Hüquqlarınızı bilin


Baxıldı : 126

Tarix : 2017-04-10 06:18:21


Həyat yoldaşımla nikahımız pozulub. Üç yaşında qızım üçün, məhkəmə qətnaməsinə əsasən, atasının əməkhaqqından aliment tutulur. Lakin əməkhaqqından başqa, keçmiş həyat yoldaşım tez-tez ezamiyyətlərə gedir. Onun ezamiyyət pulu aldığı əməkhaqqından daha çox olsa da, bu puldan aliment tutulmur. Belə hal düzgündürmü?

 

Sona MİRZƏYEVA,

Bakı şəhəri.

- Hansı gəlir növlərindən alimentin tutulması Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş "Uşaqlar üçün valideynlərin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əməkhaqqının və (və ya) başqa gəlirlərinin növləri" ilə müəyyən edilmişdir.

Həmin qərarda uşaqlar üçün alimentin valideynlərin əməkhaqqından və hansı gəlir növlərindən tutula biləcəyi qeyd edilsə də, 5-ci hissəsində alimentin hansı gəlir növlərindən tutulmadığı da göstərilmişdir.

Bunlar aşağıdakılardır:

- yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclərdən (mükafatlar da daxil olmaqla);

- əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortizasiyasına görə pul əvəzindən;

- maddi yardım şəklində verilən müxtəlif növ ödənişlərdən;

- ezamiyyət ilə bağlı verilən ödəmələrdən, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələrdən, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələrdən;

- ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xidmətlərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyərindən və ya onların kompensasiyasından;

- işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə profilaktika qidalarının dəyərindən;

- qanunvericiliklə nəzərdə tutulmuş hallarda pulsuz qidaların (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəəti hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər) dəyərindən;

- sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyərindən;

- başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üçün ödənilən xərclərdən;

- işəgötürən tərəfindən istehsalatdan ayrılmaqla ixtisasartırma kurslarına göndərilmiş işçilərə ödənilən təqaüdlərdən;

- yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatlarından;

- gənc mütəxəssislərə ali və yaxud orta ixtisas təhsil müəssisəsini qurtardıqdan sonra verilən məzuniyyət zamanı müəssisələrin, idarələrin və təşkilatların hesabına ödənilən müavinətlərdən;

- elm, ədəbiyyat və incəsənət sahəsində mühüm işlərə görə verilən mükafatlardan;

- ixtiralara və səmərələşdirici təkliflərə görə birdəfəlik mükafatlardan;

- hərbi qulluqçulardan, həmçinin hüquq-mühafizə orqanlarının sıravi və komanda heyətinə aid şəxslərdən hərbi qulluqdan və hüquq-mühafizə orqanlarından tərxis olunan zaman verilən işdənçıxarma və birdəfəlik müavinətlərdən, həmçinin daimi xarakter daşımayan pul təminatının digər növlərindən aliment tutulmur.

 Aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.

Ezamiyyət ilə bağlı verilən ödəmələr də bu siyahıda yer aldığı üçün keçmiş həyat yoldaşınızın həmin gəlirlərindən aliment tutulmaması düzgündür.

 

Mülki işlə bağlı qarşı tərəfin kommersiya  hüquqi şəxs kimi dövlət qeydiyyatından keçməsi barədə sənədlərin surətlərini almaq üçün müraciət etdim, dövlət rüsumunun ödənilməsini tələb etdilər, bu, düzgündürmü?

 

Səxavət MƏMMƏDOV,

Bakı şəhəri.-

 “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 15-ci maddəsinə əsasən, dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğu əsasında üçüncü şəxslərə də verilir.

Dövlət reyestrindən çıxarışlar sənədlərin surəti şəklində də verilə bilər. Sənədlərin surəti, dövlət orqanları və təsisçilər istisna olmaqla, digər şəxslərə rüsum ödənilməklə verilir. “Dövlət rüsumu haqqında” qanunun 20.6. maddəsinə əsasən,  sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışların verilməsi üçün (hər səhifəyə görə) 1 manat dövlət rüsumu müəyyənləşdirilmişdir.

