Hüquqlarınızı bilin


Baxıldı : 40

Tarix : 2017-12-01 21:41:38


Sığortaçının xüsusi təminatdan istifadəsi nə deməkdir?

 

Ruslan MƏMMƏDOV,

Gəncə şəhəri.

"Sığorta haqqında" qanuna əsasən, həyat, habelə qeyri-həyat sığortasına aid edilən xəstəlik və fərdi qəza sığortası sahəsində təkrar sığortaya hesablanmış sığorta haqları çıxılmaqla daxil olmuş sığorta haqları onların 10 faizindən çox olmamaq şərtilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi minimum faiz miqdarında xüsusi təyinat kimi saxlanılır. Adıçəkilən qanunun 42-ci maddəsində xüsusi təminatdan istifadə aşağıdakı kimi göstərilmişdir.

1. Xüsusi təminat sığortaçının ləğv edilməsi və ya ödəmə qabiliyyəti olmaması halında, ilk növbədə müvafiq sığorta sahəsində sığortalılara borcların ödənilməsi (sığorta ödənişlərinin verilməsi və çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarının qaytarılması) üçün istifadə olunur. Artıq qalan vəsait sığorta sahələrinə aid xüsusi təminatlara əlavə edilir.

2. Sığortaçı tərəfindən fəaliyyəti dayandırılan sığorta sahələrinə aid xüsusi təminatlardan həmin sahələrdə bütün borclar ödənildikdən sonra sərbəst istifadə edilməsinə icazə verilir.

 

38 ildir ki, Balakən rayon inteqrasiya təlimli internat tipli məktəbdə fiziki tərbiyə müəllimi işləyirəm. İkinci iş yeri kimi Balakən rayonu akademik Z.Əliyeva adına şəhər 3 saylı məktəbdə 6-8 saat dərs tədris etmişəm. Lakin hal-hazırda dərsi əlimdən alaraq deyirlər ki, sizə verə bilmərik, ikinci iş yerləri bağlanıb. Qanunla bu necə tənzim olunur?

 

Əfsaləddin XƏLİLOV,

Balakən rayonu.

 

Sizi maraqlandıran məsələ ilə əlaqədar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Balakən Rayon Komitəsi ilə əlaqə saxlanıldı. Araşdırmaların nəticəsində məlum oldu ki, Balakən rayonu akademik Z.Əliyeva adına məktəbdə 2017-2018-ci tədris ilində tədris planına əsasən, fiziki tərbiyə fənnindən 42 saat dərs yükü mövcud olmuşdur və burada, əsas iş yeri həmin məktəb olmaqla 4 fiziki tərbiyə müəllimi çalışır. Həmin müəllimlərin hər biri diaqnostik qiymətləndirmədən keçmişlər və 42 saat dərs yükü onlar arasında bölünüb. Əlavə dərs yükü olmadığına görə məktəbdə əvəzçilik üzrə dərs deyən fiziki tərbiyə müəlliminə ehtiyac duyulmamışdır. Bu səbəbdən də qeyd olunan məktəbdə əvvəllər tədris etdiyiniz 6-8 saat fiziki tərbiyə fənni Sizə verilə bilməyib.

Nəzərinizə çatdırırıq ki, bu, məktəblərdə əvəzçilik üzrə işləməyin ləğv edilməsi, Sizin sözünüzlə desək, ikinci iş yerinin bağlanması demək deyil. Tədris olunan hər hansı bir fənn üzrə ixtisaslı müəllim çatışmazsa, əvəzçilik üzrə dərs aparıla bilər.

 

 

65 yaşı tamam olmuş müəllimlərlə əmək müqaviləsinin bağlanması və onlara verilən əmək məzuniyyətinin müddəti haqqında məlumat verməyinizi xahiş edirəm.

 

Səriyyə HƏSƏNOVA,

Xırdalan şəhəri.

 

- Əmək Məcəlləsinin 10-1.1. maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanın yaş həddi 65-dir. Bu işçilərlə çalışma müddətinin hansı qaydada uzadılması da həmin maddədə göstərilmişdir.

Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının (müvafiq sahə üzrə mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və nizamnaməsinə uyğun olan dövlət büdcəsindən maliyyələşən müəssisənin fəaliyyətinə rəhbərlik edən müvafiq vəzifəli şəxs) rəhbəri tərəfindən hər dəfə  bir ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Lakin nəzərə almaq lazımdır ki, dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır. İşçilərin çalışma müddətinin uzadılmasına yalnız onların razılığı əsasında yol verilir.

Əmək Məcəlləsinin 118-ci maddəsinin "a" bəndinə əsasən, bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa) əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir. Bu, 65 yaşı tamam olmuş və çalışma müddəti müvafiq qaydada uzadılmış müəllimlərə də aiddir.

 

Bu il məzuniyyətimdən istifadə etməmişəm. Məzuniyyətə ərizə yazan vaxt həmin ərizədə məzuniyyətim qurtaran gün işdən çıxacağımı  göstərə bilərəmmi? Əgər işdən çıxmaq fikrim dəyişərsə, ərizəmi geri götürə bilərəmmi?

 

İsmayıl CƏFƏROV,

Bakı şəhəri.

 

- Bəli, Əmək Məcəlləsinin 69-cu maddəsinə görə,  işçinin hüququ var ki, məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənə ərizə versin. Əgər işçi hər hansı səbəbdən əmək müqaviləsini ləğv etmək fikrindən daşınarsa, o, məzuniyyət müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Məcəlləyə əsasən, bu halda işçinin xahişi təmin edilməlidir. Lakin belə bir vəziyyətdə əmək müqaviləsinin ləğv edilməməsi üçün qanunverici bir şərt qoyur. Bu şərt ondan ibarətdir ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əgər işçiyə onun yerinə başqa şəxsin götürülməsi barədə rəsmi qaydada xəbərdarlıq edilibsə, bu halda işçi ərizəsini geri götürmək, yaxud da onu etibarsız hesab etmək barədə ərizə verə bilməz. Əmək müqaviləsi bu qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur.

 

Əmək vəzifələrini yerinə yetirərkən bəzən işəgötürən və ya işçinin təqsiri nəticəsində biri digərinə müəyyən bir ziyan vurur. Bu zaman tərəflər məsuliyyət daşıyırmı?

 

Qiyas HƏŞİMOV,

Bakı şəhəri.

 

- Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin digər tərəfə əmək vəzifələrinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı ödəmək vəzifəsini nəzərdə tutur. Konstitusiyamız (maddə 13) mülkiyyətin hər 3 növünü bərabər tanıyır və müdafiə edir. Belə müdafiənin ən mühüm üsullarından biri işəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətidir.

Maddi ziyanın həqiqətən vurulmasının aşkar edilməsi- maddi məsuliyyətin ilk məcburi şərtidir. Əgər həqiqətən ziyan vurulmamışdırsa, deməli, maddi məsuliyyət də mövcud ola bilməz. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi, habelə hüquq pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Qeyd edək ki, Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən, əmək hüququ üzrə maddi məsuliyyətdən o zaman söhbət gedə bilər ki, bilavasitə həqiqi ziyan vurulmuş olsun, təqsirkarın əməli qanunazidd olsun və qanunazidd əməllə əməlin nəticəsi arasında səbəbli əlaqə mövcud olsun. Çünki bilavasitə həqiqi ziyan mövcud deyildirsə, maddi məsuliyyətin əsasını təşkil edən digər ünsürlərin mövcudluğu barədə məsələnin aydınlaşdırılmasına lüzum qalmır.

 

Əvəzçilik üzrə işləyən işçinin ezamiyyə xərci necə ödənilir?

 

Səlim CƏFƏROV,

Bakı şəhəri.

 

- Sualınızın cavabı "İşçilərin ezamiyyə Qaydaları"nda müəyyənləşdirilmişdir. Qaydalara əsasən, əvəzçilik üzrə işləyən işçi ezam olunan zaman onun orta əməkhaqqı ezam edən təşkilatda saxlanılır.

Bəzi hallarda işçi əsas və əvəzçilik üzrə işlədiyi iş yerindən eyni vaxtda ezam olunur. Bu halda onun orta əməkhaqqı hər iki iş yerində tutduğu vəzifə üzrə saxlanılır. İşçiyə ödənilən ezamiyyə xərcləri isə müvafiq razılığa əsasən, ezamiyyətə göndərən təşkilatlar arasında bölüşdürülür.