Hüquqlarınızı bilin


Baxıldı : 155

Tarix : 2017-12-15 21:48:34


1990-1991-ci illərdə Kosalar kənd "Özünümüdafiə" dəstəsinin tərkibində torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Lakin mənə veteran vəsiqəsi 15 aprel 2017-ci il tarixində verilmişdir. İki sualım var:

1. İşləyirəm, əməkhaqqımdan 2016-2015 və 2014-cü illərdə tutulan gəlir vergisinin geri qaytarılması qanunauyğundurmu?

2. Veteranlara verilən 50 manat yardımın 3 il - yəni 2016, 2015 və 2014-cü illərin pulunu da ala bilərəmmi?

 

Əhməd ƏHMƏDOV,

Ağdaş rayonu.

 

- Sizi maraqlandıran məsələ ilə bağlı bildiririk ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında könüllü birləşmələrin tərkibində iştirak edən şəxslərin bəzilərinə müharibə veteranı vəsiqəsi əvvəllər də verilmişdi. Lakin bu sahədə yaranan ziddiyyətlərin aradan qaldırılması, bu həssas məsələyə daha dəqiq və diqqətli yanaşma üçün 2016-cı ildə Müdafiə Nazirliyi tərəfindən xüsusi komissiya yaradıldı. Buraya müraciət edən şəxslərin ərizələri araşdırılaraq könüllü birləşmələrin tərkibində vuruşan şəxslərdən kimlərə müharibə veteranı adının və vəsiqəsinin verilməsi məsələsi dəqiqliklə həll olundu.

Müraciətinizdən məlum olur ki, müharibə veteranı adı və vəsiqəsini 15 aprel 2017-ci il tarixində almısınız. Müharibə veteranlarına şamil olunan güzəşt və imtiyazlar üçün hüququnuz da bundan sonra yaranır. Belə ki, qeyd etdiyiniz hər iki məsələyə aydınlıq gətirərək bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7 maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Lakin müharibə veteranı vəsiqəsini iş yerinizə təqdim  edənədək əməkhaqqınıza gəlir vergisi yönəldilməlidir və bu məbləğ Sizə geri qaytarıla bilməz. Belə ki, qeyd olunan Məcəllənin 102.2.8 maddəsinə əsasən, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin həmin maddədə sadalanan (Sizə aid olan 102.2.7 maddəsi də burada ehtiva olunur) vergi güzəştləri hüququ Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin (bu sənəd sizdə müharibə veteranı vəsiqəsidir) təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

İkinci sualınızla əlaqədar bildiririk ki, qeyd etdiyiniz 50 manat yardım deyil, müavinətdir. Belə ki, 01.01.2002-ci il tarixinədək bəzi kateqoriya şəxslərə, o cümlədən də, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlər müəyyənləşdirilmişdi. Qeyd edilən tarixdə Azərbaycan Respublikasının Prezidenti "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" Fərman imzaladı və qeyd edilən şəxslərə kommunal xidmətləri üçün müəyyən məbləğdə müavinətlər ödənildi. Sonuncu Fərman 19.01.2016-cı ildə olmuşdur. Fərmana görə əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal, nəqliyyat və digər xidmətlər üçün 49,50 manat müavinət ödənilir. Həmin müavinətə olan hüququnuz da müharibə veteranı adını aldıqdan sonra yaranır.

Sizin nə əvvəlki illər üçün əməkhaqqınızdan tutulan gəlir vergisini geri qaytarmaq, nə də ki, əvvəlki illərə görə qeyd olunan müavinəti almaq hüququnuz yoxdur.

 

 

3 uşağım var. Uşaqların bağçasında  təmir işləri başladığına görə xeyli müddət evdə olmalıdırlar. Bu səbəbdən iş yerimdə ərizə yazıb natamam iş vaxtına keçmək istəyirəm. Mən yarım gün işləsəm maaşımı tam ala bilərəmmi? Bu, qanunvericilikdə öz əksini tapırmı?

Mətanət İBADLI,

Sumqayıt şəhəri.

 

- Əmək Məcəlləsinin 94-cü maddəsinə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı-natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın - ayın, ilin davamiyyəti tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.