 

Daşkəsən Filizsaflaşdırma Kombinatında 1978-1993-cü ilədək tornaçı, yeddi il iqtisadçı işləmişəm. 2017-ci il tarixində "Daşkəsən Filizsaflaşdırma" ASC-yə müraciət etdim ki, güzəştli əmək təqaüdünə çıxmaq üçün forma №2 versinlər. Tornaçı sözü qanunda yoxdu dedilər. Mən izah etdim ki, tornaçı soyuq metal emalı ilə məşğul olandı. 21.12.1993-cü ilin güzəştli əmək təqaüdü haqqında qanunda qeyd olunub.

1.         Soyuq metal kəsiciləri Kod 2040200a-17972

2.         Doğrayıcılar-Kod 2010400a - 11908

3.         Metal sətinin qusurların emalçısı-Kod 10303001 - 15327

4.         Metal emalı üzrə sair peşələr-Kod 111040005

Mənim peşəmə aiddir, lakin mənə forma №2 verməkdən imtina edirlər.

 

Səkinə RƏHİMOVA,

Daşkəsən şəhəri.

 

- Qüvvədə olan qanunvericiliyə əsasən, sığortaolunan qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanmış olurlar.

Məktubunuzdan məlum olur ki, Siz qanunda qeyd olunan üç şərtdən ikisini 2017-ci ildə qazanmısınız. Bu halda əmək kitabçanızda qeyd olunan "tornaçı" peşəsi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda (Siyahı Nazirlər Kabineti tərəfindən 23 yanvar 2007-ci ildə 12 nömrəli qərarla təsdiq edilib) qeyd olunarsa, onda belə pensiya növü ilə yaşa görə əmək pensiyasına çıxa bilərsiniz. "Əmək pensiyaları haqqında" qanunun 9.8. maddəsinə əsasən, 01.01.2006-cı ilədək göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Siz bu hüququ 2017-ci ildə qazandığınız üçün tornaçı peşəsinin sizin qeyd etdiyiniz 21.12.1993-cü il tarixdə qəbul edilmiş Siyahıda yox, yuxarıda qeyd etdiyimiz Siyahıda yer alması lazımdır.

Həmin Siyahıda metal kəsiciləri, doğrayıcılar və sair peşə və ixtisaslar göstərilsə də, "tornaçı" ayrıca qeyd edilməmişdir.

 Elə bu səbəbdən də işlədiyiniz müəssisənin rəhbərliyi tərəfindən Sizə forma №2 verilmir.

Daşkəsən Filizsaflaşdırma Kombinatı ilə aranızda olan bu ziddiyyətin həll olunması üçün müvafiq məhkəməyə müraciət etməyinizi tövsiyə edirik.

 

Son zamanlar mətbuatda, televiziya kanallarında tez-tez məcburi dövlət sosial sığorta ödəmələri ifadəsini eşidirik. Hansı ödəmələr məcburi dövlət sosial sığorta ödəmələri adlanır? Kimlər sosial sığorta ödəmələrindən yararlana bilməzlər?

 

Səbuhi NURİYEV,

Bakı şəhəri.

 

- "Sosial sığorta haqqında" qanuna əsasən, məcburi dövlət sosial sığortası sığortaedənlər (Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər) tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir.

Sığortaolunanlara, yəni xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslərə bu növ ödəmələr üzrə verilən ödənclər "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında 189 saylı əsasnamənin 2-ci bəndində qeyd olunmuşdur. Bu ödənclər aşağıdakılardır:

1. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə ("Əmək pensiyaları haqqında" qanunla) müəyyən edilən əmək pensiyaları;

2. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericilikdə müəyyən edilmiş dövr üçün);

3. Hamiləliyə və doğuşa görə müavinət;

4. Uşağın anadan olmasına görə birdəfəlik müavinət;

5. Qanunvericilikdə müəyyən edilmiş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət;

6. Dəfn üçün müavinət;

7. Sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərin tam və ya qismən ödənişi;

8. İşsizlik müavinəti.

Qeyd olunan ödənclər sosial sığorta hadisəsi baş verdikdə ödənilir. Bu qəbildən olan sığorta haqları hesabına verilən müavinətlər təyin edilərkən sosial sığorta stajı da nəzərə alınır.

Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur.