Hüquqlarınızı bilin


Baxıldı : 337

Tarix : 2018-01-19 19:14:38


Hamilə qadınlar gecə işlərinə və əlavə işlərə cəlb edilə bilərmi? Onların həm də istirahət və iş günü olmayan bayram günlərində çalışmaları haqqında məlumat verməyinizi xahiş edirəm.

Göyərçin MƏMMƏDOVA,

Sumqayıt şəhəri.

- Qanunvericilikdə işləyən hamilə və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunması, habelə ezamiyyətlərə göndərilməsinin məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Göstərilən qadağalar qeyd-şərtsiz normalardır. Belə ki, Əmək Məcəlləsinin 242-ci maddəsinin mənasından aydın olur ki, həmin qadınların öz razılığı olduqda belə, göstərilən işlərə cəlb edilməsi yolverilməz hesab edilir. Amma 3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların gecə işləri istisna olmaqla, qeyd olunan digər işlərə cəlb olunmasına onların razılığı ilə yol verilir. Deməli, həmin şəxslər işəgötürən tərəfindən bu işlərin yerinə yetirilməsinə məcbur edilə bilməz, onların bu işləri görməkdən imtinası əmək qanunvericiliyinin pozulması kimi qiymətləndirilə bilməz.

Konstitusiyanın 34-cü maddəsinin III hissəsində deyilir ki, analıq, atalıq və uşaqlıq qanunla mühafizə edilir. Bu müddəa özü Əmək Məcəlləsinin 243-cü maddəsində bir daha aydınlaşır. Burada qeyd edilir ki, hamilə və yaşyarımadək uşağı olan qadınlar  başqa yüngül işə keçirilərkən onların əsas vəzifələri üzrə orta əməkhaqqı saxlanılır, hamiləlik və uşağın yedizdirilməsi səbəblərinə görə qadınların əməkhaqqının azaldılması qadağandır.

Qanunvericilik işləyən qadınların hasilat və xidmət normasının azaldılması, zərərli istehsalat amillərinin təsirini istisna edən yüngül işə keçirilməsini də müəyyən etmişdir. Bu halda işəgötürən tibbi rəyə əsaslanır. İşəgötürən qeyd edilənlərdən imtina edərsə, bu halda məhkəməyə şikayət verilə bilər.

Kənd yerlərində, bitkiçilikdə və heyvandarlıqda işləyən hamilə qadınların əməyi hamiləliyin başlandığı andan qadağan edilir. Belə müəssisələrin rəhbərləri hamiləlik barədə tibbi arayışın təqdim edilməsi əsasında, əvvəlki əməkhaqqı saxlanılmaq şərtilə, qadınları belə işdən azad etməli, daha yüngül işə keçirməlidirlər.

 

Fərdi yaşayış evlərinə su sayğaclarının quraşdırılması üçün dövlət rüsumu ödənilməlidir ya yox, əgər ödəniş olursa nə qədər? Bu barədə qəzet vasitəsilə məlumat verməyinizi xahiş edirik.

 

Ceyhun MƏMMƏDOV,

Bakı şəhəri.

- Su təchizatı və kanalizasiya sistemlərindən (sudan) istifadə sahəsində su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətlər və bununla əlaqədar digər məsələlər “Sudan istifadə” Qaydaları ilə tənzimlənir.

Qaydalarda su təchizatı və kanalizasiya müəssisələrinin və istehlakçıların (bu müəssisənin xidmətindən istifadə edən hüquqi və ya fiziki şəxslərin) hüquq və vəzifələri müəyyən edildiyi kimi, suölçən cihazların (məktubunuzda qeyd olunan su sayğaclarının) quraşdırılması və istismarı da əks olunmuşdur.

Qeyd olunan Qaydaların 6.5. bəndinə əsasən, istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə su təchizatı və kanalizasiya müəssisələrinin vəsaiti hesabına, hüquqi şəxs olan istehlaksıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Fərdi yaşayış evinizə suölçən cihaz quraşdırılarkən qeyd olunan  bəndə əsasən, Sizdən heç bir dövlət rüsumu və ya əlavə xərc alınmamalı, həmin cihaz istehlakçının, yəni qeyd etdiyimiz müəssisənin öz vəsaiti hesabına quraşdırılmalıdır.

İstehlakçı kimi Sizin vəzifəniz mənzildə, fərdi yaşayış evində və ya həyatyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, üzərindəki plombların toxunulmazlığını təmin etməkdir.

Çünki qeyd olunan Qaydaların 6.4. bəndinə əsasən yaşayış binalarının girişində pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına su təsərrüfatı və kanalizasiya müəssisələri, mənzillərdə, fərdi yaşayış evlərində və həyatyanı sahələrdə quraşdırılmış suötürücü cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır.

Nəzərinizə çatdırırıq ki, quraşdırılan suölçən cihazlar Standartlaşdırma, Meliorasiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində həmin komitənin və su təchizatı və kanalizasiya müəssisələrinin plombu olmalıdır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vəsaitlərinin quraşdırılması qadağandır.

Müəyyən edilən dövlət standartlarına uyğun olaraq müəssisə tərəfindən suölçən cihazların texniki pasportlarında göstərilmiş müddətdə dövlət yoxlaması da keçirilir.

İstehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması Qaydaları yuxarıda qeyd etdiyimiz 6.5. bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən həyata keçirilir. Suölçən cihazların göstəricilərində istehlakçının təqsiri üzündən uyğunsuzluq (səhv) müəyyən edildikdə və (və ya) suölçən cihazların plombu zədələndikdə, istehlakçının vəsaiti hesabına suölçən cihazların dövlət yoxlaması keçirilməlidir.

 

Boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirən işçilər vəzifəsində qalmaqla həmin boş vəzifəyə də təyin edilə bilərmi? Bu müddət ərzində onlara əlavə əməkhaqqı verilirmi?

Həmid ABBASOV,

Gəncə şəhəri.

- Boş vəzifə üzrə əmək funksiyasının icrası ilə bağlı məsələlər Əmək Məcəlləsinin 61-ci maddəsinin 2, 3, 4-cü hissələri ilə tənzimlənir. İdarə, müəssisə və təşkilatda işəgötürən işçi ilə qarşılıqlı razılığa gələrək boş olan vəzifə üzrə əmək funksiyasının icrasını ona həvalə edə bilər.

Qanunvericilik belə hallarda nəzərdə tutur ki, işçiyə üç aydan çox olmayan müddətdə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Müddətin işəgötürənlə qarşılıqlı razılıqla artırılması belə mümkün deyil. Bu müddət bitdikdən sonra işəgötürən qanunvericilikdə nəzərdə tutulmuş aşağıdakı hallardan birini tətbiq edə bilər:

1) öz razılılığı ilə işçini həmin vəzifəyə keçirə bilər;

2) əmək funksiyasını genişləndirərək hər iki vəzifəni birləşdirə bilər. Bu zaman işəgötürən yeni əmək müqaviləsi bağlayaraq işçini həmin vəzifəyə təyin edir;

3) işəgötürən boş vəzifəyə yeni işçi götürə bilər.

Sizi maraqlandıran digər məsələ- boş vəzifəni icra edən işçinin əməkhaqqının ödənilməsi də qanunvericiliklə müəyyənləşdirilir. Belə ki, işçi eyni iş vaxtı ərzində həm öz işini, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı almalıdır. Boş vəzifənin icrası zamanı alınacaq əməkhaqqının minimum məbləği Əmək Məcəlləsində qeyd edilsə də, maksimum məbləğ haqqında danışılmır. Bu məbləğ tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.

Sonda bir məsələni də qeyd etmək istəyirik. Məktubunuzda işçinin öz vəzifəsi ilə icra etdiyi  boş vəzifənin əmək funksiyalarının eyni xarakterdə və ya fərqli olması haqqında qeyd yoxdur. Lakin nəzərinizə çatdırırıq ki, Əmək Məcəlləsinin 61-ci maddəsinin 4-cü hissəsinə əsasən, əgər boş vəzifə üzrə əmək funksiyası işçinin vəzifəsi üzrə əmək funksiyası ilə eyni xarakterdədirsə, onda razılıqla işəgötürən işçinin öz vəzifəsində qalmaqla həmçinin həmin boş vəzifəyə də təyin edə bilər. Bu zaman əməkhaqqı yenə də yuxarıda qeyd etdiyimiz qaydada ödənilir.

 

Sığorta təşkilatının rəhbəri olmaq üçün hər hansı bir şərt mövcuddurmu?

 

Vəliyar ABDULLAYEV,

Sumqayıt şəhəri.

-”Sığorta haqqında” qanunda sığorta təşkilatının rəhbərləri olmaq üçün müəyyən tələblər qoyulmuşdur. 12-ci maddəyə əsasən sığortaçının rəhbərləri aşağıdakı tələblərə cavab verməlidirlər:

1. Ali iqtisadi, texniki, hüquqi və ya dəqiq elmlər sahəsində təhsilin və sığorta əməliyyatlarının aparılması ilə əlaqədar sığorta sahəsində azı iki il iş təcrübəsinin, yaxud bu şərtlərdən asılı olmayaraq, ali təhsilin və belə sahədə azı dörd il iş təcrübəsinin olması;

2. mülkiyyətə qarşı cinayətlər, təsərrüfat və vəzifə cinayətləri törədilməsinə görə məhkumluğun olmaması.

Qeyd olunan tələblərə cavab verən hər bir şəxs sığorta təşkilatının rəhbəri ola bilər.

 

Tibbi sığorta nə üçündür? Tibbi sığorta neçə cür olur, mən özümü könüllü sığorta etdirə bilərəmmi?

 

Əlamət HACIYEVA,

Bakı şəhəri.

- Mövcud qanunvericiliyə əsasən, tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə ölkə əhalisinin tibbi və dərman yardımı almasına təminat verir.

Tibbi sığorta iki cür olur: icbari və könüllü. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir.

Könüllü tibbi sığorta isə icbari tibbi sığorta proqramında müəyyənləşdirildiyindən əlavə olaraq könüllü tibbi sığorta müqaviləsi əsasında əhalinin tibbi və digər xidmətlər almasını təmin edir. Hər bir şəxsin könüllü tibbi sığorta müqaviləsi ilə özünü könüllü sığorta etdirmək hüququ vardır.