Hüquqlarınızı bilin


Baxıldı : 121

Tarix : 2017-08-18 23:36:20


6 övladı olan nənəm ölümündən əvvəl özünə məxsus olan əmlakı, o cümlədən həyətyanı torpaq sahəsini, fərdi yaşayış evini və özəl torpaq payını  bir nəfərə - onunla birlikdə yaşayan və ona qulluq edən oğluna çatacağı barədə vəsiyyətnamə qoymuşdur.

Vəsiyyətnamə üzrə vərəsədən savayı, digər 5 övladın mirasdan pay almaq hüququ vardırmı və bu paylar hansı nisbətdə olmalıdır?

 

Şahin SEYİDOV,

Quba rayonu.

 

- Ölmüş şəxsin əmlakının, bununla bağlı hüquq və vəzifələrin vərəsələrə hansı yolla keçməsi Mülki Məcəllə ilə tənzimlənir. Məcəllənin 1133.1. maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

Miras qoyanın öldüyü gün mirasın açıldığı gün sayılır. Qeyd edək ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (MM, maddə 1151.1.).

Mülki qanunvericilikdə qanun üzrə bərabər pay hüquqlu vərəsələrin 5 növbəsini müəyyən etmişdir. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad, ər) valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsələr hesab edilirlər (MM, maddə 1159.1.1.).

Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər (MM, maddə 1166).

Lakin ölənin vəsiyyətnamə tərtib edərək əmlakını vərəsələrdən birinə və ya kənar şəxsə vəsiyyət etməsi digər qanuni vərəsələri məcburi pay almaq hüququndan məhrum etmir. MM-in 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

Qeyd edək ki, qanunvericilik məcburi pay almaq hüququndan məhrum etməni də müəyyən etmişdir. Adıçəkilən Məcəllənin 1203-cü maddəsinə əsasən, məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.

Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra dəbul edildiyi halda da bu cür nəticə baş verir.

Əgər nənəniz qanun üzrə olan hər hansı vərəsə haqqında məhkəməyə müraciət etməmişsə və məhkəmənin bu haqda qərarı yoxdursa, onda miras əmlakda yalnız adına vəsiyyətnamə tərtib edilmiş onunla birgə yaşayan və ona qulluq edən oğlunun yox, digər övladlarının da məcburi pay haqqı vardır.

Məcburi paydan imtina və ona çatan miras payın başqa vərəsələrə verilməsi ilə bağlı sualınızı MM-in 1202-ci maddəsi ilə cavablandıraraq bildiririk ki, məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir.

Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.

Məktubunuzda qeyd etdiyiniz vərəsələrdən hər hansı biri və ya hamısı məcburi paydan imtina edə bilər. Bu halda qeyd etdiyimiz maddəyə uyğun olaraq onlara çatası məcburi pay haqqı adına vəsiyyətnamə yazılan vərəsəyə keçəcək.

Vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar nəzərinizə çatdırırıq ki, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Belə şəhadətnamələr vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt ərzində verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

MM-in 1325-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

Əlavə olaraq bildiririk ki, nənənizin adına vəsiyyətnamə yazdığı oğlunun 3 nəfərdən idarət ailə üzvünün - həyat yoldaşının, yetkinlik yaşında 1 uşağının və 18 yaşına çatmamış uşağının heç birinin məcburi pay haqqı yoxdur. Çünki kimlərin mirasda məcburi payının olması haqqında MM-in 1193-cü maddəsində danışılır ki, bunu da yuxarıda qeyd etmişik.

Sualınızın bir hissəsi isə miras qoyulan əmlakın hüquqi statusu haqqındadır. Həmin məsələ ilə əlaqədar müvafiq orqanlara müraciət etməyiniz tövsiyə olunur.

Qeyd etdiyiniz Texniki Pasport, Dövlət Aktı, Mülkiyyət Hüququna dair Çıxarış mülkiyyət münasibətlərində əsas sənədlərdir və bunlarsız sorğunu cavablandırmaq əsaslı olmaya bilər.

 

 

Məhkəmədə mülki işimiz var. Bir dəfə ekspertiza təiyn edilib. İndi isə digər tərəfin vəkili kompleks ekspertiza aparılmasını istəyir. Bu necə ekspertizadır? Neçə cür ekspertiza var? Məlumat verməyinizi xahiş edirəm

 

Şəmsi QAFAROV,

Sumqayıt şəhəri.

 

- “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanunun 15-ci maddəsinə əsasən, məhkəmə ekspertizasının aşağıdakı növləri var:

1) ilkin məhkəmə ekspertizası;

2) əlavə məhkəmə ekspertizası;

3) təkrar məhkəmə ekspertizası;

4) komission məhkəmə ekspertizası;

5) kompleks məhkəmə ekspertizası.

İş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edildikdə, həmin məsələnin aydınlaşdırılması məqsədilə birinci dəfə təyin edilən ekspertiza ilkin məhkəmə ekspertizası adlanır.

İş üçün əhəmiyyətli olan halların aydınlaşdırılması müxtəlif bilik və ya elm sahələri, yaxud biliyin bir sahəsi daxilində müxtəlif üsullar sistemi əsasında yalnız bir neçə tədqiqat aparılmaqla həyata keçirilə bildikdə, kompleks məhkəmə ekspertizası təyin edilir.

Kompleks məhkəmə ekspertizasının aparılmasında iştirak edən ekspertlərin rəyində hər bir ekspertin apardığı tədqiqatın növü və həcmi, müəyyən etdiyi faktlar və əldə etdiyi nəticələr göstərilir. Hər bir ekspert onun tərəfindən aparılmış tədqiqatı əks etdirən hissəsində rəyi imzalayır və ona görə məsuliyyət daşıyır.

Alınmış nəticələrin qiymətləndirilməsində və yekun nəticənin formalaşdırılmasında ekspertlər ümumi nəticəyə gəlirlər. Əgər ümumi nəticənin əsasını bir və ya bir neçə ekspert tərəfindən müəyyənləşdirilən faktlar təşkil edirsə, bu, rəydə öz əksini tapmalıdır.

 

Dövlət qulluğunda çalışıram. Əmrin vacibliyi nəzərimə çatdırılsa da, dövlət orqanının rəhbərinin yazılı əmrini  yerinə yetirməmişəm. Belə hadisə bir neçə dəfə təkrar olunub. Ona görə də mənə töhmət veriblər. Bu, düzgündürmü?

Füruz XASIYEV,

Gəncə şəhəri.

 

 

- “Dövlət qulluğu haqqında” qanunun 18.0.2. maddəsinə əsasən, rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirmək dövlət qulluqçusunun əsas vəzifələrindəndir.

Qanunun 25-ci maddəsi ilə dövlət qulluqçusunun məsuliyyəti müəyyən edilmişdir. Həmin maddəyə görə, dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur.

Dövlət qulluqçusu qanunun 18-ci maddəsində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər:

- töhmət;

- bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması;

- həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi;

- daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi;

- ixtisas dərəcəsinin bir pillə aşağı salınması;

- dövlət qulluğundan azad edilməsi.

İntizam tənbehinin tətbiqinə əsaslar olduqda müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur.

Dövlət qulluqçularına intizam tənbehi əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir.

Dövlət qulluğundan azad edilmə intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə tətbiq oluna bilər.

Onu da qeyd etmək lazımdır ki, intizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən narazı qalan şəxs onun imzalandığı gündən 7 iş günü müddətində şikayət verə bilər.

 

 

Lotereyası udan şəxsin hansı hüquqları var, mübahisə yaranarsa məhkəməyə müraciət edə bilərmi?

 

Nəsimi FEYZULLAYEV,

Sumqayıt şəhəri.

 

- "Lotereyalar haqqında" qanunun 11-ci maddəsinə əsasən, lotereya iştirakçısı aşağıdakı hüquqlara malikdir:

- lotereyada hüquqlarının və qanuni maraqlarının müdafiəsi məqsədilə şikayətlə maliyyə bazarlarına nəzarət orqanına və ya məhkəməyə müraciət etmək;

- lotereyanın şərtlərində nəzərdə tutulduğu halda uduşların ödənilməsi zamanı qeyri-pul uduşlarının əvəzinə onların pul ekvivalentinin ödənilməsini lotereya təşkilatçısından tələb etmək;

- lotereya barədə " Lotereyalar haqqında "  qanunla müəyyən edilmiş qaydada məlumat almaq;

- qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlara.