Hüquqlarınızı bilin


Baxıldı : 39

Tarix : 2017-09-23 00:53:38


Soyad sonluğunun dəyişdirilməsi neçə yaşdan sonra ola bilər? Bunun üçün ərizəni haraya vermək lazımdır? Nə qədər rüsum ödənilir?

 

Ramiz MƏMMƏDOV,

Bakı şəhəri.

 

- Soyad sonluğuna dəyişiklik edilməsi məsələsi "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi" Qaydalarında tam dolğun əks olunmuşdur.

Hər bir vətəndaş 18 yaşına çatdıqda ərizə ilə soyad sonluğuna dəyişiklik edə bilər. 18 yaşına çatmayanların soyadının sonluğu onların valideynlərinin, eyni zamanda övladlığa götürənlərin, qəyyum və ya himayəçilərin razılığı ilə dəyişdirilir. Qaydaların 5.2. bəndinə əsasən, əgər hər iki valideynin soyadının sonluğu dəyişdirilibsə, onda 18 yaşına çatmayanların soyadı bu əməliyyatı aparan vəzifəli şəxs tərəfindən ərizə qəbul edilmədən aparılır. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız uşağın öz razılığı ilə aparılır.

Soyad sonluğunun dəyişdirilməsi üçün ərizə ilə vətəndaş ya yaşayış yeri üzrə, ya da müvafiq aktın qeyd olunduğu yer üzrə qeydiyyat şöbəsinə müraciət etməlidir. Əgər müvafiq akt qeydinin olduğu qeydiyyat şöbəsinə müraciət olunubsa, onda soyadın sonluğuna dəyişiklik edilərək yeni şəhadətnamə verilir və əvvəlki şəhadətnamə ləğv edilir. Əgər müvafiq akt digər qeydiyyat şöbəsindədirsə, onda yeni şəhadətnamənin göndərilməsi üçün ərizə həmin qeydiyyat şöbəsinə göndərilir. Qaydaların 5.6. bəndinə əsasən, akt qeydlərinin olduğu yerin qeydiyyat şöbəsi daxil olmuş ərizə əsasında 15 gün müddətində akt qeydlərinə zəruri dəyişiklik edir və şəhadətnaməni ərizəni qəbul etmiş qeydiyyat şöbəsinə göndərir. Vətəndaş şəhadətnaməni ərizə verdiyi qeydiyyat şöbəsindən imza edərək götürür.

Qeyd edək ki, soyad sonluğuna dəyişiklik edilməsi, həm şəxs yetkinlik yaşına çatmamış, həm də yetkinlik yaşına çatdıqdan sonra edilir. Lakin soyadın sonluğunun dəyişdirilməsinə yetkinlik yaşına çatdıqdan sonra ancaq bir dəfə yol verilir, həmin şəxs soyad sonluğunu təkrarən dəyişə bilməz.

Soyad sonluqlarının dəyişdirilməsi üçün dövlət rüsumu ödənilmir.

 

Həyat yoldaşım 1992-ci ildə Qarabağ döyüşlərində şəhid olub. Ölümündən sonra ona polkovnik rütbəsi verilmişdir. Eşitdiyimə görə o, dövrdə cəbhədə vuruşan Qarabağ Müharibəsi iştirakçılarına sığorta pulu ödəyirlər. Bilmək istəyirəm ki, belə bir məsələ varmı? Əgər varsa, şəhid ailəsi kimi bizə də verilməlidirmi və bunun üçün hansı sənədlər hazırlanmalıdır? Bu barədə hansı təşkilatlara müraciətlərin olmasına bir daha aydınlıq gətirməyinizi xahiş edirəm.

 

Xavər ƏSGƏROVA,

Oğuz rayonu.

 

- "Hərbi qulluqçuların statusu haqqında” qanunun 27-ci maddəsində deyilir: "Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər.

Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərin sosial təminatına dövlət zəmanət verir".

Hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə 1997-ci ildə "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanun qəbul edildi. Bu qanun onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığorta qaydalarını və şərtlərini müəyyən edir.

Adıçəkilən Qanunun 3-cü maddəsinə əsasən, hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır.

2006-cı ildə Qanuna edilən dəyişikliyə qədər 4-cü maddəyə əsasən, hərbi qulluqçu qanunvericiliklə müəyyən edilmiş minimum əməkhaqqının min misli məbləğində sığorta edilirdi. Dəyişiklikdən sonra sığorta məbləğinin miqdarı on bir min manat müəyyən edildi.

Qeyd edək ki, müəyyən edilmiş sığorta məbləğinin hansı hallarda 100% verilməsi də Qanunla tənzimlənir. 5-ci maddəyə əsasən, sığorta məbləği -

a) sığortaolunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100 faiz;

b) sığortaolunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə - 100 faiz;

c) sığortaolunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) - 100 faiz miqdarında ödənilir.

Hərbi qulluqçunun həlak olması (ölməsi) halında sığorta ödənişinin alınması üçün onun vərəsələri dövlət sığorta orqanlarına, yaxud yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizə və şəxsiyyəti təsdiq edən sənədlə müraciət etməlidir. Bu zaman aşağıdakı sənədlər də təqdim olunur:

- sığortaolunanın ölümü haqqında şəhadətnamə ("ölüm haqqında şəhadətnamə);

- vərəsəlik hüququnu təsdiq edən sənəd.

Sığortaolunanın ölümü halında sığorta məbləğinin alınması üçün heç bir müddət məhdudiyyəti qoyulmamışdır.

"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsinin 28.01.2014-cü il tarixli qərarına əsasən, "AR Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" AR-ın 20 may 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir".

Buna əsasən, Siz hərbi qulluqçu olan həyat yoldaşınızın ölümündən sonra sığorta məbləğini almamısınızsa, onda yuxarıda qeyd etdiyimiz sənədlərlə birlikdə yaşadığınız ərazi üzrə dövlət sığorta orqanının yerli bölmələrinə qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləğinin (on bir min manat) alınması üçün müraciət edə bilərsiniz.

 

Yoldaşımla məhkəmə qaydasında ayrılmışıq. Pensiya almıram, maddi yardıma ehtiyacım var. Eşitmişəm ki, belə halda keçmiş ərim mənə aliment ödəməlidir. Qadınların hansı hallarda keçmiş həyat yoldaşından aliment ala bilməsini izah etməyinizi xahiş edirəm.

 

Şəbnəm VƏLİYEVA,

Bakı şəhəri.

 

- Ailə Məcəlləsində valideynlərin uşaqlar qarşısında hüquq və vəzifələri müəyyən edildiyi kimi, ər-arvadın bir-birinə maddi cəhətdən kömək etməsi məsələsi də tənzimlənir. Belə kömək həm nikah dövründə, həm də nikah pozulduqdan sonra olunmalıdır.

Yoldaşınızla nikahınızın pozulduğunu nəzərə alıb nikah pozulduqdan sonra keçmiş ərin Sizə aliment ödəməli olduğu halları nəzərinizə çatdırırıq.

Ailə Məcəlləsinin 85-ci maddəsinə əsasən, aşağıdakı şəxslər nikah pozulduqdan sonra keçmiş ərdən aliment tələb etmək hüququna malikdirlər:

- hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad (maddə 85.1.1.).

- sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı I qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş arvad (maddə 85.1.2.);

- nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş arvad (maddə 85.1.3.);

- ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş arvad (maddə 85.1.4.)

Alimentin ödənilməsi haqqında keçmiş ər-arvad arasında saziş bağlana bilər. Əgər saziş olmazsa, onda aliment məhkəmə qaydasında tutulur. Bu zaman qanunvericiliyin yuxarıda qeyd etdiyimiz tələbləri ilə yanaşı, bəzi xüsusatlar da nəzərə alınır. Adıçəkilən Məcəllənin 86-cı maddəsinə əsasən,  məhkəmə qaydasında keçmiş arvada ödənilməli olan alimentin miqdarı keçmiş ərin ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

Nəzərinizə çatdırırıq ki, qanunvericilikdə keçmiş ərin arvadı saxlamaq vəzifəsindən azad edilməsi və ya bu vəzifənin müddətlə məhdudlaşdırılması halları da nəzərdə tutulmuşdur.

 

 

Bu yaxınlarda "İşsizlikdən sığorta haqqında" qanun qəbul edildi. İşsizlikdən sığorta üçün əməkhaqqından neçə faiz tutulacaq?

 

Şakir ƏLİYEV,

Sumqayıt şəhəri.

- Birinci növbədə qeyd edək ki, bu Qanunun əsas məqsədi sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsi, işsizliyin yaranması hallarının aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərin görülməsi və bu yolla da əhalinin sosial müdafiəsinin gücləndirilməsidir. Qanun 2018-ci il yanvar ayının 1-dən qüvvəyə minir.

İşsizlikdən sığorta üzrə Sığorta Tarifləri qanunun 9-cu maddəsində göstərilmişdir. Bu sığorta tarifləri faiz dərəcələri ilə müəyyən edilir.

- sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə - hesablanmış əməyin ödənişi fondunun 05 faizi (9.0.1. maddə);

- sığortaolunan tərəfdən ödənilən sığorta haqqı üzrə - işçinin əməkhaqqının 0,5 faizi (9.0.2. maddə).