I qrup gözdən əliləm, sanatoriya-kurort yollayışını haradan ala bilərəm? Gözdən əlil olduğum üçün məni müşayiət edəcək şəxsə də sanatoriya-kurort yollayışını almalıyam


Baxıldı : 351

Tarix : 2018-01-12 22:46:16


I qrup gözdən əliləm, sanatoriya-kurort yollayışını haradan ala bilərəm? Gözdən əlil olduğum üçün məni müşayiət edəcək şəxsə də sanatoriya-kurort yollayışını almalıyam. Bu barədə də məlumat verməyinizi istərdim.

   

    Rəhim ƏLİYEV,

Gəncə şəhəri.   

 

- Bu məsələ Nazirlər Kabinetinin 12 avqust 2012-ci il tarixli, 128 saylı qərarı ilə təsdiq olunmuş “Əlillərin, İkinci dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanlaın xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi” qaydaları ilə tənzimlənir.

Qaydaların 2-ci bəndinə əsasən, sanatoriya-kurort müalicəsini almaq üçün yollayışlar işləməyənlərə - dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda işləyənlərə isə Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına növbəlilik əsasında pulsuz verilir. İşləyən əlillər bu yollayışlarla iş yerindən, işləməyənlər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun yerli orqanları tərəfindən təmin olunurlar (tibb müəssisələrinin göndərişi ilə və yalnız ölkə hüdudları daxilində).

Həmin qaydaların 3-cü hissəsinin qeydində deyilir ki, I qrup əlilləri müşayiət edən şəxslər sanatoriya-kurort yollayışları ilə həmin əlillərin yollayışla təmin olunduqları idarə, müəssisə, təşkilat, orqanlar tərəfindən təmin olunurlar.

2000-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təsdiq edilən “Məcburi dövlət sosial sığorta vəsaitləri hesabına sanatoriya-kurort müəssisələrinə verilən yollayışların bölüşdürülməsi və uçotu” qaydalarının 2.15 bəndinə əsasən, sanatoriyada müalicə olunmağa gedən I qrup əlilə müşayiətçi lazımdırsa, həmin təşkilat müşayiətçiyə də pulsuz yollayış verir və yollayışda “müşayiətçi” sözünü yazır.

 

Çalışdığım istehsalat sahəsində müxtəlif çəkidə olan əşyaların bir yerdən digər yerə daşınması  zərurəti yaranır. Sexdə işləyənlərin əksəriyyəti qadınlardır. Biz qadınlar hansı ağırlıqda olan əşyaları daşıya bilərik?

 

Şəmsurə VƏLİYEVA,

Bakı şəhəri.

 

- İşəgötürən qadın əməyindən ancaq müəyyən normalar daxilində istifadə edə bilər. Qanunverici bu normaları tərtib edərkən Səhiyyə Nazirliyinin tibbi ekspertlərinin rəyini, eləcə də dünya tibb təcrübəsini əsas götürərək qadınların fizioloji keyfiyyətlərini nəzərdə tutmuşdur. Lakin göstərilən bu normalar hamilə və 3 yaşına qədər uşağı olan qadınlara şamil edilmir. Bu qəbildən olan qadınların orqanizminin fizioloji xüsusiyyətləri nəzərə alınaraq göstərilən normada olan əşyaların qaldırılması və daşınması belə qadağan edilmişdir.

Aşağıda qeyd olunan normalar həddindən artıq ağır əşyaların qadınlar tərəfindən qaldırılması və bir yerdən başqa yerə daşınması işləri qanunvericiliklə qadınların əmək funksiyasına daxil edilə bilməz:

1) başqa işləri görməklə yanaşı, eyni zamanda ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması;

2) ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq olmayan hündürlüyə qaldırılması;

3) bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması;

4) 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınması.

Əgər hər hansı işəgötürən qanunvericiliyin bu tələbini pozarsa, o, Dövlət Əmək Müfəttişliyinin xüsusi qərarı əsasında məhkəməyə verilə bilər.

 

Aldığım mənzili təmirə başlayanda tikinti şirkətinin komendantı mənə dedi ki, 254 manat ödəyib təmirə başlaya bilərsən. Qaldırıcı qurğudan 3 gün istifadə etmişəm. İndi mənim qaldırılası tikinti materiallarım var. Onu qaldırmırlar ki, bəs sən aylıq verməlisən. Mən başa düşə bilmirəm. Bu nə aylıqdır və bu nə dərəcədə düzgündür?

Servis xidmətləri barədə də məsləhət verməyinizi Sizdən xahiş edirəm. Bu şirkətdə nə səbəbə görə kv. metr yox, otaq hesabı haqq-hesab gedir. Məsələn, 1-2 otaqlı 30 manat, 3 otaqlı 40 manat, 4 otaqlı 50 manat.

 

Hidayət NƏCƏFOV,

Bakı şəhəri.

 

- “MAİN” yaşayış kompleksindən 144,38 kv. metr  mənzil almaq üçün “MAİN Development Azerbaijan LTD” törəmə şirkətinin təmsilçisi ilə 15.12.2015-ci ildə 661 saylı müqaviləni imzalamışsınız. Müqavilədə tərəflərin hüquq və vəzifələri tam aydın qeyd edilib. Mənzillərin təmiri üçün müddət təyin edilməsi, payçılar tərəfindən ancaq bu müddət ərzində təmir işlərinin aparılmasına riayət olunmasına nəzarət edilməsi və təmir vaxtı payçının tikinti materiallarını mənzilə qaldırmaq üçün qaldırıcı qurğularla təmin edilməsi vəzifəsi icraçının (adıçəkilən tikinti şirkətinin) üzərinə vəzifə olaraq qoyulmuşdur. Eyni zamanda icraçıya belə bir hüquq verilmişdir ki, “Tərəflər arasında təmir müqaviləsi imzalanmayanadək “İcraçı” təmir işlərinə icazə verməyə bilər”.

Həmin müqavilədə payçı kimi sizin vəzifələriniz də müəyyən edilərək nəzərdə tutulmuşdur ki, mənzillərdəki təmir işlərini ancaq tərəflər arasında təmir müqaviləsi imzalandıqdan sonra başlaya bilərsiniz və təmir işləri təyin olunmuş müddətdə qurtarmalıdır. Təmir işlərinə başladığınız müddətdən tikinti materiallarının mərtəbəyə qaldırılması, elektrik enerjisi, su sərfiyyatı, mühafizə və sair xərcləri qarşılamaq üçün müəyyən bir məbləğin ödənilməsi, təmir başa çatdıqdan və təhvil verildikdən sonra yaşayıb-yaşamamaqdan asılı olmayaraq müəyyən edilmiş qaydada aylıq servis xidməti haqqını ödəməyi müqaviləyə əsasən, vəzifə olaraq öz öhdənizə götürmüsünüz.

Mənzili aldıqdan sonra 07.08.2017-ci ildə həmin törəmə şirkətin komendantı ilə aranızda 81 saylı müqavilə imzalanmışdır ki, bu müqavilənin də predmetini mənzil daxilində aparılacaq təmir işləri zamanı tərəflərin hüquq vəzifələri və öhdəlikləri təşkil edir. Müqavilədə qeyd edilmişdir ki, “bu müqavilədə göstərilən mənzildə təmir işlərinin aparılması üçün servis xidmətinin dəyəri 3 otaq üçün 254 (iki yüz əlli dörd) manat təşkil edir”.

Müqaviləyə payçının mənzil daxilində təmir aparılması üçün icazə qəbzi də əlavə edilmişdir. Qəbzin təyinatı “təmir aylığı üçün ödəniş (güzəştli)” olaraq qeyd edilmiş, məbləğ müqaviləyə uyğun olaraq 254 (iki yüz əlli dörd) manat müəyyənləşdirilmişdir. Qəbzə əsasən, (qəbz №176), həmin məbləğ 07 avqust 2017-ci ildə ödənilmiş və bitmə tarixi 12 sentyabr 2017-ci il göstərilmişdir.

Siz tikinti materiallarınızı 12.09.2017-ci il tarixinədək mənzilə daşıyıb qurtarmalı idiniz. Daşınmamış tikinti materiallarınız varsa, yenə də komendantın dediyi kimi, aylıq (254 manat) ödəməlisiniz. Çünki qeyd edilən 81 saylı müqavilənin III bölməsinə əsasən, “Payçı” hazırkı müqavilədə göstərilmiş servis haqqını nağd şəkildə və hər ayın sonuna qədər ödəməyi öz üzərinə götürür”.

Əgər bu məsələ ilə bağlı hər hansı

 bir narazılığınız varsa, müvafiq məhkəməyə müraciət edə bilərsiniz.

 

Patent hüququ başqasına verilə bilərmi?

 

Vəli QƏNBƏROV,

Bakı şəhəri.

 

- İxtira, faydalı model və sənaye nümunələri ilə bağlı hüquqların verilməsi “Patent haqqında” qanunun 17-ci maddəsində müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikasının qanunvericiliyində digər hallar nəzərdə tutulmayıbsa, istənilən iddia sənədi və ya patentlə bağlı hüquqlar tamamilə və ya qismən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulan qaydada özgəninkiləşdirilə bilər.

Patent hüququnun girov qoyulması barədə müqavilə müəyyən edilən dövlət rüsumunun ödənilməsi şərtilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalar əsasında qeydiyyata alınır.

İxtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədinin və ya patentlə bağlı hüquqların başqasına verilməsi müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınır.

 

Sığortaçının filialı açıla bilərmi?

 

Veysəl HACIYEV,

Bakı şəhəri.

- Sığortaçının təşkilati strukturu, bu təşkilatın filial və nümayəndəliklərinin açılması və fəaliyyət qaydası “Sığorta haqqında” qanunun 11-ci maddəsi ilə tənzimlənir. Maddəyə əsasən sığortaçının idarəetmə və daxili nəzarət strukturu qanunvericiliyə uyğun olaraq onun nizamnaməsi ilə müəyyən edilir.

Sığortaçının Azərbaycan Respublikasında və xarici ölkələrdə filialları, şöbələri və nümayəndəlikləri müvafiq icra hakimiyyəti orqanına məlumat verməklə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada açıla bilər.

Filiallar, şöbələr və nümayəndəliklər sığortaçının təsdiq etdiyi əsasnaməyə uyğun fəaliyyət göstərirlər.

Filialların, şöbələrin və nümayəndəliklərin rəhbərləri sığortaçı tərəfindən təyin edilir.