Hüquqlarınızı bilin


Baxıldı : 181

Tarix : 2017-07-28 20:30:07


Deyirlər ki, istidə  açıq havada işləyən işçilərin işləri dayandırılır. Bu hansı temperaturda olur? Küləkdə də işi dayandırırlarmı?

Baxış MƏMMƏDOV,

Sumqayıt şəhəri

 

- Bəli, Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, işçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində  işləyərkən onlara fasilələr verilir və iş dayandırılır.

Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir.

İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

Əməyin mühafizəsinin təmin edilməsi məqsədilə Əmək Məcəlləsinin 233-cü maddəsində nəzərdə tutulmuş hallarda iş dayandırıldıqda işçi başqa işə keçirilə bilər. Bu halda işçi azmaaşlı işə keçirilərsə, onun əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanılır.

İşçilərə fasilələr verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havanın temperaturu və küləyin gücü Əmək Məcəlləsinə 2-ci əlavədə nəzərdə tutulmuşdur. Həmin Əlavəni olduğu kimi veririk:

İlin soyuq vaxtında açıq havada və ya isidilməyən örtülü binalarda, habelə isti havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri

1. Havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir.

2. Küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır.

3. Tikinti işləri görüldükdə aşağıdakı hallarda işlər dayandırılır:

3.1. küləyin gücü 2 baldan artıq olduqda - kranlar qurulması üzrə quraşdırma işləri;

3.2. küləyin gücü 3 baldan artıq olduqda - qaldırıcıların quraşdırılması və sökülməsi işləri;

3.3. küləyin gücü 6 baldan artıq olduqda - taxta-şalban işi, habelə taxta-şalbanın sökülməsi;

3.4. küləyin gücü 3 baldan artıq olduqda - daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri.

4. Dənizdə işləyərkən aşağıdakı hallarda işlər dayandırılır:

4.1. küləyin gücü 4 baldan artıq olduqda - ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə işləri;

4.2. küləyin gücü 4 baldan artıq olduqda - daimi dəniz özülləri və estakadayanı meydançaların yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işləri;

4.3. küləyin gücü 8 baldan artıq olduqda - qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işlər;

4.4. küləyin gücü 6 baldan artıq olduqda - daimi dəniz özüllərində istismar edilən quyularda işlər;

4.5. küləyin gücü 6 baldan artıq olduqda - daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işləri;

4.6. küləyin gücü 8 baldan artıq olduqda - özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki işlər;

4.7. küləyin gücü 8 baldan artıq olduqda - özülün və ya estakadayanı meydançanın döşəməsi altındakı işlər;

4.8. küləyin gücü 4 baldan artıq olduqda - qaynaq tikişinin aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işləri;

4.9. küləyin gücü 3 baldan artıq olduqda - qaynaq tikişinin şaquli vəziyyətində qoyulduğu bütün növ qaynaq işləri;

4.10. küləyin gücü 3 baldan artıq olduqda - qaynaq tikişinin tavan vəziyyətdə qoyulduğu bütün növ qaynaq işləri;

4.11. küləyin gücü 5 baldan artıq olduqda - ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə işləri;

4.12. küləyin gücü 4 baldan artıq olduqda - estakada tikən kranla quraşdırma işləri;

4.13. küləyin gücü 5 baldan artıq olduqda - kopyor vasitəsilə dayaqlar vurulması işləri;

4.14. küləyin gücü 4 baldan artıq olduqda - dəniz neft-mədən qurğularının sökülməsi işləri;

4.15. küləyin gücü 5 baldan artıq olduqda - daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi) işləri;

4.16. küləyin gücü 5 baldan artıq olduqda - traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi işləri;

4.17. küləyin gücü 5 baldan artıq olduqda - estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri;

4.18. küləyin gücü 10 baldan artıq olduqda - quyunun yuyulması işlərindən başqa buruqda bütün işlər.

5. Havanın temperaturu Selsi ilə mənfi 10 dərəcə və daha aşağı olduqda və eyni zamanda küləyin gücü 3 baldan artıq olduqda açıq havada bütün növ işlər dayandırılır və ya işçilərə isinmək üçün fasilələr verilir.

6. İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur.

7. İlin soyuq vaxtında örtülü, lakin isidilməyən binalarda temperatur Selsi ilə müsbət 14 dərəcədən aşağı olduqda, işçilərə fasilələr verilir və ya iş dayandırılır.

8. İşlərin dayandırılması və isinmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqı təşkilatlarının birgə qərarı ilə həyata keçirilir.

 

Çalışdığım müəssisədə 5 aydır əməkhaqqı verilmir. Əməkhaqqının zavod tərəfindən gecikdirilməsi qanunla necə tənzimlənir? Onu da qeyd edim ki işlədiyim zavod təsərrüfathesablıdir. Bildiyimə görə, əməkhaqqının zavodun mühasibatlığı tərəfindən gecikdirilməsi hər bir iş günü üçün 1% əməkhaqqının üstünə gəlməlidir. Bu, doğrudurmu və qanunla necə tənzimlənir?

Anar QARAYEV,

Bakı şəhəri.

 

- ƏM-in 154-cü maddəsinə əsasən, əməkhaqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əməkhaqqının verilməsi müddətləri də adıçəkilən Məcəllə ilə müəyyənləşdirilir. 172-ci maddəyə əsasən, aylıq əməkhaqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əməkhaqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əməkhaqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.

Əməkhaqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.

Əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə Əmək Məcəlləsinin "Əmək mübahisələri" bölməsində nəzərdə tutulan qaydada həll edilir.

Qeyd edək ki, "işəgötürənin təqsiri üzündən gecikdirildikdə" dedikdə, əməkhaqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əməkhaqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əməkhaqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

 Çalışdığınız müəssisədə işəgötürənlə əmək müqaviləsi bağlamısınızsa, onda qeyd edilən maddənin tələbləri sizə şamil ediləcək. Podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə isə ƏM şamil edilmir (ƏM, maddə 6).

 

Dövlət orqanlarının birində dövlət qulluğunda çalışıram. Başqa bir müəssisədə işə düzəlmişəm. Amma bu barədə birinci iş yerimdə heç kimə deməmişəm. Necə olubsa öyrəniblər və rəhbərliyə də bildiriblər. İndi kadrlardan mənə deyirlər ki, sənə 30 gün müddət veririk, ya o işini seç, ya da buranı, bu, düzgündürmü? Qanunvericilikdə dövlət qulluqçusuna başqa hansı məhdudiyyətlər nəzərdə tutulub?

Esmira VƏLİYEVA,

Bakı şəhəri.

- İş yerində Sizə haqlı irad tutublar. Siz iki işdən birini seçməli olacaqsınız. Qanunvericilikdə olan digər məhdudiyyətlər də Sizi maraqlandırdığına görə “Dövlət qulluğu haqqında” qanunda təsbit edilmiş məhdudiyyətləri bütövlükdə nəzərinizə çatdırırıq:

 Maddə 20. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər

 20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur:

 20.1.1. dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa;

 20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa;

 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa;

 20.1.4. dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə;

 20.1.5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə;

 20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə;

 20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə;

 20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə.

20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz.

20.3. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir.