Hüquqlarınızı bilin


Baxıldı : 169

Tarix : 2017-12-27 19:03:11


2011-ci ildə yaşla əlaqədar pensiyaya çıxmışam.Pensiyam hesablanarkən 2006-cı ilə qədərki hər  1 il iş stajıma 1,94 manat hesablanıb.  Hal-hazırda pensiyaya çıxanlara   2006-cı ilə qədərki hər 1 il iş stajı üçün 4,5 manat hesablanır. Bu  artım bizə aid edilmir. Səbəbini öyrənmək istəyirəm.

Oktay  SADIQOV,

Xırdalan  şəhəri.

- "Əmək pensiyaları haqqında" qanunun 27-ci maddəsinin 01.07.2017-ci ilədək qüvvədə olan redaksiyasında deyilirdi ki, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006) sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.

2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 1 iyul tarixindən yenidən hesablanır.

Lakin qeyd olunan dəyişiklikdən sonra qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınmasında fərqlilik yarandı. Belə ki, maddənin yeni redaksiyasına əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.

Maddənin yeni mətnində də qeyd olunduğu kimi əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla, 01.07.2017-ci ildən etibarən əmək pensiyasına çıxan şəxslərin qazanmış olduqları pensiya hüquqları 01.01.2006-cı ilədək hər il üçün 306 manat olmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınır və bu zaman hər il üçün 4.95 manat hesablanır.

Siz əmək pensiyasına 2011-ci ildə çıxdığınız üçün qazandığınız pensiya hüquqları həmin maddənin əvvəlki redaksiyasında qeyd olunan qaydada nəzərə alınmış, hər il üçün 1.94 manat hesablanmışdır.

Bütün bunlara əsasən də bu artım, Sizə aid edilmir.

                         

Faydalı modelə hüquqi mühafizə verilirmi? Nələr faydalı model sayılmır?

 

Şamil VƏLİYEV,

Daşkəsən rayonu.

- "Patent haqqında" qanunun 8-ci maddəsində faydalı modelin patent qabiliyyəti şərtləri müəyyən edilmişdir. Belə ki, qurğu obyektləri faydalı model kimi mühafizə oluna bilər.

Yeni olan və sənayedə tətbiq edilə bilən faydalı modelə hüquqi mühafizə verilir.

Mühüm əlamətlərinin məcmusu mövcud bilgilərdən məlum olmayan faydalı model yeni hesab edilir.

Faydalı model sənayenin və təsərrüfatın hər hansı sahəsində hazırlana və ya istifadə edilə bilərsə, sənayedə tətbiq oluna bilən sayılır.

Aşağıdakılar faydalı model sayılmır:

məmulatın xarici görkəminə aid edilən və estetik tələblərin təminatına yönələn həllər;

inteqral sxemlərin topologiyası.

 

Tibbi sığorta sistemində sığorta olunan vətəndaşların hansı hüquqları vardır?

 

Cəbrayıl MƏMMƏDLİ,

Lənkəran şəhəri.

"Tibbi sığorta haqqında"qanunla sığorta olunan vətəndaşlara müəyyən hüquqlar verilmişdir. Belə ki, adıçəkilən qanuna görə, vətəndaşların tibbi sığorta şəhadətnaməsini aldıqları andan tibbi sığorta müqaviləsi ilə müəyyən edilən tibbi yardım növlərinə və həcminə uyğun olaraq tibbi sığorta sisteminə daxil olan tibb müəssisələrindən hər hansı birini və həkimi seçmək, profilaktik yardım da daxil olmaqla, Azərbaycan Respublikasının bütün ərazisində icbari tibbi sığorta proqramındakından az olmayan həcmdə tibbi yardım almaq, icbari tibbi sığorta müqaviləsinin şərtlərinə uyğun olan tibbi xidmətdən istifadə etmək hüququna malikdir.

Onlar tibbi sığorta müqaviləsinə əsasən müraciət etdiyi tibb müəssisəsindən sağlamlığının vəziyyəti, eləcə də tətbiq olunan müalicə metodları və onların nəticələri barədə məlumat da ala bilərlər.

