Hüquqlarınızı bilin


Baxıldı : 248

Tarix : 2017-12-08 18:35:26


 

 

Müəssisəmizdə həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Mən də bu təşkilatın üzvüyəm.  Bildiyimə görə, həmkarlar ittifaqı təşkilatının üzvü olan işçinin işdən çıxarılması zamanı həmin təşkilatın razılığı lazımdır. Bu haqda məlumat verməyinizi xahiş edirəm?

 

Həsən Həsənov,

Ağstafa rayonu.

 

- Doğrudur, həmkarlar ittifaqı təşkilatının üzvü olan işçinin işdən çıxarılması zamanı həmin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının razılığı lazımdır. Lakin bu məsələ qanunvericiliklə tənzimlənir və hansı hallara şamil edilməsi Əmək Məcəlləsinin 80-ci maddəsində  qeyd edilir. Maddənin tələbinə əsasən, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması üçün tələb olunan  aşağıdakı hallar mövcud olmalıdır:

1. İşçi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının üzvü olmalıdır. Belə ki, "Həmkarlar ittifaqları haqqında" qanunun 11-ci maddəsinə əsasən, həmkarlar ittifaqı öz üzvlərinin əmək hüquqlarını müdafiə edir.

2. Əmək müqaviləsi işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) və "ç" (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndi ilə ləğv olunmalıdır. Əmək müqaviləsinin işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin digər bəndlərində göstərilən əsaslarla ləğvi zamanı müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı tələb olunmur.

Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən, həmin Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi həmin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla işəgötürən tərəfindən ləğv edilir. İşəgötürən müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir və təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir.

Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

Təqdim edilmiş materiallar müəssisənin həmkarlar ittifaqı komitəsinin sədri tərəfindən əsaslı öyrənilməli, çatışmazlıq olarsa, onların aradan qaldırılmasını işəgötürəndən tələb etməli və bundan sonra baxılması üçün təşkilatın həmkarlar ittifaqı komitəsinin iclasına çıxarılmalıdır.

Keçirilmiş iclasda həmkarlar ittifaqının kollegial orqanında səs çoxluğu ilə əmək müqaviləsinin ləğv edilməsinə razılığın verilməsi və ya verilməməsi barədə yazılı formada qərar qəbul edilir.

Qeyd etmək lazımdır ki, müəssisənin həmkarlar ittifaqı komitəsinin iclası, onun tərkibinə seçilmiş üzvlərin iclasda sahə həmkarlar ittifaqı komitəsinin Nizamnaməsində müəyyən edilmiş yetərsay normaları təmin edilmiş olarsa, səlahiyyətli hesab olunur.

Həmkarlar ittifaqı komitəsinin qərarı giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsindən ibarət olmalıdır.

 

Ali məktəbdə qiyabi təhsil alıram. Yenicə əmək fəaliyyətinə başlamışam. Tədris sessiyasında mənə məzuniyyət veriləcəkmi?

 

Əlizaman CƏFƏROV,

Bakı şəhəri

 

- Bəli, əmək fəaliyyətinin müddətindən asılı olmayaraq təhsil məzuniyyəti ali təhsil müəssisələrində qiyabi təhsil alan bütün işçilərə verilir. Bu məsələ Əmək Məcəlləsinin 124-cü maddəsi ilə tənzimlənir. Belə ki, ali məktəblərin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü müddətində məzuniyyət verilir. Ali məktəblərin qiyabi şöbələrində təhsil alan işçilərə dövlət imtahanları dövründə 30 təqvim günü müddətində məzuniyyət verilir. Diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə qiyabi təhsil alan şəxslərə 4 təqvim ayınadək məzuniyyət verilir. Bu məzuniyyətlər təhsil proqramları ilə müəyyən edilən dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər.

 

Tikinti şirkətində mütəxəssis vəzifəsində çalışıram. İşə qəbul edilərkən mənimlə 3 illik əmək müqaviləsi bağlanılmışdı. Hazırda əmək müqaviləsinin müddəti başa çatıb. Öyrənmək istəyirəm, mən həmin idarənin işçisi sayılıram, yoxsa artıq işdən azad olunmuşam?

 

Samirə VƏLİYEVA,

Gəncə şəhəri.

 

- Nəzərinizə çatdırmaq istəyirik ki, Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, əmək müqaviləsinin müddəti bitdikdə işçinin əmək fəaliyyətinə xitam verilir. Əgər əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət başa çatdıqdan sonrakı bir həftə ərzində  tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, həmin əmək müqaviləsi əvvəl müəyyən edilmiş müddətə uzadılmış hesab edilir. İşçi üzrlü səbəblərdən, xəstələndikdə, ezamiyyətdə, məzuniyyətdə olduqda, həmçinin onun iş yeri və orta aylıq əməkhaqqı saxlandığı hallarda işdə olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin işçinin işə çıxdığı gündən 1 təqvim həftəsi keçməmiş xitam verilə bilər.

