III qrup əlillərə əməkhaqqından tutulmalarda nə kimi güzəştlər var?


Baxıldı : 315

Tarix : 2018-01-05 22:56:54


1) III qrup əlillərə əməkhaqqından tutulmalarda nə kimi güzəştlər var?

2) Zərərli işdə işləyən kişi və qadınlar neçə yaşında təqaüdə çıxa bilərlər və nə qədər staj tələb olunur?

 

M.SADIQOV,

Şirvan şəhəri.

 

- Gəlir vergisindən azadolmalar və güzəştlər Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən həyata keçirilir.

102.3. maddəyə əsasən I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Müharibə əlilləri barəsində isə belə güzəşt əlilliyin qrupundan asılı olmayaraq müəyyən edilmişdir. 102.2.4. maddəyə əsasən müharibə əlillərinin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat azaldılır.

Nəticə olaraq bildiririk ki, III qrup əlillərin, Sizin sözünüzlə desək, əməkhaqqından tutulmalarda güzəşt ancaq müharibə əlillərinə aiddir.

Zərərli işdə işləyən kişi və qadınların neçə yaşda pensiyaya çıxa bilmələri isə "Əmək pensiyaları haqqında" qanunun 9-cu maddəsi ilə (Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) tənzimlənir.

9.1. maddəyə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzəfələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

Lakin belə şəxslərə pensiyalar yaşa və staja görə istisnalarla da təyin olunur. Belə ki, 9.8. maddəyə əsasən, 01.01.2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olan qanunvericiliklə  müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

 

İş və yaşayış yerim eyni şəhərdə deyil. Hər işə gedəndə 3.00 və ya 3.50 manat yol pulu ödəyirəm. Buna görə iş yerindən yol pulu və ya ezamiyyə haqqı verilməlidirmi? İş yerinin dövlət idarəsi, özəl təşkilat və səhmdar cəmiyyəti olmasının fərqi ola bilərmi?

 

Müşviq ƏSGƏROV,

Sumqayıt şəhəri.

 

- Bu məsələ Maliyyə Nazirliyinin 18.01.2012-ci il tarixli, Q-01 saylı Qərarı ilə təsdiq olunmuş "İşçilərin ezamiyyə qaydaları" ilə  tənzimlənir. Qaydaların 1-ci bəndinə əsasən, dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə metodu ilə çalışan və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır.

Təşkilatın işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatın rəhbərliyi tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir.

Qaydaların göstərişinə əsasən bildiririk ki, iş yerinin Sumqayıt şəhərində yerləşdiyi üçün Siz oraya ezam olunmursunuz, öz iş funksiyanızı yerinə yetirmək üçün gedirsiniz. Bu halda işçiyə əmək müqaviləsi ilə müəyyən edilmiş aylıq məbləğ (əlavələr, mükafatlar və digər ödənclər də daxil olmaqla) yəni əməkhaqqı verilir. Lakin əmək qanunvericiliyinə əsasən, müəssisədə həmkarlar ittifaqı təşkilatı və ya əmək kollektivi arasında kollektiv müqavilə bağlana bilər ki, bunun da məzmunu Əmək Məcəlləsinin 31-ci maddəsində təsbit olunur. Həmin maddənin 3-cü hissəsinə əsasən, kollektiv müqavilədə müəssisənin iqtisadi imkanları nəzərə alınmaqla, daha güzəştli əmək və sosial-iqtisadi şərtlər də (əlavə məzuniyyətlər, pensiyalara əlavələr, nəqliyyat və ezamiyyə xərclərinin ödənilməsi, pulsuz və ya güzəştli qiymətlərlə yemək verilməsi və digər güzəşt və əvəzlər) nəzərdə tutula bilər. Qeyd edilən güzəştlər təşklati-hüquqi formasından asılı olmayaraq yəni dövlət müəssisəsi, özəl şirkət və ya səhmdar cəmiyyəti olsa da, kollektiv müqavilədə nəzərdə tutulduqda müəssisənin işçilərinə şamil olunur.

 

Özəl təşkilatda işləyirəm. Müdiriyyətin razılığı ilə başqa idarədə də əlavə olaraq işə düzələ bilərəm? Bu zaman əmək kitabçası tələb olunurmu?

Güllü ƏSGƏROVA,

Sumqayıt şəhəri.

 

- Sualınızdan məlum olur ki, əvəzçilik üzrə işləmək istəyirsiniz. Məcəllənin 58-ci maddəsinə uyğun olaraq əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər.

Hər hansı bir özəl təşkilatda əmək müqaviləsi bağlayaraq işləyirsinizsə, həmin müəssisə əsas iş yeriniz sayılır. Məcəllənin 48-ci maddəsinə əsasən, əmək müqaviləsi bağlayarkən əmək kitabçasını da tələb olunan başqa sənədlərlə birlikdə işəgötürənə təqdim etmiş və ya (əgər ilk dəfə əmək fəaliyyətinə başlamışsınızsa) həmin müəssisədə, yəni əsas iş yerində adınıza əmək kitabçası açılmışdır.

Qanunvericiliyin tələbinə əsasən, əlavə olaraq hər hansı bir təşkilatda işləmək üçün həmin təşkilatın işəgötürəni ilə yeni əmək müqaviləsi bağlayaraq əmək fəaliyyətinə başlamalısınız. Lakin bu zaman yeni əmək kitabçasının açılması nəzərdə tutulmamışdır. İşçi əsas və əlavə iş yerlərinin sayından asılı olmayaraq birinci əmək fəaliyyətinə başladığı yerdə onun adına açılan əmək kitabçasından istifadə edir. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.

ƏM-in 87-ci maddəsinə və "İşçilərin əmək kitabçalarının forması və onun tərtibi Qaydaları"nın 3.2-ci bəndinə əsasən, əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında işçinin arzusu ilə əsas iş yerində aparılır. 

Əvəzçilik üzrə işlər iş vaxtından sonra və ya iş vaxtı ərzində ola bilər. Məktubunuzda əvəzçilik üzrə əmək fəaliyyətini hansı vaxtda yerinə yetirəcəyinizi qeyd etmirsiniz. Əgər iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerində (və ya yerlərində) işləmək istəyirsinizsə, bu halda əsas iş yeri üzrə işəgötürənin razılığı tələb olunmur. Çünki bu zaman əsas iş yerində işçi gündəlik normal iş vaxtı müddətində müəyyənləşdirilmiş əmək funksiyasını yerinə yetirir. Lakin iş vaxtı ərzində əvəzçilik üzrə işləmək istəyirsinizsə, bu zaman əsas iş yeri üzrə işəgötürənin razılığı lazımdır.

Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini, əlavə iş yerinin işəgötürəni və özünüz Məcəlləyə müvafiq olaraq müəyyən etməlisiniz.

Bir məqamı da nəzərinizə çatdırırıq ki, Məcəllənin 58-ci maddəsinin 5-ci hissəsinə əsasən, əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insan sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində çalışması yolverilməzdir.

 

 

 

Elə bir yaşdayam ki, artıq qulluğa ehtiyacım var. Bir bacım var, o da xaricdə yaşayır. Deyirlər ki, dövlət evdə yaşlı adama kömək etmək üçün  adam təyin edir. Bu, düzdürmü?

Namiq HƏNİFƏYEV,

Gəncə şəhəri.- Bəli, 30 dekabr 2011-ci il tarixdə ölkəmizdə çətin həyat şəraitində yaşayan şəxslərə sosial xidmət göstərilməsi sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən və bu sahədə yaranan münasibətləri tənzimləyən "Sosial xidmət haqqında" qanun qəbul edildi. Sizi maraqlandıran məsələlər həmin qanunla tənzimlənir.

"Sosial xidmət haqqında" qanunun 7-ci maddəsinə əsasən sosial xidmət göstərilməsi üçün ilk növbədə şəxsin çətin həyat şəraitində hesab edilməsi öz təsdiqini tapmalıdır. Bu hallar həmin Qanunun 7-ci maddəsində sadalanır. Qanunun 7.1.4. maddəsinə əsasən xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyətinin, habelə şəxsə (ailəyə) qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumların və ya qanuni nümayəndələrinin olmaması halı da çətin həyat şəraitində yaşama sayılır.

Qanuna görə, ahıl dedikdə -yaşı 70-ə çatmış şəxs başa düşülür. Adıçəkilən Qanuna əsasən, sosial xidmət göstərilməsi üçün çətin həyat şəraitində olan şəxs, yaxud onun maraqları çərçivəsində şəxsin qəyyumu, himayəçisi və ya bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər yaşayış yeri üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edə bilərlər. Müraciət daxil olduğu gündən sonra 5 iş günü ərzində şəxsin sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi üçün sosial işçiyə ünvanlanır. Sosial işçi ərizənin daxil olduğu gündən sonra 10 iş günü ərzində şəxsin sosial xidmətə olan tələbatını müəyyənləşdirib qiymətləndirir. Bundan sonra o, hesabat və şəxsə fərdi xidmət göstərilməsinə dair fərdi plan hazırlayır.

Sualınızdan belə məlum olur ki, Sizi evdə sosial xidmət maraqlandırır. Qanunun 19.1. maddəsinə əsasən, əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara qanunvericiliklə müəyyən edilmiş qaydada evdə sosial xidmət göstərilir. Evdə sosial xidmət dedikdə: dərman vasitələrini, zəruri ərzaq və əsas tələbat mallarını almağa köməklik göstərilməsi, istirahətin təşkil olunmasında, qida qəbul edilməsində və digər məişət xidmətlərinin göstərilməsində köməklik edilməsi, tibbi və psixoloji yardım almaqda köməklik göstərilməsi, tibb müəssisəsinə müşayiət olunması, yaşayış şəraitinin sanitar-gigiyena tələblərinə uyğunlaşdırılması, hüquqi məsləhət olunmasına köməklik göstərilməsi əlillərə reabilitasiya xidmətinin göstərilməsi başa düşülür.

Məktubunuzdan aydın olur ki, Siz ahıl yaşındasınız və sosial xidmətə ehtiyacınız var. Ona görə də Siz evdə sosial xidmət göstərilməsi barədə yaşayış yeriniz üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edə bilərsiniz.