Hüquqlarınızı bilin


Baxıldı : 179

Tarix : 2017-05-01 06:08:40


Hüquqi şəxs statusu almaq  üçün ərizə ilə müraciət etmək istəyirəm. Get-gələ düşməməkdən ötrü hansı sənədləri və onu düzgün təqdim etməkdə mənə kömək göstərməyinizi xahiş edirəm.

 

Pəri NOVRUZOVA,

Ağsu rayonu.

- “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 5.4. maddəsinə əsasən, ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

- təsis sənədləri - hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır);

- dövlət rüsumunun ödənilməsi haqqında sənəd;

- təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;

- təsisçi fiziki şəxs olduqda-onun şəxsiyyətini təsdiq edən sənədin surəti;

- qeyri-hökumət təşkilatının təsisçisi (təsisçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd;

- hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd;

- qanuni təmsilçinin təyin edildiyi halda onun şəxsiyyətini təsdiq edən sənədin surəti;

- fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd;

- təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunması barədə sənəd.

Yenidən təşkil nəticəsində yaradılan qurumların dövlət qeydiyyatına alınması barədə ərizəyə habelə aşağıdakılar əlavə edilir:

- yenidən təşkil haqqında qərar;

-təhvil aktı və ya bölünmə balansı;

- mətbuatda müvafiq elanın dərc olunması barədə məlumat.

Adımı dəyişmək üçün haraya müraciət etməliyəm? Özüm rayonda doğulmuşam, hazırda Bakı şəhərində qeydiyyatdayam. Ərizənin hansı formada yazılacağını da bilmirəm. Burada hansı məlumatları göstərməliyəm?

 

Allahverdi QURBANOV,

Bakı şəhəri.

- Ailə Məcəlləsinin

189-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

"Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi" qaydalarının 6.6. maddəsinə əsasən, bu haqda ərizələr vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluq idarəsinə verilir.

Adın, ata adının, soyadın dəyişdirilməsi haqqında ərizələrin ümumi bir forması mövcuddur. Bu forma yuxarıda adıçəkilən qaydalara 1 №-li əlavə olaraq verilmişdir. Ərizə  iki nüsxədən ibarət təqdim olunur. Ərizələrdən biri ərizəni qəbul edən qeydiyyat şöbəsində qalır, birinin üzərində isə ərizənin qəbul edilməsinə dair qeyd aparılır. Həmin nüsxə ərizə verən şəxsə qaytarılır.

Qaydaların 6.8. bəndinə uyğun olaraq adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizədə aşağıdakı məlumatlar göstərilir:

- ərizə verən şəxsin soyadı, adı, atasının adı;

- adın, ata adının və soyadın dəyişmək istəyi;

- daşımaq istədiyi ad, ata adı və soyadı;

- doğulduğu tarix və yeri;

- milliyyət və vətəndaşlığı;

- yaşayış və iş yeri, vəzifəsi;

- hərbi uçot yeri;

- əvvəllər adı, ata adı və soyadı, dəyişdirilibsə, nə vaxt və harada;

- ərizə verənədək bağladığı nikahlar və onların pozulması haqqında məlumat (kimlə nikah bağlanıb və ya pozulub, nə vaxt və harada);

- övladları (soyadı, adı, atasının adı, doğulduğu vaxt və yer);

- xarici ölkədən deportasiya olunmuşdursa, hansı ölkədən, nə vaxt;

- şəxsiyyətini təsdiq edən sənəd (seriyası, nömrəsi və verilmə tarixi).

Həmin qaydalara uyğun olaraq ərizəyə tələb olunan sənədlər də əlavə olunur və qeydiyyat şöbəsinə təqdim edilir.

İcra sənədinin icraya yönəldilməsi haqqında məlumat verməyinizi xahiş edirəm. İcra məmuru icraata nə vaxt başlamalıdır və bu haqda qərardan haraya şikayət vermək olar?

Sevinc BAXIŞOVA, Bakı şəhəri.

- Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri ölkə ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. "İcra haqqında" qanunun 8-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir.

İcra sənədi qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.

İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir.

Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir (8.2. maddə).

İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir.

Əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır.

Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra, 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər.

Çoxuşaqlı anayam. 18 yaşına çatmayan 6 uşağım var. Sonuncu uşağımın bu yaxınlarda 1 yaşı tamam olub. Eşitmişəm ki, 5-dən çox uşağı olan qadınlara uşaqlara görə aylıq müavinət verilir. Bilmək istəyirəm ki, həmin müavinət 6 uşağın hər biri üçün verilməlidir, yoxsa yalnız 5-ci uşaqdan sonrakı uşağa görə ödənilməlidir?

 

Gülçin MƏMMƏDOVA, Quba rayonu, Çayqışlaq kəndi.

 

- "Sosial müavinətlər haqqında" qanunun 7-ci maddəsində müavinətlərin təyin edilməsi şərtləri göstərilmişdir.

Həmin maddəyə 29 oktyabr 2013-cü il tarixli Qanunla 7.0.10-3-cü maddə əlavə edildi. Burada deyilir: "Beşdən çox uşağı olan qadınlara müavinət - beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərtilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda".

Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi isə 27 dekabr 2013-cü il tarixli Fərmanla müəyyən edildi. Fərmana əsasən, beşdən çox uşağı olan qadınlara müraciətin məbləği hər uşaq üçün 30 manat müəyyən edilmişdir.

Sonuncu uşağının bir yaşı tamam olduqdan sonra həmin müavinəti almaq hüququnuz yaranır. Çünki qeyd etdiyimiz maddənin tələbinə görə müavinəti təyin etmək üçün:

1) uşaqların sayı beşdən çox olmalı, 2) uşaqların  hamısı sağ olmalı, 3) altıncı uşağın bir yaşı tamam olmalıdır.

Bu müavinəti almağa hüququnuz yarandığı gündən yaşadığınız rayon üzrə ƏƏSMM-ə müraciət etməyinizi məsləhət görürük. Uşaqların doğum haqqında şəhadətnamələrini və şəxsiyyət vəsiqələrini təqdim etməklə hər uşağa görə bu gün üçün müəyyən edilmiş 30 manat məbləğində sosial müavinəti ala bilərsiniz.

Qeyd edək ki, müavinət uşağın 18 yaşı tamam olan ayın sonunadək veriləcəkdir (“Sosial müavinətlər haqqında” qanun, maddə 9.1.10).

 

Anadangəlmə gözlərimdən birinci qrup əlil olmaqla 140 manat təqaüd alıram. Məlumdur ki, mənə kiminsə baxıb qulluq etməsinə böyük ehtiyacım var. Bilmək istəyirəm, mənə baxıb qulluq edənə dövlət tərəfindən qəyyumluq haqqı verilməlidirmi?

 

Abasət HACIYEV, Saatlı rayonu.

- "Əmək pensiyaları haqqında" qanunun 13.1. maddəsinə əsasən, I qrup gözdən əlillərə əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin 200 faizi miqdarında müəyyən edilmişdir.

Həmin qanunda I qrup əlillərə qulluq edn şəxslər üçün qulluq üçün də ödəniş nəzərdə tutulmuşdur. 19.2.2. maddəyə əsasən, I qrup əlillərə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə hesablanır ki, bu, I qrup gözdən əlillərə də aiddir.

Siz əlilliyə görə əmək pensiyası və ya ƏƏSMN tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilən müavinət aldığınızı bildirmirsiniz. Lakin qeyd etdiyiniz "140 manat təqaüd alıram" ifadəsindən məlum olur ki, aldığınız əmək pensiyası yox, sosial müavinətdir. Belə ki, "Sosial müavinətlər haqqında” qanunun 7.0.3. maddəsinə uyğun olaraq əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda ona əlilliyə görə müavinət təyin olunur.

Həmin müavinətlər Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir və mütəmadi olaraq artırılır - sonuncu belə fərman 2016-cı ilin 19 yanvar tarixində verilmiş və I qrup əlillərə (I qrup gözdən əlillər də buraya daxildir) 73, 70 manat müavinət müəyyən edilmişdir. Əlavə olaraq I qrup əlillər üçün 25 yanvar 2016-cı il tarixli Fərmanla 66 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Beləliklə, əmək pensiyası hüququ olmayan I qrup əlillər ümumilikdə əlilliyə görə 140 manat 70 qəpik mədləğində dövlət büdcəsinin vəsaiti hesabına ödənilən müavinət almaq hüququna malikdirlər.

Lakin "Əmək pensiyaları haqqında” qanundan fərqli olaraq "Sosial müavinətlər haqqında" qanunda I qrup əlillərə, o cümlədən də I qrup gözdən əlillərə qulluq edən şəxslərə qulluq üçün əlavə ödəniş nəzərdə tutulmamışdır. Buna görə də Sizin aldığınız 140 manat 70 qəpik müavinətin üzərinə heç bir əlavə ödənilməməsi düzgündür.