Sığorta olunan şəxslərin həmçinin sığortalı, tibbi sığorta təşkilatına, tibb müəssisəsinə, tibbi sığorta müqaviləsinin şərtlərindən asılı olmayaraq, onların təqsiri üzündən vurulmuş zərərin ödənilməsi də daxil olmaqla, qanunvericilikdə müəyyən olunmuş qaydada iddia qaldırmaq hüquqları da vardır.

Bunlardan başqa, könüllü tibbi sığorta müqaviləsi bağlayan şəxslər, əgər müqavilənin şərtlərində nəzərdə tutulubsa, istifadə edilməyən sığorta haqqının bir hissəsini geri ala bilərlər.

Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının tibbi sığortası Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən həyata keçirilir.

 

Qəzetinizin ötən saylarının birində sığortaçının xüsusi təminatdan istifadə qaydası haqqında sual cavablandırılmışdır. Sığortada xüsusi təminat nə deməkdir?

 

Şəmil ƏSƏDOV,

Sumqayıt şəhəri.

- "Sığorta haqqında" qanunla sığorta sahələrinə aid xüsusi təminat kimi saxlanılan dəyərlilər də müəyyən edilmişdir. 43-cü maddəyə əsasən, aşağıdakı dəyərlilər xüsusi təminat kimi saxlanıla bilər:

1. Azərbaycan manatında və Azərbaycan Respublikasında valyuta birjasında alqı-satqı predmeti olan xarici valyutada ifadə edilən pul vəsaiti;

2. Dövlət qiymətli kağızları;

3. Dövlətin payı minimum 51 faizi olan səhmdar cəmiyyətlərinin səhmləri;

4. Müvafiq icra hakimiyyəti orqanının razılığı ilə digər qiymətli kağızlar;

5. Sığortaçının mülkiyyətində olan və Azərbaycan Respublikasında yerləşən daşınmaz əmlak.

Daşınmaz əmlakın dəyəri xüsusi təminatın ümumi məbləğinin yarısından çox ola bilməz.

 

Hamiləliyə və doğuma görə məzuniyyətdəyəm.  İşə qayıtmaq istəyirəm. Körpə uşağı olan və işləyən qadınlara hansı güzəştlərin nəzərdə tutulduğunu bilmək istəyirəm?

 

Aysel ZEYNALOVA,

Gəncə şəhəri.

 

- "Analığın mühafizəsi haqqında" BƏT-in 103 saylı Konvensiyasında göstərilir ki, əgər qadın uşağını əmizdirirsə, onda o bu məqsəd üçün gün ərzində müddəti ölkə qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bir və ya bir neçə dəfə işi dayandırmaq hüququna malikdir. Konvensiyanın bu müddəası Əmək Məcəlləsinin 244-cü maddəsində öz əksini tapıb. Burada deyilir:

Yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda, hər fasilənin müddəti azı bir saat müəyyən edilir. Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əməkhaqqı saxlanılır. Qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında istifadə edilə bilər. Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır.

Deməli, uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxildir və qanunvericiliyə müvafiq olaraq müəyyənləşdirilir və ödənilir. İdarə, müəssisə və təşkilatlarda kollektiv müqavilə bağlanmışsa, bu məsələ kollektiv müqavilə ilə tənzimlənir və bu fasilələrin müddəti, ödənilməsi də həmin müqavilədə müəyyənləşdirilir.

Qeyd etdik ki, sözügedən fasilələrin müddəti hər 3 saatdan bir azı 30 dəqiqə olmalıdır. Lakin işəgötürən müvafiq həmkarlar ittifaqları orqanı ilə birlikdə uşağın və ananın səhhətindən, yaşayış yerinin iş yerindən məsafəsindən asılı olaraq bu fasilələrin müddətini kollektiv müqavilədə artıra bilər.

Bəzən uşağın tez-tez yedizdirilməsi zərurəti yaranır. Bu, həkim rəyi ilə təsdiqlənir. Bu halda işəgötürən tərəfindən uşağın yedizdirilməsi üçün əlavə fasilələr verilə bilər. Fasilələrin cəmlənərək birləşdirilməsi və ya iş vaxtının əvvəlində və ya sonunda istifadə edilməsi məsələsində işəgötürən bu fasilələri qadın üçün əlverişli olan vaxtlarda müəyyənləşdirə bilər. Belə hallarda iş gününün müddəti bu fasilələrin müddəti qədər qısaldılır.