Çalışdığınız müəssisənin rəhbərliyi tərəfindən əmək müqavilənizin ləğv edilməsi barədə hər hansı bir əmr tərtib edilməmişdirsə, demək ki, Sizinlə bağlanmış əmək müqaviləsi 3 il müddətinə yenidən uzadılmışdır.

 

Övladım anadangəlmə lal və kardır. Mən də ona görə işləyə bilmirəm. Ona baxdığım üçün mənə hansı güzəştlər düşür? Belə uşaqlar üçün peşə, sənət öyrədən məktəblər varmı və hansı zonalardadır?

 

Əfsanə QULİYEVA,

Şərur şəhəri.

 

- Şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılır. Əlillik və ya, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu bu rəy əsasında müəyyən edilir.

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlər, o cümlədən fərdi reabilitasiya proqramı dövlət büdcəsi hesabına maliyyələşdirilir.

Ümumi məktəbəqədər uşaq tərbiyə müəssisələrində uşaqlara reabilitasiya yardımı göstərilməsinə daha geniş imkan yaratmaq üçün xüsusi qruplar açılmasına, uşaqların təhsil alması və peşə hazırlığı keçməsinə dövlət tərəfindən lazımi şərait yaradılır.

"Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanuna əsasən, ümumtəhsil məktəblərində oxumaq imkanı olmayan sağlamlıq imkanları məhdud uşaqların təhsili onların və valideynlərinin arzusu ilə ev şəraitində təşkil edilir, müvafiq təlim-tərbiyə müəssisəsi sağlamlıq imkanları məhdud uşaqlara evdə təlim verilməsində valideynlərə kömək göstərir.

Bu qəbildən olan istedadlı uşaqların ümumi təhsil müəssisələrində və ya xüsusi məktəbdənkənar təhsil müəssisələrində pulsuz musiqi təhsili almaq, təsviri, bədii-tətbiqi sənətlərə yiyələnmək hüququ vardır.

Qanuna müvafiq olaraq dövlət məşğulluq xidməti əmək qabiliyyətli əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara onların peşə hazırlığı, yeni peşə öyrədilməsi və məşğulluq imkanlarını müəyyən etmək məqsədilə peşə yönümü xidməti göstərilməsini təmin edir.

Görməyən və zəif görən uşaqlar Brayl yazı sistemi ilə çap olunmuş dərsliklərlə, danışan kitablarla, əyani vəsaitlərlə, audio vasitələrlə və iri şriftlə, xüsusi maqnitafonlarla, lupalar, əl ağacları, karlar isə eşitmə cihazları və digər tuflo-surdotexniki vasitələri ilə təmin olunurlar. Onlar üçün xüsusi təhsil müəssisələri və səsyazma studiyası yaradılır, xüsusi kitabxanalar təşkil edilir. Lal-kar uşaqlar üçün təlim-tərbiyə müəssisələri Bakı şəhərində və bir çox rayonlarda fəaliyyət göstərir.

Dövlət və bələdiyyə bədən tərbiyəsi, idman təşkilatlarında sağlamlıq imkanları məhdud uşaqlara və əlillərə bədən tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir. Belə uşağı olan ailələrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan istifadə haqqını ödəmək üçün (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) müavinət verilir (maddə 36). Sağlamlıq imkanları məhdud uşağın ailələrinin növbədənkənar telefon çəkdirmək hüququ vardır.

Belə uşaqlara lazımi maddi, sosial-məişət və tibbi yardımın növünün müəyyən edilməsi tibbi-sosial ekspertiza orqanlarının fərdi, reabilitasiya proqramlarında müəyyən edilir. Bu şəxslərə müxtəlif pul ödəncləri - pensiyalar, müavinətlər, birdəfəlik ödənclər, texniki və başqa bərpa vasitələri qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bu vasitələr verilmədikdə isə kompensasiya ödənilir.

Sağlamlıq imkanları məhdud uşaqların ailələrinə mənzillər növbədənkənar verilir, ailələr binanın növünü, mərtəbəsini, avadanlıq vəziyyətini və yaşayış üçün vacib olan digər şərtləri nəzərə almaqla yaşayış sahəsini seçmək hüququna malikdirlər.

Kənardan qulluğa və yardıma ehtiyacı olan belə uşaqlara sosial yardım orqanları evdə, yaxud stasionar müəssisələrdə tibbi və məişət xidmətləri göstərirlər.

Belə uşaqların valideynlərindən birinə və ya onu əvəz edən şəxsə qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərdə maddi təminat və güzəştlər verilir, uşağa qulluq vaxtı əmək stajına daxil edilir.

"Əmək pensiyaları haqqında" qanunun 8.2. maddəsinə görə sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş anaların yaşa görə əmək pensiyası təyin edilməsi şərtləri daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.