu kimi pensiyaya çıxa bilməmisiniz.

Çünki yalnız 1 il rayon icra hakimiyyətinin Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi olduğunuz müddət üçün dövlət qulluğu vəzifəniz mövcuddur ki, bu da dövlət qulluqçusu kimi pensiya təyinatı üçün kifayət deyildir. "Dövlət qulluğu haqqında" qanuna əsasən, dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir.