Hüquqlarınızı bilin


Baxıldı : 49

Tarix : 2017-12-22 22:37:19


Şəkər xəstəsiyəm.  Mənə əmək qabiliyyətinin itirilməsi kağızı - xəstəlik vərəqəsi neçə faizlə ödənilməlidir? Şəkər xəstələrinə güzəştlər müəyyən edilibmi?

 

Səmayə MƏMMƏDOVA,

Bakı şəhəri.

 

- "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında" Əsasnamənin 62-ci bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinətlər aşağıdakı miqdarda verilir:

1. Qazancın 100 faizi miqdarında-12 il və daha çox sosial sığorta stajı olan işçilərə;

2. Qazancın 80 faizi miqdarında- 8 il

dən 12 ilə qədər sosial sığorta stajı olan işçilərə;

3. Qazancın 60 faizi miqdarında-8 ilədək sosial sığorta stajı olan işçilərə.

Əsasnamədə bəzi kateqoriyalı şəxslərə, o cümlədən müəyyən xəstəliklərdən əziyyət çəkən şəxslərə sosial sığorta stajı nəzərə alınmadan qazancın100 faizi miqdarında müavinətin verilməsi nəzərdə tutulmuşdur. Həmin xəstəliklər sırasına şəkərli diabet xəstəliyi daxil deyil.

İkinci sualınızla əlaqədar olaraq bildiririk ki, şəkərli diabetə tutulan xəstələrə gündəlik normal iş vaxtının müddətində də xüsusi güzəştlər nəzərdə tutulmamışdır. Lakin işçilərə Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı - natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın - ayın, ilin davamiyyəti tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. İşçinin səhhəti və fizioloji vəziyyəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, işçinin ərizəsi ilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir. Onu da nəzərinizə çatdırırıq ki, natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.  Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin Əmək Məcəlləsi ilə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.

 

Uşağımın 3 yaşı tamam olmayıb. Ali təhsilliyəm. İxtisasıma uyğun hər hansı bir sahədə əmək müqaviləsi bağlamaqla çalışmaq istəyirəm. Yoldaşım deyir ki, azyaşlı uşağım olduğu üçün məni heç bir yerdə işlə təmin etməyəcəklər. Bu, doğrudurmu?

 

Həcər ƏLİYEVA,

Cəlilabad rayonu.

 

- Əmək Məcəlləsinin 240-cı maddəsində hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının xüsusiyyətləri qeyd olunur. İşəgötürənin bu səbəblərə görə qadınlarla əmək müqaviləsi bağlanmasından imtina etməsi yolverilməzdir. Əgər işəgötürən bu səbəblərdən qadınlarla əmək müqaviləsi bağlanmasından imtina edərsə, qadın bu imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab tələb edə bilər. Bundan sonra onun məhkəməyə müraciət etmək hüququ yaranır. Bu halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada işəgötürəni əmək müqaviləsi bağlamağa vadar edən qərar çıxarılır və imtina əsassız sayılır.

Bəzi hallarda işəgötürənin müvafiq boş iş yeri olmur və bu zaman o, müraciət edəni işə qəbul etmirsə, bu, işə qəbuldan imtina sayılmır. Elə sahələr də var ki, orada qadın əməyinin tətbiqi qadağandır. Bu sahələrə də hamilə və 3 yaşına qədər uşağı olan qadınların işə götürülməməsi işə qəbuldan imtina sayılmır. Qadın əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin, vəzifələrin, habelə yeraltı işlərin siyahısı Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr tarixli, 170 nömrəli qərarı ilə təsdiq edilmişdir.  Əmək Məcəlləsinin 241-ci maddəsi "Qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər" adlanır. Burada deyilir ki, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə hamilə və 3 yaşınadək uşağı olan qadının əməyinin tətbiqi qadağandır.

Bütün bunlara əsasən qeyd edirik ki, uşağınızın 3 yaşının tamam olmaması Sizin əmək fəaliyyəti ilə məşğul olmağınıza mane ola bilməz. Bu şərtlə ki, işləmək istədiyiniz sahə üzrə boş iş yeri olsun.

 

 

 

 

1) 01.01.2006-cı il tarixdə pensiyaya çıxmışam. Əmək kitabçamda kolxozda işlədiyim 3 il qeyd olunmamışdır.

09 dekabr 2011-ci il tarixdə Beyləqan rayon məhkəməsinin qətnaməsi ilə kolxozda işlədiyim 3 (üç) illik əmək stajım təsdiqləndi. Sizcə həmin staj 2006-cı ildən yoxsa 2011-ci ildən qeyd olunmalıdır və necə hesablanmalıdır?

2) 1976-cı ildən 1997-ci ilə kimi may, iyun, iyul, avqust, sentyabr, oktyabr aylarında əməkhaqqı almaqla sovxozda işləmişəm. Mən, dübarə 1981, 1982,1989- cu illərdə müşahidəçi işləmişəm. Həmin illərin əməkhaqqı pensiyaya daxil edilə bilərmi?

3) 2014-cü il 15 sentyabr tarixdə pensiyaya çıxarkən "Əmək veteranı" vəsiqəsi təqdim edilibdir. Əmək veteranı kimi hansı güzəştlər və imtiyazlar verilir?

 

Qafar ABBASOV,

Beyləqan rayonu.

 

- "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nın 3.1. bəndinə əsasən, sığortaolunanların qazanılmış olduqları pensiya huquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - qanun qüvvəyə mindiyi günədək (01.01.2006) sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür.

01.01.2006-cı ilədək əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Kolxozda işlədiyiniz 3 il əmək kitabçasında qeyd edilmədiyi üçün yaşa görə əmək pensiyası təyin edilərkən həmin dövrün iş stajı kimi nəzərə alınmaması qanunvericiliyin tələblərindən irəli gəlir.

Kolxoz stajının məhkəmə qaydasında təsdiq olunduğunu qeyd edirsiniz. Əgər məhkəmə qətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, yəni stajın hesablanması üçün tarix göstərilməyibsə, onda qətnamə qanunu qüvvəyə mindiyi tarixdən etibarən kolxozda işlədiyiniz illər əmək stajına daxil ediləcək və həmin tarixdən də hesablanacaq.

İkinci sualınızla bağlı bildiririk ki, qeyd etdiyimiz Qanunun 22-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir.

Sığortaolunanların ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Yəni Siz 01.01.2006-cı ildə əmək pensiyasına çıxarkən 1976-1997-ci illərdə ayrı-ayrı fəaliyyət dövrləriniz olub ki, bu dövrlər də üst-üstə düşüb. Sizə əmək pensiyası təyin edərkən, həmin maddənin tələbinə əsasən, eyni dövrlərdə olan fəaliyyət dövrlərindən biri götürülsə də, aldığınız əməkhaqqının hamısı qanunun 27-ci maddəsinə uyğun olaraq hesablanıb. 2011-ci ildə həmin maddəyə olan dəyişikliyə görə 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrlərdə pensiyaya çıxmış şəxslərin (həmin qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanıb ödənildi (maddə 27.2.). "Əmək veteranı" vəsiqəsi ilə bağlı bildiririk ki, qüvvədə olan qanunvericiliyə görə belə vəsiqələr almış şəxslərə əmək pensiyasında güzəştlər müəyyən edilməmişdir.

 

Öz ərizəsi ilə işdən çıxmış işçiyə əmək kitabçası nə vaxt və hansı qaydada verilməlidir?

 

Əbülfət MƏMMƏDOV,

Şəki şəhəri.

- Əmək kitabçası işçinin əmək fəaliyyəti haqqında sənəd hesab edilir. Bu sənəddə işçinin işə daxil olduğu vaxt, işlədiyi peşəsi (vəfizəsi), işdən çıxarılmanın səbəbi  və vaxtı barəsində qeydlər aparılır.

Əmək müqaviləsinə xitam verildikdə işçiyə əmək kitabçasının verilmə qaydası və müddəti Əmək Məcəlləsi və "İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları"nda müəyyən edilmişdir. Məcəlləyə və Qaydalara əsasən, işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Əmək müqaviləsinə xitam verildiyi gün işçi müəssisədə olmursa, işəgötürən elə həmin gün poçt vasitəsilə işçiyə bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsi isə o halda mümkün olur ki, işdən çıxan işçi özü buna razılıq versin.

Poçt vasitəsilə bildiriş göndərilibsə, işçi buna öz münasibətini bildirməlidir. Yəni, əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə razı olduğunu və ya əmək kitabçasını iş yerindən alacağını bildirməlidir.

Göstərdiklərimizə işçinin və işəgötürənin əməl etməməsi isə qanun pozuntusudur.