Hüquqlarınızı bilin


Baxıldı : 160

Tarix : 2017-08-04 20:33:01


Qarabağ veteranıyam. Bilmək istəyirəm, əgər Qarabağ veteranı işləyirsə, işlədiyi müəssisədən onun aldığı əməkhaqqı əlavə güzəştlə hesablanırmı? Yəni ona hansı imtiyazlar verilir?

 

Eldəniz QULİYEV,

Şirvan şəhəri.

- Vergi Məcəlləsinin 98.1. maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Gəlir vergisinin dərəcələri də adıçəkilən Məcəllə ilə dəqiqləşdirilmiş (maddə 101), gəlir vergisindən azadolmalar və güzəştlər də qanunvericilikdə nəzərdə tutulmuşdur.

Məcəllənin 102.1.6. maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 30000 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Aylıq gəlirinizin hansı məbləğdə olduğunu ehtimal edərək bildiririk ki, bu gün üçün ölkə üzrə yaşayış minimumu 155 manatdır. Yəni bütün fiziki şəxslər kimi, aylıq gəlirinizdən 155 manat çıxılmalıdır. Lakin bəzi kateqoriya fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri bu azadolmadan əlavə, həm də müəyyən məbləğdə azaldılır. Müharibə veteranları da bu kateqoriya şəxslərdəndir.

Məcəllənin 102.2.7. maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Belə ki, sizin hər hansı muzdlu işdən əldə etdiyiniz aylıq gəlirdən 555 manat (102.1.6. maddədə qeyd olunan ölkə üzrə yaşayış minimumu və 102.2.7. maddədə qeyd olunan 400 manat toplanır) çıxılmalı, qalan məbləğdən gəlir vergisi tutulmalıdır. Nəzərinizə çatdırırıq ki, bu vergi güzəştləri hüququ qanunvericilikdə müəyyən edilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir (maddə 102.8.).

 

Son vaxtlar mətbuatda tez-tez "Publik hüquqi şəxs" ifadəsinə rast gəlirəm. "Publik hüquqi şəxs" nədir, kim tərəfindən yaradılır?

 

Ceyhun ƏSƏDOV,

Bakı şəhəri.

 

- Publik hüquqi şəxslər uzun müddətdir bir sıra Avropa ölkələrində fəaliyyət göstərir. Hazırda bəzi MDB ölkələrində də bu cür hüquqi şəxslər var. Ölkə Prezidenti tərəfindən 29 dekabr 2015-ci ildə "Publik hüquqi şəxslər haqqında "Azərbaycan Respublikasının Qanunu imzalanmış və həmin Qanun mətbuatda dərc olunaraq qüvvəyə minmişdir. Qanunun 2.2. maddəsinə əsasən, publik hüquqi şəxs - dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır.

Əgər nizamnaməsində nəzərdə tutulmuşsa, publik hüquqi şəxslərin özləri tərəfindən də publik hüquqi şəxslər yaradıla bilər. Nizamnaməsində nəzərdə tutulduğu halda həmçinin təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər. Publik hüquqi şəxs yalnız nizamnaməsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul ola bilər.

Publik hüquqi şəxslər dövlət orqanları və bələdiyyəyər tərəfindən yaradılsa, təsis edilsə də,  bu təsisçilər qanunvericikliklə onlara verilmiş hüquq və vəzifələri yaratdıqları publik hüquqi şəxslərə ötürə bilməzlər.

Publik hüquqi şəxs "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir.

Publik hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olmaqla mülki vəzifələr daşıyır və publik hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

Artıq respublikamızda publik hüquqi şəxslər fəaliyyət göstərir. İlk yaradılan publik hüquqi şəxslərdən biri də Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasıdır.

 

 

Podrat müqaviləsi ilə işləyirəm. Deyirlər ki, əmək məzuniyyəti 6 ay işlədikdən sonra verilir. 11 aydan çoxdur işləməyimə baxmayaraq, məzuniyyət vermirlər. Mənə məzuniyyət düşmürmü?

 

Səba ƏLİYEVA,

Gəncə şəhəri.

 

- ƏM-in 110-cu maddəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq həmin Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

Məcəllənin 131-ci maddəsinə əsasən isə, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən azı altı ay işlədikdən sonra əmələ gəlir.

Qanunvericiliyin tələbindən göründüyü kimi, həm işlədiyin müddətdə məzuniyyətdən istifadə etmək üçün, həm də işin birinci ili 6 aydan sonra məzuniyyət hüququnun yaranması üçün əmək müqaviləsinin bağlanması zəruridir.

Adıçəkilən Məcəllənin 6-cı maddəsində həmin Məcəllənin şamil edilmədiyi şəxslərin dairəsi müəyyən edilmişdir. Maddənin "d" bəndinə əsasən, podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquq müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə ƏM şamil edilmir.

Siz podrat müqaviləsi ilə işlədiyiniz üçün ƏM-də müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququnuz yoxdur.

 

Dövlət qulluqçusuyam. Fikrim soruşulmadan məni işlədiyim təşkilatda başqa şöbəyə keçirdiblər. Etiraz edəndə bildirdilər ki, hər iki şöbədə vəzifə, əməkhaqqı eynidir. Ona görə sənin razılığın tələb olunmur, bu, doğrudurmu?

 

Fərman NƏBİYEV,

Sumqayıt şəhəri.

 

- Dövlət qulluğunda çalışmayan işçilərin başqa işə keçirilməsi yalnız onların razılığı ilə həyata keçirilir. Belə ki, Əmək Məcəlləsinin 59-cu maddəsnə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Amma “Dövlət qulluğu haqqında” qanunda belə tələb qoyulmayıb. Qanunun 21.3. maddsində göstərilmişdir ki, dövlət qulluqçusu yalnız aşağımaaşlı vəzifəyə keçiriləndə onun razılığı tələb olunur. Digər hallarda isə işçinin razılığı tələb olunmur

 Sorğunuzdan da aydın olur ki, vəzifəniz və əməkhaqqınız olduğu kimi qalır. Ona görə də dövlət orqanının rəhbərinin əmrində qanunpozuntusu yoxdur.

 

İş yerimdə təzəlikcə ixtisara düşmüşəm. İşə düzəlmək üçün sənədlərimi başqa bir zavoda verdim. Məndən məhkumluğumun olmaması barədə arayış gətirməyimi tələb etdilər. Bu, düzgündürmü? Qanunla hansı sənədlər təqdim edilməlidir?

Səfər NƏBİYEV,

Sumqayıt şəhəri.

- Əmək Məcəlləsinin 48-ci maddəsində əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər dəqiq göstərilmişdir. Maddəni olduğu kimi təqdim edirik:

Maddə 48. Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər

1. Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir.

2. Əmək müqaviləsinin bağlanması işçinin müvafiq yaşayış məntəqəsində qeydiyyatının olub-olmaması ilə şərtləndirilə bilməz.

3. Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər.

4. Əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənəd təqdim edilir.

5. İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər. Belə əmək şəraitli peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Şəxslər insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşələrə və vəzifələrə qəbul edilərkən insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən, işlədiyi müddətdə isə vaxtaşırı həmin müayinədən keçməlidirlər.

6. Əmək münasibətlərinə girən işçidən bu Məcəllədə nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.