Nəzərinizə çatdırırıq ki, tam normal gündəlik iş vaxtı müddəti saxlanılmaqla həftə ərzində tam normal iş günləri sayının azaldılmasına da qanunvericilikdə  məhdudiyyət qoyulmamışdır.

Əmək Məcəlləsinin 94-cü maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilir. Eyni zamanda Əmək Məcəlləsinin 171-ci maddəsində qeyd olunur ki, Məcəllədə nəzərdə tutulmuş qaydada natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən işçilərə əməkhaqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktik hasilatına görə ödənilir.

Üç körpə uşağınızın olması əsas verir ki, işəgötürən Sizə natamam iş vaxtı müəyyən etsin. Yazılı ərizə ilə işəgötürənə natamam iş vaxtı ilə işləmək istəyinizi bildirmək Sizin hüququnuzdur.

 

Əmək müqaviləsi ilə çalışıram. Tezliklə hərbi xidmətə gedəcəyəm. Əsgərlikdən qayıdanda mən öz işimə geri qayıda bilərəm?

 

Əli HƏSƏNLİ,

Sumqayıt şəhəri.

 

- Sualınıza cavab olaraq qeyd etmək istəyirik ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin birinci hissəsinin "a" bəndinə əsasən, işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. Həqiqi hərbi xidmətdə olarkən həmin iş yerinə hər hansı bir işçi götürülərsə, həmin işçi ilə bağlanmış əmək müqaviləsi Siz hərbi xidmətdən qayıtdıqdan sonra həmin maddənin "ə" bəndi ilə ləğv edilməlidir. Qanuna əsasən, əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə də tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsi ləğv edilir.

Məcəllənin 77.9-cu maddəsinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati - hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.

Belə ki, Siz hərbi xidmətə getməklə bağlı ərizənizi rəhbərliyə təqdim etməklə işdən azad olunsanız da, hərbi xidmətdən qayıtdıqdan 60 təqvim günü müddətində qanunvericilik icazə verir ki, işinizə geri qayıdasınız.

 

Patent hansı hallarda etibarsız hesab edilir?

 

Mələk ƏLİYEVA,

Bakı şəhəri.

 

- İxtira, faydalı model və sənaye nümunəsinin patenti onun qorunduğu bütün dövrə şamil olunmaqla bəzi hallarda bütövlükdə etibarsız sayılır. "Patent haqqında" qanunun 37-ci maddəsinə əsasən, həmin qanuna uyğun olmadığı təsdiq edildikdə;

- patentin təsviri mütəxəssis tərəfindən həyata keçirilməsi üçün aydın və tam açıqlanmadıqda;

- patentlə verilən hüququn həcmi ilkin iddia sənədinin hüdudlarından kənara çıxdıqda;

- patent onu almaq hüququna malik olmayan şəxsə verildikdə.

Yuxarıda göstərilən şərtlər patentə tamamilə aid olmadıqda patent qismən etibarsız sayıla bilər.

Patentin etibarsız sayılmasına dair yaranan mübahisələrə Apellyasiya şurasında və ya məhkəmədə baxılır.

 

İş yerində istehsalat qəzası zamanı vəfat edənlərin ailələrinə əməkhaqqının hansı hissəsi verilir? Bu pulu kimlər ala bilər?

 

Əminə HƏSƏNOVA,

Bakı şəhəri.

 

- Sizin ailə başçısını itirməyə görə aldığınız ödənclə bağlı sualınıza cavab olaraq bildiririk ki, istehsalatda bədbəxt hadisə zamanı ailə başçısını itirdikdə zərərin əvəzi əməkhaqqının 100 faizi miqdarında ailəsinə ödənilir.

Mülki Məcəllənin 1121-ci maddəsinə əsasən, zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzini almaq hüququ vardır:

- ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər;

- şəxsin ölümündən sonra doğulmuş uşağı;

- ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq;

- ölənin himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər.

- İşləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. Zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə bu ödənc aşağıdakı müddətlərə ödənilir:

yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək;

on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu 23 yaşınadək;

əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük;

əlillərə - əlillik müddəti üçün;

ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək.